Hz. İsanın (əs) gələcəyini sübut edən ayələr hansılardır?

Dəlil 1:
Hz. İsanın yer üzünə təkrar gələcəyinə dair ilk dəlil Ali İmran surəsinin 46-cı ayəsidir:
"O beşikdə ikən də, yetişkinliyində də insanlarla danışacaq və salehlərdən olacaqdır”.
Ayədə keçən kəhlən (كَهْلاً) ifadəsi Quran-i Kərimdə sadəcə iki yerdə (Ali İmran, 3/46; Maidə, 5/110) keçir və hər ikisində də Hz. İsa üçün istifadə edilmişdir. Bu sözün mənası yetişkinlik dövrüdür. Lüğəvi cəhətdən bu dövrün otuz yaşlardından başlayıb əlli yaşa kimi davam etdiyi məlumdur. İslam alimlərinə görə isə kühulət dövrü otuz beş yaşdan əlli yaşa kimi olan dövrü ifadə edir.

Hz. İsanın insanlarla birinci danışığı beşikdə olmuşdur ki, bu möcüzəvi bir hadisədir. Ayədə möcüzəvi hadisə olan bu danışığın ardınca kühulət dövründə baş verəcək danışığı qeyd edilmişdir. Deməli, hər ikisi möcüzəvi bir şəkildə baş verməlidir. 


İkinci danışıq olan yetişkinlik dövründəki danışığın adi danışıq olacağını, möcüzəvi olmayacağını deyənlər bunu unudublar ki, hər bir insan yetişkinlik dövründə danışa bilir. Quranda isə adi hadisələr qeyri-adi hadisələrlə yanaşı zikr edilməz. Deməli, bu hadisə beşikdəki möcüzəvi danışıqdan bəhs edilən ayədə, eyni yerdə anıldığından bu danışıq da möcüzəvi olmalıdır.


Bütün peyğəmbərlər kimi İsa (əs) da ona nübüvvət verildikdən sonra insanlara dini təbliğ etmişdir. Halbuki heç bir peyğəmbərin yetişkinlik dövründə (möcüzəvi şəkildə) danışacağından bəhs edilmir.

Madam ki ayədə Hz. İsanın kühulət dövründə baş verəcək möcüzəvi danışığından bəhs edilmişdir, o halda bu dövrdə danışmasının möcüzə olması üçün yer üzünə təkrarən endirilməlidir. Əks halda möcüzə baş verməmiş olar və İsa peyğəmbər digər nəbilərdən fərqlənməz.


Deməli, Ali İmran, 3/46 ayəsi İsa peyğəmbərin yer üzünə təkrarən endiriləcəyini isbat edir.


Dəlil 2:

Hz. İsanın yer üzünə təkrar gələcəyinə dair ikinci dəlil Zuxruf surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən Hz. İsadan bəhs edilir:
"Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! O (İsa) ancaq nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir bəndədir. Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq”. (Zuxruf, 43/57-60)
Bu ayələrdən sonra 61-ci ayədə Hz. İsanın Qiyamət saatı üçün bir elm olduğundan danışılır:
"Şübhəsiz ki, o, Qiyamət üçün bir elmdir".
Hz. İsa bu ayənin nazil olmasından təqribən altı yüz il əvvəl yaşamışdır. Deməli, bu ayə İsa peyğəmbərin əvvəli həyatının Qiyamət üçün bir əlamət olduğunu ifadə edə bilməz. İsanın (əs) Qiyamət saatına bir əlamət olması üçün yer üzünə Qiyamətdən öncə təkrarən enməsi lazım gəlir.

Ayədəki o əvəzliyinin Qurana işarə etdiyini və: "Şübhəsiz ki, Quran Qiyamət üçün bir elmdir", - mənasına gəldiyini deyənlər ola bilər. Halbuki Quranda o əvəzliyinin Qurana işarə etdiyi bütün yerlərdən əvvəlki ayələrdə Qurandan bəhs olunur. Məsələn, Nəml surəsinin 77-ci ayəsindəki o əvəzliyi Qurana işarə edir. Çünki bundan əvvəlki ayədə Qurandan bəhs olunurdu: Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir. (Nəml, 27/76) Və şübhəsiz ki, o, möminlərə bir hidayət və mərhəmətdir. (Nəml, 27/77)


Deməli, Zuxruf, 43/61 ayəsi İsa peyğəmbərin yer üzünə təkrarən endiriləcəyini isbat edir.


Dəlil 3:
Hz. İsanın yer üzünə təkrar gələcəyinə dair üçüncü dəlil Ali İmran surəsinin 48-ci və Maidə surəsinin 110-cu ayələridir:
"(Allah) ona (İsaya) Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək". (Ali İmran, 3/48)

"...Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim..." (Maidə, 5/110)
Ayədə keçən Kitab (الْكِتَابَ) sözünün nəyi ifadə etdiyini bilmək çox önəmlidir. Hər iki ayədəki Kitab sözü araşdırıldığı təqdirdə bunun Quranı ifadə etdiyi aydın olar. Bunun digər dəlili də başqa ayələrdə də Tövrat və İncil ilə birgə keçən Kitab sözlərinin Quranı ifadə etməsidir. Məsələn, "Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi". (Ali İmran, 3/2-3)

Allah Hz. İsaya Quranı da öyrədəcəyini bildirmişdir. Halbuki İsa (əs) Quranın nazil edilməsindən altı yüz il əvvəl yaşamışdır. Ona Quranın öyrədilməsi ancaq və ancaq yer üzünə təkrar enməsi ilə mümkün ola bilər.

Hz. İsanın zühurundan bəhs edən hədislərdə də onun İncil ilə yox, Quran ilə hökm edəcəyi ifadə edilmişdir. Bu da ayə ilə tam uyğunluq təşkil edir.

Deməli, Ali İmran, 3/48 və Maidə, 5/110 ayəsi İsa peyğəmbərin yer üzünə təkrarən endiriləcəyini isbat edir.

Dəlil 4:
Nisa surəsinin 157-158-ci ayələri belədir: "(Onların lənətə düçar olmalarının bir səbəbi də): "Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. Əksinə, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"

Nisa surəsinin 157-ci ayəsinin sonunda "Onu dəqiq olaraq öldürə bilmədilər" (وَمَا قَتَلُوهُ يَقِينًاhissəsindəki ma (مَا) nafiyədir. Növbəti ayənin əvvəlindəki "Əksinə, Allah onu öz dərgahına qaldırmışdır" (بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِhissəsində bəl (بَلədatı vardır. Nafiyə olan cümlədən - inkarda olan cümlədən sonra "bəl" ədatı gələrsə, bu zaman iki cümlə arasında tamamən təzad - ziddiyyət yaranmalıdır.

Birinci cümlədə iknarda olan feil ölmək feilidir. İlk cümlədə Hz. İsanın ölmədiyindən danışılır. İkinci cümlədə isə onun Allah qatına çıxarıldığından bəhs olunur. Ölmək feilinin əksi yaşamaqdır, həyat sahibi olmaqdır. Qrammatik cəhətdən ikinci cümlə ilə birincisi arasında tamamilə ziddiyyət yaranması üçün ikinci cümlədə ölüm yox, həyat sürməkdən bəhs edilməlidir. Allah onu öz dərgahına qaldırmışdır ifadəsini mənəvi olaraq başa düşsək, bu halda Hz. İsa ölmüş və Allah da onun ruhunu göyə qaldırmış olar. Belə olduqda bu vəziyyət Ərəb dili qrammatikasına zidd olar. Çünki hər iki cümlədə də ölüm hadisəsi mövcud oldu. İkinci cümlədə ölümdən bəhs edilməməsi üçün Hz. İsanın diri bir şəkildə göyə qaldırılmış olması lazım gəlir. 

Deməli, Nisa surəsinin 157-158-ci ayələrinə və Ərəb dili qrammatikasına görə Hz. İsa ölməmiş və canlı olaraq səmaya qaldırılmışdır.

Hz. İsanın yer üzünə təkrar gələcəyinə dair dördüncü dəlil Məryəm surəsinin 33-cü ayəsidir:
"Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!"
Yuxarıdakı izahlardan aydın olur ki, Hz. İsanın həyatında ölüm hadisəsi baş verməmiş və o, diri olaraq Allah dərgahına qaldırılmışdır. Məryəm, 19/33 ayəsinin "...öləcəyim gün də, diriləcəyim gün də..." hissəsində Hz. İsanın bir gün öləcəyindən bəhs edilir.

Hz. İsanın ölməsi sadəcə dünyaya ikinci dəfə gəlməsi və bir müddət yaşayıb vəfat etməsi ilə mümkün ola bilər.

Deməli, Nisa, 4/157-158 və Məryəm, 19/33 ayələri İsa peyğəmbərin yer üzünə təkrarən endiriləcəyini isbat edir.

Dəlil 5:
Hz. İsanın yer üzünə təkrar gələcəyinə dair beşinci dəlil Ali İmran surəsinin 59-cu ayəsidir:
"Allah yanında İsanın vəziyyəti də Adəminki kimidir".
Bəzilərinə görə bu ayə İsa peyğəmbərin atasız doğulmasına görə Adəm (əs) ilə bənzər vəziyyətdə olduğunu ifadə edir. Hz. Adəmin də İsa peyğəmbər kimi atası olmamış, hər ikisi "Ol!" əmri ilə yoxdan var olmuşlar.

Lakin ayə Hz. İsanın gələcəyinə işarə etmiş ola bilər. Belə ki, Adəm peyğəmbər də Cənnətdən yer üzünə endirilmişdi və endirilərkən peyğəmbər deyildi. Hz. İsa da təkrarən yer üzünə endiriləcək və bu zaman peyğəmbər yox, adi insan olaraq gələcək. Belə olduqda, İsanın vəziyyəti də Adəmin vəziyyəti kimi olar.

Ayənin bu şəkildə anlaşılmasına mane olan heç bir amil yoxdur. Əksinə, yuxarıdakı digər dəlillər ayənin də belə başa düşülə bilinəcəyini isbat edir.

Deməli, Ali İmran 3/59 ayəsi İsa peyğəmbərin yer üzünə təkrarən endiriləcəyini isbat edir.

Bu dəlillərin zəif olduğunu düşünənlər ola bilər. Lakin unutmamaq lazımdır ki, hər bir sap nazik olsa da, onlar birləşərək möhkəm bir kəndir əmələ gətirə bilər. Eyni şəkildə yuxarıdakı dəlilləri ayrı-ayrı yox, hamısını birlikdə təhlil etsək, Hz. İsanın təkrarən gələcəyinin çox qüvvətli şəkildə isbat edildiyini görərik.

Bu barədə digər dəlillər də vardır. Lakin yuxarıdakı dəlillər Nüzul-u İsanı kifayət qədər isbat etdiyindən sözü çox uzatmağa ehtiyac duymuruq.

Gəlin Hz. İsanın (əs) gələcəyinə işarə edən ayələri burada yekunlaşdıraq və qarşı tərəfin iddia və suallarına verdiyimiz cavablara keçək...