Hədisləri inkar edənlərin iddia və suallarına cavablar...

İddia:
Hədislərin sayının bir milyon olduğunu deyən də var, altı yüz min olduğunu deyən də var... Bir milyon hədisi kim öyrənə bilər ki, dini tam yaşasın?

Cavab:
Hədislərin sayının niyə bir milyon olduğunu aşağıdakı nümunədən də görmək olar (bu, baş vermiş bir hadisə yox, sadəcə olaraq bir örnəkdir):

Peyğəmbərimiz (əsm) bir məclisdə oturub və oruc barədə söhbət edir. Həmin an burada beş yüz səhabə var. Daha sonra Rəsulullahın bu məclisdəki nitqi hədis olaraq rəvayət edilir. Bu hədisi rəvayət edənlərə Hz. Əbu Hureyrəni, Hz. Ənəs b. Maliki, Hz. Abdullah b. Amr b. Ası, Hz. Əlini, Hz. Aişəni, Hz. Muaz b. Cəbəli misal göstərmək olar. 

Sual: Peyğəmbərimizin məclisdə neçə çıxışı olub? Cavab: Bir dəfə çıxış edib. Sual: Bu çıxışı neçə səhabə ayrı-ayrı rəvayət edib? Cavab: Orada olan 500 səhabədən yüzü rəvayət edib. Sual: Bu halda Rəsulullahın həmin məclisdəki nitqini bildirən neçə hədis var? Cavab: Yüz hədis.

Hədislər sənəd mətn olmaqla iki hissədən ibarət olur. Nümunə:

Bizə Əhməd, ona Elman, ona Nailə, ona Əkbər, ona da müəllim belə deyib: "Uşaqlar, sabah da dərsə hazır gəlin!"

Yuxarıdakı cümləni hədis qəbul etsək, altından xətt çəkilmiş hissə hədisin sənədi, əl yazısı ilə yazılmış hissə isə hədisin mətnidir.

Bir hədisin mətni eyni olsa belə, mətnə bağlı olan sənədlər fərqlənərsə, onda iki fərqli hədis yaranar. Məsələn, "Əməllər niyyətlərə görədir" hədisi 700-dən çox səhabə tərəfindən nəql edildiyindən, hər nə qədər mətnləri eyni olsa da, 700-dən çox "Əməllər niyyətlərə görədir" hədisi vardır.

İmam Buxarinin "Camius-Səhih" kitabında 2000-dən artıq hədis vardır. Lakin vəziyyətə bağlı olaraq bir hədisi bəzən beş, altı, yeddi... yerdə təkrar etdiyindən kitabda 7000-dən artıq hədisin olduğundan danışılır.

Bütün bu izahlardan sonra anlayırıq ki, hədislərin sayı əslində bir milyona və ya altı yüz minə bərabər deyil, ən çoxu yüz minə bərabərdir. Sayım zamanı yaranan müxtəliflik eyni hədis mətninin müxtəlif sənədlərlə rəvayət edilməsindən yaranmışdır. Əgər sadəcə hədislərin mətnləri sayılsa, bunların da səhih (mötəbər) olanlarını götürsək, əlimizdə on mindən az hədis qalar ki, Quranda altı min ayə olduğunu nəzərə alsaq, on min hədisin çoxluğundan şikayət etmək mümkün deyildir.

İddia:
Casiyə surəsinin 6-cı ayəsində belə buyurulub: "Bunlar Allahın ayələridir. Biz onları sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra hansı hədisə inanırlar?" Ayənin ərəbcəsində hədis sözü keçir. Bu ayədə açıqca hədislərin dini dəlil olmadığından bəhs edilir. Necə olur ki, siz bu ayəyə rəğmən hədislərə etibar edirsiniz?

Cavab:
1. Hədis sözünün yeni, xəbər, söz kimi mənaları vardır. Bizim istifadə etdiyimiz hədis ifadəsi isə bir termindir və Hz. Peyğəmbərin sözləri, hərəkətləri və təkrirlərini ifadə edən xəbərlər mənasındadır. Quran-i Kərimin heç bir yerində hədis kəliməsi termin olaraq keçmir, digər mənalarda keçir. Buna görə də mənfi mənada keçən hədis sözlərini hədisləri inkar etmək üçün işlətmək doğru deyildir.

2. Casiyə surəsinin altıncı ayəsi varsa, deməli bunun beşinci və yeddinci ayələri - önü və arxası da var. Ayəni əvvəli ilə birlikdə nəql edək: "Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. Bunlar Allahın ayələridir. Biz onları sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra hansı sözə (hədisə) inanırlar?"

Ayədə keçən onlar əvəzliyi kimi ifadə edir? Bu sualın cavabını yenə altıncı ayədən öyrənirik: Allahın ayələrini inkar edənləri ifadə edir.

Bu ayəni dəlil gətirənlərə bir sualımız var: Biz Allahı və onun ayələrini inkar edən müşriklərik ki, bizə müşriklərdən bəhs edən ayələri oxuyub tənqid edirsiniz?

Əlbəttə, deyilik. Deməli, bu ayədəki hədis ifadəsi termin olaraq yox, söz mənasında işlənmişdir. Əks halda, bizə müşrik - Allahı və onun ayələrini inkar edən damğası vurmalısınız ki, bunun da yanlış olduğu ortalıqdadır.

3. Yenə də israrla Quranda keçən hədis sözlərini söz, xəbər, yeni, xəbərdarlıq mənalarında yox, Hz. Peyğəmbərin sözləri, hərəkətləri və təkrirlərini ifadə edən xəbərlər mənasında başa düşənlər varsa, onda bu ayəyə görə onlar yalançıdırlar və bu ayələr hədislərə inanmağı əmr edir:

Yoxsa bu hədisə inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! (Kəhf, 18/6)

Yuxarıdakı ayənin ərəbcəsində də hədis sözü keçir. Əgər hər hədis kəliməsini termin olaraq anlayırsınızsa, bu ayəyə görə hədislərə etibar etməlisiniz.

Bütün bu izahlardan sonra anlaşılır ki, Quranda "hədis" kəliməsi heç bir yerdə termin olaraq yox, digər mənalarda işlənmişdir. Deməli, bu ayəni və "hədis" sözünün mənfi mənalara gəldiyi digər ayələri işlədərək hədisləri inkar etmək sadəcə olaraq ağılsızlıqdır.

İddia:
Ən səhih hədislər arasında belə ixtilaf olduğu halda hədislərə necə etibar edək? Məsələn, bir hədisdə: "Kim mənə yalan söz isnad eləsə..." - deyildiyi halda, digər hədisdə: "Kim mənə qəsdən yalan söz isnad eləsə..." - buyurulur. Belə ziddiyyətli hədislərə necə inanaq?

Cavab:
Bəzi hədislər sözbəsöz nəql edildiyi halda, bəzilərinin məzmunu nəql edilmişdir. Buna görə də hədis mətnlərində belə ziddiyyət kimi görünən fərqlər meydana gəlmişdir. Bir-birinə zidd kimi görünən hədislər ya birləşdirilərək, ya hansının ən son deyildiyi bilinirsə, ən sonuncusundan istifadə edilərək və s. kimi metodlarla alimlərimiz tərəfindən işlənmişdir.

Yuxarıdakı hədisin bir mətnində "qəsdən" sözünün olub digərində olmaması çox böyük fərq yaratmır. Belə ki, tərkibində "qəsdən" sözü olan hədis rəvayəti ilə insanların bilərək Allah Rəsuluna hədis isnad etmələrinin çox böyük əzaba səbəb olacağı bildirilmişdir. Bu hədisin "qəsdən" sözü işlənməmiş variantı ilə də bilmədən belə olsa, Allah Rəsuluna yalan isnad etməkdən çəkinin mesajı verilmişdir.

Mətndə kiçik fərqlərin yaranmasının məntiqli səbəbləri ola bilər: Məsələn, Peyğəmbərimiz bir yerdə eyni hadisəni bu sözlərlə, başqa zaman və başqa yerdə də həmin hadisəni fərqli sözlərlə ifadə etmiş ola bilər. Onun (əsm) hər çıxışı da ayrı-ayrı rəvayət edildiyindən belə fərqliliklər yaranmışdır.

Hədis mətnlərində olduğu kimi Quranda da bir-birinə zidd olduğu düşünülən ayələr var. Əlbəttə ki, Allahın kəlamında ziddiyyət ola bilməz, bu cür ayələrin açıqlamaları vardır. Eyni şəkildə də səhih hədislər arasında ziddiyyət ola bilməz, bunların ağlabatan izahları vardır. Bir-birinə zidd kimi görünən ayələrə nümunə verək:

Nisa, 4/139 ayəsində belə buyurulmuşdur: "Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur". (فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا

Əgər bütün izzətin Allaha aid olmasının Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəl olduğunu deyirsinizsə, onda bu ayə sizi təkzib edər: 

Münafiqun, 74/8 ayəsində isə belə buyurulmuşdur: "... İzzət Allahın, onun Rəsulunun və möminlərindir..." (وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ)

Bir-birinə zidd kimi görünən bu ayələrin açıqlaması belədir: İzzət tamamilə Allaha məxsusdur. Peyğəmbər və möminlərin izzətə sahib olmaları isə Allahın bunu onlara bəxş etməsi ilədir.

Eyni şəkildə də səhih hədislər arasında ziddiyyət ola bilməz, bunların ağlabatan izahları vardır.

Hədislər əleyhinə bir çox iddia olduğundan hamısını buraya bir anda yerləşdirmək mümkün deyildir. Bu səbəbdən qarşılaşdığınız iddiaları və sizi düşündürən sualları birsualbircavab@gmail.com adresindən bizə göndərə bilərsiniz. Suallarınızın cavabları gec də olsa, buraya əlavə ediləcəkdir.

Gəlin hədisləri inkar edənlərin iddialarına verdiyimiz cavabları burada yekunlaşdıraq və aramızda yaranmış fikir ayrılığını həll etmək üçün Quran-i Kərimin verdiyi tövsiyəyə keçək...