Cənnətdə kişilərə hurilərin veriləcəyini inkar etmək hansı fəsadları yarada bilər?

İnsan qüsursuz bir varlıq deyildir. Allah-u Təala hər bir insana nəfs vermiş və bunu imtahan səbəbi etmişdir. Təbii ki, insanların ən böyük imtahanlarından biri şəhvət hissi ilə olan imtahanlarıdır.

Şəhvət hissini tətmin etmənin yollarından biri zinadır. Zina Quran ayələrinin bəyanı ilə haramdır və cəmiyyətin mənəvi cəhətdən yavaş-yavaş ölməsinə səbəb olar. O halda zina da şəhvət hissi kimi bir imtahan səbəbidir və bu bataqlığa düşmək Rəbbimiz tərəfindən qadağan edilmişdir.

Qullarının zina bataqlığına düşməsinin qarşısını almaq üçün bir çox həll yolları Allah (cc) tərəfindən göstərilmişdir. Evlənmək bunlardan ən gözəlidir. Çünki evlənmək namusu qoruyan bir qalxana bənzər. Bununla birlikdə evlənməyə gücü çatmayanlara hədislərdə oruc tutmaq tövsiyə edilmişdir ki, ac qalmaq nəfsi ilahi istəklərə boyun əydirər və şəhvət hissinin baş qaldırmasından qoruyar.

Eyni zamanda zina edən subaylara dəyənək, evlilərə rəcm cəzasının verilməsi də zinanın yayılmasını önləmək üçündür. Təsadüfi deyildir ki, cahiliyyə dövründə əxlaqsızlığın baş alıb getdiyi Məkkədə Peyğəmbərimizin və dörd xəlifənin dövründə - əlli ildən artıq müddətdə sadəcə altı rəcm cəzası tətbiq edilmişdir. Bu da zinaya verilən cəzaların zinanın cəmiyyətdə kök salmasına necə mane olduğunun bir dəlilidir. Çünki heç kim 30-40 dəqiqə zövq çəkib sonra daşqalaq edilməyi istəməz...

Bu tədbirlərlə yanaşı Rəbbimiz nəfsini zinadan qoruyanlara, həyatını təmiz yaşayanlara və Cənnətə getməyə layiq olanlara Cənnətdə hurilərin veriləcəyini xəbər vermişdir.

İnsanın fitrətindən irəli gəlir ki, bəzi şeyləri qarşılıq gözləyərək etsin. Bəsit bir nümunə verək: azyaşlı uşaqlar xəstələndiyi zaman xörək yemək istəməzlər. Onlara yemək təklif edən ana-atalarına isə: "Mən bunu yesəm, mənə nə alarsan?" - şəklində şərt qoşarlar.

Bənzər şəkildə insanlar da haram buyurulmuş, amma nəfsə xoş gələn şeyləri qarşılıq gözləyərək tərk edərlər. Ağlı başında heç kəs qumar oynamağı Uca Allahın camalına tamaşa etməkdən üstün saymaz. Və ya heç kim dünyanın zərər verici alkoqollarını Cənnətdəki içkilərdən üstün görməz. 

Bu səbəbdən də Allah insanlara bir şeyi haram edərkən onun minlərlə alternativini yaratmış (məsələn, donuz ətini haram etmiş, yüzlərlə heyvanınkını isə halal buyurmuşdur), eyni zamanda Cənnət nemətləri ilə də qullarını günahlardan uzaq olmağa çağırmışdır.

Evlənməyən, oruc tutmağa da gücü çatmayan birisi, ən azından, onu təmiz həyat sürdüyü təqdirdə Cənnətdə gözləyəcək olan huriləri düşünər və yuxarıda qeyd etdiyimiz bir şeyi etmək üçün qarşılıq gözləmək duyğusu səbəbindən də zinadan uzaq olar. Hurilərin verilməsi dini cəhətdən bir gerçək olduğu kimi, psixoloji yöndən də insanlara müsbət təsir edəcəkdir.

Hurilərin cinsi səbəblərlə yox, söhbət yoldaşı olaraq veriləcəyini bildirmək iradəsi zəif olan insanlarda bu düşüncənin yaranmasına səbəb olar: "Onsuz da bu dünyada da söhbət yoldaşlarım var. Evlənəsi imkanım da yoxdur, hurilər də verilməyəcək imiş, onda niyə zina etməyim ki? Sonra da tövbə edərəm".

Deməli, kişilərə hurilərin veriləcəyini inkar etmək psixoloji cəhətdən zina faktlarının artmasına səbəb olar. Dini cəhətdən isə kişilərə hurilərin veriləcəyini inkar etmək bir tragikomediyadır. Bu barədə növbəti səhifələrdə daha ətraflı məlumat veriləcəkdir.