Hədislərin uydurma olduğunu bildirənlərlə hədislərə etibar edənlər arasında yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyə...

Nisa surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: "Əgər bir məsələdə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". 

Ayədə ifadə edilən mübahisə vəziyyəti Quranilərlə bizim aramızda yaranmış durumu ifadə etməkdədir. Aramızda şəfaət, təvəssül, Hz. Mehdinin gəlişi kimi bir çox məsələlərdə ixtilaf var. O halda, bu ixtilafı həll etmək üçün Nisa, 4/59 ayəsinin verdiyi tövsiyəyə qulaq verməliyik.

Burada ixtilafı həll etmək üçün iki yoldan bəhs olunur: Məsələni Allaha həvalə etmək və ya Peyğəmbərinə həvalə etmək.

Ayənin mübahisəni həll etmək üçün verdiyi ilk tövsiyə onu Allaha həvalə etməkdir. Məsələni Allaha ərz etmək, hər halda göyə qalxıb Allahın nurunun təcəllisi ilə şərəflənərək mübahisə edilən məsələ haqqında Allahla söhbət etmək deyildir. Məsələni Allaha həvalə etmək onu Allahın kitabı olan Qurana həvalə etməkdir.

Biz mübahisəmizin həlli uğrunda Qurana baş vurduq. Müdafiə etdiyimiz etiqadi məsələlərin dinə zidd olmadığı haqqında dəlillər göstərdik, siz də 
bu fikirlərin yanlışlığı haqqında özünüzə görə dəlillər göstərdiniz. Biz: "Siz ayələrə yanlış məna verirsiniz!" - dedik, sizlər də: "Yox, siz ayələri yanlış təfsir edirsiniz!" - dediniz. Aramızdakı ixtilaf və mübahisə hələ də davam edir: kimin haqlı, kimin haqsız olması ortaya çıxmadı. Bəs bu halda nə etməliyik?

Nisa surəsinin mübahisəni həll etmək üçün verdiyi ikinci tövsiyə onu Peyğəmbərə həvalə etmək idi.

Məsələni Allaha həvalə etmək, onu Allahın kitabına həvalə etməkdir. Bəs Peyğəmbərə həvalə etmək nədir? Əlbəttə, məsələni Peyğəmbərə həvalə etmək onun sözlərinə - hədislərinə yönəlməkdir.

Biz sizə deyirik ki, gəlin mübahisəmizi həll etmək üçün Peyğəmbərimizin hədislərinə yönələk, siz isə belə cavab verirsiniz: "Yox, biz Peyğəmbərimizin hədislərinə etibar etmirik, hədislər uydurmadır, Quran bizə yetər!"

Amma siz Qurana uymadınız ki! Quran sizə ixtilafı ayələrin həll edə bilmədiyi zamanlarda mübahisəni yekunlaşdırmaq üçün hədislərə yönəlməyi əmr etdiyi halda, həm Qurana uymursunuz, həm də sizə Quranın kifayət etdiyini deyirsiniz. Nisa surəsinin 59-cu ayəsindəki "... Peyğəmbərə həvalə edin..." hissəsinə uymayaraq bu ayəni VII əsrə məhkum edirsiniz.


Nisa, 4/59 ayəsinə uyan hər bir müsəlman istənilən ixtilafı həll edə bilər. Belə ki, o, mübahisəli mövzunu Qurana ərz edəcək, burada cavab tapa bilməsə, Peyğəmbərimizə - onun hədislərinə yönələcək. Deməli, Nisa, 4/59 ayəsi bütün ixtilafları aradan qaldırmağa kifayətdir. Lakin ayənin verdiyi ikinci tövsiyəni - məsələni Peyğəmbərə həvalə etməyi yerinə yetirməyən şəxs, həmin ayəni mübahisələri həll etmək xüsusunda yetərsiz göstərər.

Ey Qurana uyduğunu iddia etdiyi halda, Nisa surəsi 59-cu ayənin yarısına uyub yarısına uymayan Quranilər! Bu ədalətsiz davranışınızdan və ixtilafları həll etmək üçün Peyğəmbərə yönəlməkdən qorxmanızdan aydın olur ki, nə Quranın əmrlərinə tam uyursunuz, nə də dərdiniz həqiqəti ortalığa çıxarmaqdır.

Hədis-i Şəriflər haqqındakı əsərin sonuna gəlmiş olduq. Ağlı başında hər bir müsəlmanın bu əsəri - göstərdiyimiz dəlilləri və qarşı tərəfin iddialarına verdiyimiz cavabları oxuduğu təqdirdə hədislərin də dində bir dəlil olduğuna şübhə ilə yanaşmayacağı qənaətindəyik.