Hədislərin uydurma olmadığını, əksinə dini bir dəlil olduğunu bildirən ayələr hansılardır? Hədisləri inkar etməklə hansı ayələri inkar etmiş oluruq?

Quran-i Kərimdə hədis-i şəriflərə uymağı əmr edən və hədislərin də dini bir dəlil olduğunu bildirən bir çox ayə vardır. Biz bu yazıda həmin dəlillərdən sadəcə beşini göstərəcəyik. Daha ətraflı məlumat almaq və daha çox dəlilə nəzər salmaq üçün buraya tıklayın.

Dəlil 1:
Tövbə surəsinin 29-cu ayəsində belə buyurulmuşdur: "Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Rəsulunun haram haram etdiyini haram saymayan və haqq dini qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun".

Ayədə müsəlmanlara bəlli qruplarla müharibə aparmaq əmr edilmişdir. Bu qruplardan biri də Allahın və Rəsulunun haram etdiyini haram saymayanlardır. 

Ayənin bu (وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ) hissəsində iki şeydən bəhs edilir:
  1. مَا حَرَّمَ اللَّهُ - Allahın haram etdiyi şeylər
  2. وَرَسُولُهُ - Rəsulunun haram etdiyi şeylər
Allahın haram etdiyi şeylər Quranda yer almışdır. Bəs Rəsulunun haram etdiyi şeylər harada yer almışdır? Ağlınıza hədis-i şəriflərdən başqa yer gəlirmi?

Burada bəziləri çıxıb deyə bilər ki, Rəsulun haram etdiyi şeylər də Quranda yer almışdır. 

Bu iddia tutarsızdır. Ərəbcədə ayənin حَرَّمَ اللَّهُ وَرَسُولُهُ hissəsindəki وَ (vav) hərfi atif hərfidir. Bu hərf özündən əvvəlki şey ilə sonrakı şeyin fərqli olduğunu göstərir. Özündən əvvəl Allahın haram etdiyi şeylər, sonra isə Rəsulunun haram etdiyi şeylər gəlmişdir. Deməli, Allahın haram etdiyi şeylərlə Rəsulunun haram etdiyi şeylər bir-birindən fərqlidir və hər ikisi eyni yerdə - Allahın kəlamı olan Quranda keçə bilməz.

Bu halda, Rəsulun haram etdiyi şeylər Qurandan fərqli bir yerdə keçməlidir və bu yer də istənilən tarix məlumatından milyon dəfə daha diqqətlicə nəql edilmiş hədis-i şəriflərdən başqa bir yer ola bilməz.

Deməli, Tövbə surəsinin 29-cu ayəsi həm Hz. Muhəmmədin bir şeyi haram etmə səlahiyyətinin olduğunu, həm bu haramların qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir.

Dəlil 2:
Hucurat surəsinin ilk ayəsində belə buyurulmuşdur: "Ey iman gətirənlər! Allahdın və Peyğəmbərinin önünə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!"

Ayədə müsəlmanlar üçün iki şey qadağan edilmişdir:
  1. لاَ تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ - Allahın önünə keçməyin!
  2. وَرَسُولِهِ - Rəsulunun önünə keçməyin!
Allahın önünə keçmək Quranın önünə keçib onun əmrlərinə qarşı gəlməkdir. Məsələn, Quran deyir ki, faiz haramdır. Faizə halal demək Allahın önünə keçməkdir. Quran deyir ki, zina günahdır. Zinaya mübah demək, Allahın önünə keçməkdir. 

Bəs Rəsulun önünə keçmək nə deməkdir? Bunun mənası da Rəsulun verdiyi hökmü yox sayıb başqa hökm verməkdir. Kim Rəsulun sünnətini bəyənməzsə, qadağa və əmrlərinə qarşı gələrsə, o şəxs Rəsulun önünə keçmiş olar.

Bunun digər dəlili də ayənin davamındakı: "... Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın..." - əmridir. Bu əmrdə də səsi Peyğəmbərin səsindən artıq qaldırmaq ifadəsi ilə onun hökmü üzərinə bir hökm bəyan etmək nəzərdə tutulmuşdur.

Yenə burada bəziləri çıxıb deyə bilər ki, Rəsulun önünə keçmək də Quranın önünə keçməkdir. 

Bu iddia da tutarsızdır. Ərəbcədə ayənin لاَ تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ hissəsindəki وَ (vav) hərfi atif hərfidir. Bu hərf özündən əvvəlki şey ilə sonrakı şeyin fərqli olduğunu göstərir. Özündən əvvəl Allahın önünə keçmək, sonra isə Rəsulunun önünə keçmək ifadəsi gəlmişdir. Deməli, Allahın önünə keçməklə Rəsulunun önünə keçmək bir-birindən fərqlidir və hər ikisi eyni şeyin - Allahın kəlamı olan Quranın əmrlərinə müxalifət etmək ola bilməz.

Bu halda Rəsulun önünə keçmək Quranın yox, Rəsulun sözləri olan hədislərin əmrlərinə müxalif olmaqdır.

Deməli, Hucurat surəsinin ilk ayəsi həm Rəsulun əmrlərinin qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir.

Dəlil 3:
Casiyə surəsinin 18-ci ayəsində belə buyurulmuşdur: "Sonra səni dində şəriət sahibi etdik. Sən ona tabe ol və bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!"

Ayədə Peyğəmbərimizə bir şəriətin verilməsindən danışılır. Şəriət Allahın insanın hərəkətlərini düzəltmək üçün qoyduğu qanunlara deyilir. Müasir hüquq sistemində hər cinayət və onun bir cəzası necə bildirilirsə, eyni şəkildə də şəriətdə də ilahi əmrlər, yanlış işlər və onlara müqabil veriləcək cəzalar bildirilir.

Casiyə surəsinin 18-ci ayəsindən bu sual yaranır: Rəsulullaha verilmiş bu şəriət haradadır?

Əsla: "Bu şəriət Qurandadır", - deməyin. Çünki Quranda şəriətə dair həm az sayda hökm var, həm də mövcud hökmlər yetəri qədər açıqlanmayıb.

Məsələn, Quranda oğrunun əlinin kəsilməsindən danışılır. Lakin bu haqda ətraflı məlumat verilmir, əl kəsməyə səbəb olacaq oğurluq dərəcəsindən danışılmır. "Mağazadan bir konfet oğurlayanın da, bir bankı yaranın da cəzası eynidir - əl kəsməkdir?" sualına cavab verilmir.

Və ya içki içmənin qadağan olduğu xəbəri verilir, lakin içki içənin cəzasından danışılmır. Zəkat vermək əmr edilir, lakin hansı mallardan və nə qədər zəkat veriləcəyi barədə məlumat verilmir və s.

Buradan aydın olur ki, Rəsulullaha verilmiş bu şəriət Quranda yer almayıb. Bəs haradadır? Əlbəttə ki, hədis-i şəriflərdədir.

Deməli, Casiyə surəsinin 18-ci ayəsi həm Rəsulullaha verilmiş şəriət hökmlərinin qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin də dində bir dəlil olduğunu isbat edir. Əksini iddia edib hədisləri inkar etmək Casiyə, 45/18 ayəsində bildirilmiş şəriətin böyük bir qismini inkar etmək olar.

Dəlil 4:
Hicr surəsinin 9-cu ayəsində belə buyurulmuşdur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyacağıq"

Ayənin ərəbcəsində (إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ) Quran kəliməsinin yerinə zikr kəliməsindən istifadə edilmişdir. 

Nəhl surəsinin 44-cü ayəsində isə belə buyurulmuşdur: "... Biz sənə Quranı nazil etdik ki, insanlara nazil ediləni onlara açıqlayasan..."

Bu ayənin ərəbcəsində də (وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ) Quran kəliməsinin yerinə zikr kəliməsindən istifadə edilmişdir.

Bir zikr - Quran var. Bu Quranın açıqlanma vəzifəsi Hz. Peyğəmbərə verilmişdir. Rəsulullahdan açıqlanması tələb edilən Quran da Qiyamətə qədər qorunacaqdır.

Görəsən, heç mümkündür ki Allah Quranın açıqlanma vəzifəsini Rəsulullaha versin, sonra da yalnız Quranı qoruyaraq Rəsulullahın açıqlamalarını VII əsrə məhkum etsin?

Əlbəttə ki, mümkün deyildir. Madam ki Allah Quranı qorumuşdur, madam ki Quranı bəyan etmə vəzifəsini Rəsulullaha vermişdir, o halda Quran-i Kərimin açıqlaması olan hədisləri də qorumuşdur. Əksini iddia etmək bütün ayələri Qiyamətə qədər keçərli olan Quranın Nəhl surəsinin 44-cü ayəsini sadəcə Peyğəmbərin yaşadığı dövrə məhkum etmək olar ki, bu da cinayətdir.

Hədislərin necə qorunduğu haqqında məlumat əvvəlki səhifədə çatdırılmışdı.

Deməli, Nəhl surəsinin 44-cü ayəsi və Hicr surəsinin 9-cu ayəsi həm Rəsulullahın Quran-i Kərim haqqındakı açıqlamalarının qeyd edildiyi hədis-i şəriflərə ehtiyacın olduğunu, həm də hədislərin Quran kimi Allah tərəfindən qorunduğunu isbat edir. Əksini iddia edib hədisləri inkar etmək Nəhl, 16/44 ayəsini VII əsrə məhkum etmək olar.

Dəlil 5:
Ümmət-i Muhəmmədin hamısına yaxın bir hissəsi hədislərin dində bir dəlil olduğuna inanmış, hədislərə etibar etmişdirlər. Onların bu icması isbat edər ki, hədislərin dini əhəmiyyəti vardır və hədissiz İslam İslam deyildir.

Haqqında icma olan bir məsələyə qarşı çıxmanın haram olması haqqında ətraflı məlumat almaq üçün buraya tıklayın.

Gəlin hədislərin uydurma olmadığını, əksinə dini bir dəlil olduğunu bildirən ayələri burada yekunlaşdıraq və hədisləri inkar edənlərin iddia və suallarına verdiyimiz cavablara keçək...