Ölüyə Quran oxumanın ona heç bir fayda verməyəcəyini iddia edənlərə cavablar...

İddia:
Quranda talaqdan, elmi həqiqətlərdən, peyğəmbər qissələrindən və s. bəhs edilir. Bu ayələri ölüyə oxumağın nə faydası ola bilər ki?

Cavab:
Əlbəttə ki,Quran sadəcə şəriət məsələlərinin qeyd edildiyi bir kitab deyildir. Quran həm müsəlmanın dua kitabı, həm zikr kitabı, həm qorxudub əzabdan uzaqlaşdıran, həm Cənnət nemətlərini müjdələyən kitabdır.

Allah Quran-i Hakimdə belə buyurmuşdur: "...Namazda Qurandan sizə asan gələnini oxuyun..." (Müzəmmil, 73/20)

Niyə Allah namazda elmi həqiqətlərdən, peyğəmbər qissəərindən bəhs edən ayələri namazda oxumamızı əmr edir? Bunun bir çox hikmətləri ola bilər; məsələn, ilahi kəlam olduğuna görə, ibrət almağımız üçün və s.

Eyni şəkildə bizim ölüyə Quran oxuma səbəbimiz orada ölülərdən bəhs etməsi və ya etməməsi deyil, onun ilahi kəlam olmasıdır. Həm oxuduğumuzdan ibrət alır, həm də Allahın kitabını oxumaqdan yaranmış savabı məzar sahibinə hədiyyə edirik. Burada qəribə bir şey yoxdur.

İddia:
Yasin surəsinin 70-ci ayəsində buyurulmuşdur ki, Quran-i Kərim diri olanlar üçündür. Deməli, onu ölüyə oxumağın heç bir faydası yoxdur.

Cavab:
1. Ən azından insan özünə sual verməlidir ki, vəfat etmiş yaxınları üçün Quran-i Kərim oxumağı tövsiyə edən Hz. Peyğəmbər və bu tövsiyəyə uyub ölülərinə Quran oxuyan bu qədər səhabə, tabiin Yasin surəsinin 70-ci ayəsindən xəbərsizdilərmi?

2. Fatir surəsinin 22-ci ayəsində belə buyurulmuşdur: "Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!"

Gəlin bu ayəni təhlil edək: Ayədə buyurulub ki, Peyğəmbər İslamı, iman həqiqətlərini qəbirlərdə olan ölülərə eşitdirə bilməz. Buradan belə bir sual yaranır: Görəsən Hz. Peyğəmbər qəbirləri gəzib-dolaşıb, hər məzarın başında oturub onlara dindən bəhs edib, sonra da ayə nazil olub ki, ölülər səni eşidə bilməz, boşuna zəhmət çəkmə? Yəni Peyğəmbərimizin din anlayışı (haşa) bu qədər boş olub?

Əlbəttə, olmayıb! O halda bu ayədə bəhs edilən dirilər haqqı eşidən, anlayan, qəlbi korlaşmamış insanlardır; ölülər isə məkkəli müşriklər kimi qəlbi ölmüş və haqqa qarşı kar-kor olanlardır. Demək, qəbirlərdə olan insanlar ifadəsindən məqsəd mənəvi cəhətdən ölüm keçirmiş insanlardır. (Mustafa İslamoğlunun tərcüməsindən də bu ayəni onun da belə başa düşdüyü anlaşılır).

Deməli, Yasin surəsinin 70-ci ayəsində də bəhs edilən dirilər qəlbi ölməmiş insanlardılar. Əks halda bu sözü məcazi qəbul etməsək, Peyğəmbərin qəbirdə olan ölülərin yanına gedib onlara Qurandan bəhs etdiyi kimi ağılsızlığı qəbul etməyə məcbur olarıq.

Onda Yasin surəsinin 70-ci ayəsi ölülərə Quran oxumağın yanlışlığını göstərmir.

İddia:
Nəcm surəsinin 39-cu ayəsində hər kəs üçün yalnız özünün gördüyü işlərin qarşılığının olduğundan bəhs edilir. Deməli, başqası üçün Quran oxumaq ona fayda verməz.

Cavab: 
Bu ayənin ölüyə Quran oxumağın ona fayda verməyəcəyinə dair bir tərəfi yoxdur.

Nəcm surəsi 39-cu ayəsinin ərəbcəsindəki (وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى) lil-insani (لِلْإِنسَانِ) sözünün tərkibində keçən li hərfi təmlik ifadə edir. Buradan anlaşılır ki, hər kəsin mülkü özünün gördüyü işlərdən ibarətdir. Yəni mənim oxuduğum Quran tilavəti mənim malımdır, atamın oxuduğu Quran tilavəti onun malıdır. Heç kim başqasının malını sahiblənə bilməz. Lakin ayədən mənim Quran tilavətimin başqasına fayda verməyəcəyi nəticəsi çıxmır.

İddia:
Müddəsir surəsinin 38-ci ayəsində: "Hər kəs öz əməlinin girovudur!" - buyurulmuşdur. Bu da isbat edər ki, heç kimin Quran oxuması başqasına fayda verməz.

Cavab:
Bu ayənin də ölüyə Quran oxumağın ona fayda verməyəcəyinə dair bir tərəfi yoxdur. 

Bu ayədə Cəhənnəmliklərdən bəhs edilir. Cənnətliklər üçün belə bir ifadə yoxdur. Quran oxumaq da Cəhənnəmə soxan bir əməl deyil ki Müddəsir, 74/38 ilə ziddiyyət təşkil etsin.

Buna görə də Quran oxuyub savabını başqasına göndərmənin faydasız olduğuna dair burada bir dəlil yoxdur.

Gəlin ölüyə Quran oxumanın ona heç bir fayda verməyəcəyini iddia edənlərə verdiyimiz cavabları burada yekunlaşdıraq və aramızda yaranmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyəyə keçək...