İslamda Ənənəvi Din Anlayışı Nədir? Ənənəvi Din Anlayışına, Yəni 1400 İllik İslam Əqidəsinə Zidd Fikirlərin Haqlılıq Payı Ola Bilərmi? Quranda Ənənəvi Din Anlayışına Müxalifət Etməmək Əmr Edilibmi?

Bir çoxumuz ənənəvi din anlayışı ifadəsindən müsəlmanlarının çoxunun qəbul etdiyi şeylər mənasını anlayırıq. Əslində, İslami ədəbiyyatlarda ənənəvi din anlayışı ifadəsi əvəzinə icma ifadəsindən istifadə olunur. İcma, bir məsələnin doğruluğu və ya yanlışlığı haqqında ümmətin əksər hissəsinin etdiyi ittifaqdır.

Bildiyimiz kimi özlərinə Quran müsəlmanı deyən bir qrup mömin dinimizdə meracın, qəbir əzabının, Peyğəmbərimizin (əsm) şəfaətinin, təvəssülün, Peyğəmbərlərin məsumluğunun, hədislərə ehtiyacın olmadığını iddia edirlər. Onlara: "Bu qədər müsəlman, bu qədər alim min dörd yüz ildən artıqdır yanlış fikirdədir?" - şəklində etiraz edənlərə: "Biz ənənəvi din anlayışına, hədislərə etibar etmir, müsəlmanların əksər hissəsinin bir məsələdə ittifaq etməsini bir dəlil kimi qəbul etmirik, araşdırma aparıb istədiyimizə inanırıq", - deyə cavab verirlər.

Burada belə bir sual yaranır: Ümmət-i Muhəmmədin əksər hissəsinin bir mövzuda ittifaq etməsi o mövzunun həqiqət olduğunun dəlili ola bilərmi? 

Yəni ümmətin əksər hissəsi: "İslamda şəfaət var, dinimizdə qəbir əzabı var, seyyidlik var", - deyirsə, bu fikrə inanmalıyıq? Və ya Quranın: "Ümmətin əksər hissəsinin fikrinə qeyd-şərtsiz uyun, etimad edin!" - şəklində bir əmri vardırmı?

Nisa surəsinin 115-ci ayəsində belə buyurulmuşdur: "Kim ki doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola uyarsa, onu üz tutduğu yolda qoyar və Cəhənnəmə soxarıq. Ora nə pis dönüş yeridir!"

Bu ayənin bəyanı ilə möminlərin yolundan başqa bir yola uymaq haramdır. Haram olan bir şeyi tərk etmək də vacib olduğundan, möminlərin yoluna uymaq da vacibdir. Bundan əlavə ayədə müsəlmanlara Cəhənnəmə getmə səbəblərindən ikisi göstərilmişdir. 

  1. Peyğəmbərə qarşı çıxmaq
  2. Möminlərin yolundan başqa yola uymaq
Bildiyimiz kimi Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaq (Nisa, 4/80) sayılacağından, bunun özü Cəhənnəmə getmək üçün yetərli olardı. Əgər möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbi olmasaydı, Peyğəmbərə qarşı çıxmanın yanında yer almazdı. Çünki təkbaşına Cəhənnəmə girməklə təhdid edən bir səbəbin (Peyğəmbərə qarşı çıxmanın) yanında təhdid edəcək dərəcədə ciddi olmayan bir şeyin (möminlərin yolundan başqa yola uymanın) yer alması bəlağət qaydalarına zidd olar və Quranda yersiz fikirin olduğunu göstərərdi. Halbuki Quran bəlağətin bir incisidir və onda yersiz bir hərf belə yoxdur.

Deməli, həm Peyğəmbərə qarşı çıxmaq, həm də möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbidir, möminlərin yolundan başqa yola uymaq - haqqında yekdil bir fikir olan, ümmətin əksər hissəsinin ittifaq etdiyi bir məsələyə müxalifət etmək haramdır.

Qısacası, Nisa surəsinin 115-ci ayəsi açıq şəkildə möminlərin yolundan başqa yola uymağın, bir məsələnin doğruluğu və ya yanlışlığı haqqında ümmətin əksər hissəsinin etdiyi ittifaqa qarşı çıxmanın haram olduğunu bildirir.

Ali İmran surəsinin 110-cu ayəsində belə buyurulmuşdur: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız".


Bu ayənin bəyanı ilə ümmətin xəta üzərində ittifaqı qeyri-mümkündür, çünki ayənin ifadəsi ilə ümmətin hamılıqla qəbul edib əmr etdiyi işlər yaxşı işlərdir, bunlara itaət vacibdir. 

Hər nə qədər hədisləri inkar edənlər qəbul etməsələr də Peyğəmbərimizin bu mövzudakı səhih bir hədisini də nəql etməkdə fayda görürük:
"Ümmətim dəlalətdə (yanlış bir fikirdə) ittifaq etməz!" (Tabərani, Kəbir, hədis: 3440)
Bütün bu izahlardan sonra görürük ki, bəzilərimiz nə qədər də əksini iddia etsələr də, ənənəvi din anlayışına - icmaya müxalif olmaq, "Mən araşdıracağam, müsəlmanların çoxunun bu məsələni qəbul etmiş olmasından mənə nə?" - demək həm Qurana, həm də sünnətə ziddir.