Qurandan əlavə möcüzələrin varlığına inananlarla inanmayanlar arasında yarınmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin etdiyi tövsiyə...

Nisa surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: "Əgər bir məsələdə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". 

Ayədə ifadə edilən mübahisə vəziyyəti Qurandan əlavə möcüzələrin varlığına inananlarla inanmayanlar arasında yarınmış durumu ifadə etməkdədir. O halda, bu ixtilafı həll etmək üçün Nisa, 4/59 ayəsinin verdiyi tövsiyəyə qulaq verməliyik.

Burada ixtilafı həll etmək üçün iki yoldan bəhs olunur: Məsələni Allaha həvalə etmək və ya Peyğəmbərinə həvalə etmək.

Ayənin mübahisəni həll etmək üçün verdiyi ilk tövsiyə onu Allaha həvalə etməkdir. Məsələni Allaha ərz etmək, hər halda göyə qalxıb Allahın nurunun təcəllisi ilə şərəflənərək mübahisə edilən məsələ haqqında Allahla söhbət etmək deyildir. Məsələni Allaha həvalə etmək onu Allahın kitabı olan Qurana həvalə etməkdir.

Biz mübahisəmizin həlli uğrunda Qurana baş vurduq. Peyğəmbərin Qurandan başqa möcüzələrinin olması haqqında dəlillər göstərdik, siz də Peyğəmbərin möcüzələrinin olmamasıı haqqında dəlillər göstərdiniz. Aramızdakı ixtilaf və mübahisə hələ də davam edir: kimin haqlı, kimin haqsız olması ortaya çıxmadı. Bəs bu halda nə etməliyik?

Nisa surəsinin mübahisəni həll etmək üçün verdiyi ikinci tövsiyə onu Peyğəmbərə həvalə etmək idi.

Məsələni Allaha həvalə etmək, onu Allahın kitabına həvalə etməkdir. Bəs Peyğəmbərə həvalə etmək nədir? Əlbəttə, məsələni Peyğəmbərə həvalə etmək onun sözlərinə - hədislərinə yönəlməkdir.

Biz sizə deyirik ki, gəlin mübahisəmizi həll etmək üçün Peyğəmbərimizin hədislərinə yönələk, orada da Peyğəmbərimizin möcüzələrinin olduğu haqqında dəlillər görüb fikir ayrılığını sonlandıraq. Siz isə belə cavab verirsiniz: "Yox, biz Peyğəmbərimizin hədislərinə etibar etmirik, hədislər uydurmadır, Quran bizə yetər!"

Amma siz Qurana uymadınız ki! Quran sizə ixtilafı ayələrin həll edə bilmədiyi zamanlarda mübahisəni yekunlaşdırmaq üçün hədislərə yönəlməyi əmr etdiyi halda, həm Qurana uymursunuz, həm də sizə Quranın kifayət etdiyini deyirsiniz.

Bu ədalətsiz davranışınızdan və ixtilafı həll etmək üçün Peyğəmbərə yönəlməkdən qorxmanızdan aydın olur ki, nə Quranın əmrlərinə tam uyursunuz, nə də dərdiniz həqiqəti ortalığa çıxarmaqdır.

Peyğəmbərimizə Qurandan əlavə verilmiş möcüzələr haqqındakı əsərin sonuna gəlmiş olduq. Ağlı başında hər bir müsəlmanın bu əsəri - göstərdiyimiz dəlilləri və qarşı tərəfin iddialarına ayələr ilə verdiyimiz cavabları oxuduğu təqdirdə Peyğəmbərimizin möcüzələrinə şübhə ilə yanaşmayacağı qənaətindəyik. 

Daha ətraflı məlumat almaq üçün saytımızın əsas mənbələrinə baş vura bilərsiniz...