Hz. İsanın Qiyamətə yaxın zühur etməyəcəyini deyənlərin sual və iddialarına cavablar...

İddia:
Hz. Muhəmməd son peyğəmbərdir. Ondan sonra heç bir peyğəmbər gələ bilməz. İsa peyğəmbər Qiyamətə yaxın peyğəmbər olaraq zühur edərsə, bu Əhzab surəsinin 40-cı ayəsinə zidd olar. Yox əgər normal insan olaraq zühur edərsə, burada belə bir sual yaranır: Peyğəmbərlər nə vaxtsa, vəzifələrindən azad olunurlar?

Cavab:
1. Əhzab surəsinin 40-cı ayəsi belədir: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!"

Ayədən çıxan nəticəyə görə, Muhəmməd (əsm) peyğəmbərdən sonra heç kimə nübüvvət verilməyəcəkdir. Hz. İsaya (əs) isə Rəsulullahdan altı yüz il öncə nübüvvət - peyğəmbərlik verilmişdir. Onda İsa peyğəmbərin təkrar zühur etməsi Qurana zidd olmaz, çünki İsaya (əs) təkrar gəldikdən sonra peyğəmbərlik verilməyəcək ki!

Digər tərəfdən Hz. İsa nübüvvət özəlliyi ilə yox, vəlayət özəlliyi ilə gələcək. Yəni peyğəmbər kimi yox, normal bəşər olaraq gələcəyindən yenə Qurana zidd bir durum yaranmış olmaz.

2. Hz. İsanın vəzifəsindən azad edilib-edilməməsini demək psixoloji oyunlarla millətin düşüncəsini bulandırmağa xidmət edir. Belə ki, Allah sonsuz mərhəmət sahibidir. Lakin onun sonsuz mərhəmət sahibi olması zalımları Cəhənnəmlə cəzalandırıb məzlumların haqlarını onlardan almasına mane deyildir.

Bir türk yaxşıca Yapon dilini bilə bilər. Lakin onun yaponcada mükəmməl danışması türk olmasına əngəl olmaz.

Eyni şəkildə Hz. İsa bir peyğəmbərdir. Lakin onun peyğəmbər olması dünyaya normal bəşər olaraq yenidən gəlməsinə əngəl deyildir. Burada onun vəzifəsindən azad edilməsi kimi bir durum yoxdur!

İddia:
Ənbiya surəsinin 8-ci ayəsində belə buyurulmuşdur: "Biz onları (peyğəmbərləri) yemək yeməz bir bədən yaratmadıq. Onlar əbədi də deyillər". Hz. İsa yaşayırsa, nə yeyir, nə içir?

Cavab:
Quranda Hz. Musanın və daha bir çox peyğəmbərlərin vəfatından bəhs olunmur. Lakin ümumi bir qayda olan hər nəfsin ölümü dadacağı bildirildiyindən, bizlər Musa peyğəmbərin vəfat etdiyinə şübhə ilə yanaşmırıq. Bu qaydaya bir müddət üçün istisna olan İsa peyğəmbərin yaşaması isə Nisa, 4/157-158 ilə ifadə edilmişdir.

Deməli, Quranda ümumi bir qayda verilər, varsa, onun istisnası təqdim edilər, amma bu qaydaya uyan şeylərin hamısından danışılmaz.

Eyni şəkildə peyğəmbərlərin də yemək yeyən varlıqlar olduğundan danışılmışdır. Deməli, Hz. İsanın qidalanmasını da onu öz dərgahına qaldıran Allah təmin edir. 

Digər tərəfdən Nisa surəsinin 69-cu ayəsində dərəcə etibarilə insanlar ardıcıl sayılmışdır. Orada birinci peyğəmbərlərin, üçüncü isə şəhidlərin adı çəkilir. Digər bir ayə olan Ali İmran, 3/169 ayəsində isə şəhidlərə Allah qatında ruzi verildiyindən danışılır. Əlbəttə ki, Allah dərgahında məqam etibarilə üçüncü olan şəhidlərə ruzi verilirsə, birinci olan peyğəmbərlərə, həm də böyük İsa peyğəmbərə də ruzi veriləcəkdir.

Hz. İsanın gəlməyəcəyini bu sözləri ilə dəlilləndirənləri başa düşə bilmirik: Məgər bu barədə açıq-açıq: "Bu gün İsa quluma bu ərzaqları verdim", - şəklində ayələr olmalıdır? Yəni sizin din anlayışınız bu qədər boşdur?

İddia:
Siz İsa peyğəmbərin yaşadığına dair Nisa surəsinin 158-ci ayəsini dəlil gətirir, oradakı "rafəa", yəni qaldırmaq feilinə görə Hz. İsanın diri bir şəkildə qaldırıldığına inanırsınız. Halbuki Ali İmran surəsinin 55-ci ayəsində belə buyurulub: "O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin vəfat etdirib öz dərgahıma qaldıracağam..." Burada qaldırmaq mənasına gələn "rafəa" feilindən öncə "səni vəfat etdirəcəyəm" mənasındakı "mutəvəffikə" feili işlənmişdir. Bu da o deməkdir ki, Hz. İsa öncə vəfat etdirilmiş, sonra isə ruhu göyə qaldırılmışdır. Maidə surəsinin 117-ci ayəsində də onun vəfat etdiyindən danışılır. Deməli, İsa peyğəmbər yaşamır və gəlməyəcək!

Cavab:
Həm Ali İmran surəsində mütəvəffikə (مُتَوَفِّيكَ) şəklində keçən, həm də Maidə surəsində təvəffəytə (تَوَفَّيْتَ) şəklində keçən söz haqqında Zəməxşəri "Əsasul-Bəlağa" adlı kitabında belə məzmunlu ifadələr işlətmişdir: Bu sözün ərəbcədə həm həqiqi, həm də məcazi mənası vardır. Həqiqi mənada bir şeyi olduğu kimi almaq, havaya qaldırmaq, götürmək mənalarındadır.

"Kəlamda əsas olan həqiqi mənadır", - qaydası hamımıza məlumdur. Qurandakı sözləri həqiqi mənada başa düşməyə mane olan bir amil varsa, bunu məcazi mənada anlamalıyıq. Əks halda, həqiqi mənada başa düşməliyik.

Daha əvvəlki səhifələrdə nəql etdiyimiz dəlillərə görə Hz. İsa Qiyamətə yaxın yer üzünə endiriləcəkdir. Onda Ali İmran surəsindəki (مُتَوَفِّيكَ) və Maidə surəsindəki (تَوَفَّيْتَ) feillərini həqiqi mənada başa düşməyimizə əngəl olacaq bir amil yoxdur, əksinə digər ayələrlə birlikdə təhlil olunsa, bu feilin həqiqi mənada işləndiyi ortaya çıxar.

Feilin həqiqi mənası da bir şeyi olduğu kimi götürmək olduğundan, Hz. İsa vəfat etdirilməmiş, əksinə cismi ilə göyə qaldırılmışdır.

Deməli, Ali İmran surəsinin 55-ci ayəsi və Maidə surəsinin 117-ci ayəsi Hz. İsanın gəlməyəcəyini yox, gələcəyini isbat edir.

Gəlin Hz. İsanın Qiyamətə yaxın zühur etməyəcəyini deyənlərin sual və iddialarına verdiyimiz cavabları burada yekunlaşdıraq və aramızda yaranmış ixtilafdan xilas olmaq üçün Quranın verdiyi tövsiyəyə keçək...