Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə ikinci dəlil...

İsra surəsinin ilk ayəsində Rəbbimiz belə buyurmuşdur: "Bəndəsini bir gecə Məscid-i Həramdan ətrafını mübarək etdiyimiz Məscid-i Əqsaya aparan pakdır, müqəddəsdir".

Bütün müfəssirlər bu ayənin İsra hadisəsi - Peyğəmbərimizin bir gecə içində Məkkədən Qüdsə gedib-gəlməsi haqqında nazil olduğu barədə həmfikirdirlər. İndi Peyğəmbərimizə Qurandan əlavə möcüzənin verilmədiyini deyənlərə bəzi suallarımız var:
  1. İsra surəsinin ilk ayəsi Peyğəmbərimizin bir gecə içində Məkkədən Qüdsə getdiyini xəbər verməkdədir. Bu xüsusdakı bütün hədis-i şəriflər də bunu təsdiq etməkdədir. Bundan başqa, bütün müfəssirlər və alimlər də bu hadisənin baş verdiyi mövzusunda ittifaq etmişdirlər. Görəsən, ayənin, hədislərin, alimlərin xəbər verdikləri İsra hadisəsi bir möcüzə deyildirmi?
  2. Əgər bir aylıq Məkkə-Qüds yolunu (1510 km) bir gecədə gedib-gəlməyi möcüzə olaraq adlandırmırsınızsa, bunu nə adlandırırsınız?
  3. Görəsən, siz heç belə bir səyahətə çıxmısınız? Bəli, əgər bu hadisəni möcüzə olaraq saymırsınızsa, onda siz də min beş yüz on kilometrlik bir yolu bir gecədə gedib-qayıda bilməlisiniz.
  4. Yoxsa, siz açıq bir şəkildə Quranda haqqında danışılan İsra hadisəsini inkar edirsiniz? Onda İsra surəsinin birinci ayəsini və Nəcm surəsinin ilk ayələrini nə ilə izah edirsiniz?
Əziz müsəlmanlar! Ayə Peyğəmbərimizə verilən möcüzələrdən daha birini xəbər verməkdədir. Lakin Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyənlər bu ayədəki İsra hadisəsinin möcüzə olmadığını əsaslandırmaq üçün bəzi dırnaqarası dəlillər göstərirlər. İndi də onların İsra surəsinin ilk ayəsi haqqındakı iddialarına cavab verək. Belə oduqda onların iddialarının nə qədər tutarsız olduqlarını görəcək və İsra möcüzəsini qəbul etməkdən başqa yol qalmadığının şahidi olacaqsınız.

İddia:
İsra hadisəsi Məkkə ilə Qüds arasındakı bir aylıq yolu Peyğəmbərimizin bir gecədə gedib-gəlməsidir. Lakin bu hadisədə səyahət edən Peyğəmbərin ruhu olub, bədəni isə Məkkədə qalıb. Ruhun da bu məsafəni gedib-gəlməsi təəccüb doğurmadığından, bu hadisə möcüzə deyildir.

Cavab:
İsra hadisəsində həm Peyğəmbərimizin ruhu, həm də bədəni səyahət etmişdir. Bunun sadəcə ruh ilə baş verdiyini demək, Qurandan xəbərsizlikdir:

İsra surəsinin birinci ayəsinin: "...bir gecə bəndəsini aparan..." hissəsindəki bəndə sözü ayənin Ərəbcəsində "abd" şəklində işlənmişdir. "Abd" sözü bəndə, qul mənalarındadır, ruh və bədən bütünlüyünü ifadə edir. "Abd" sözü Quranın heç bir yerində sadəcə ruh mənasında işlənməmişdir. Bu da isbat edər ki, İsra hadisəsi həm ruh, həm də bədənlə baş vermişdir.

Bundan başqa, ayə: "Sübhanəlləzi..." kəliməsi ilə başlayır. Yəni, o Allahı təsbeh edərik, qüsur və nöqsanlardan uzaq bilərik mənalarına gəlir. Quran-i Kərimdə "sübhanəlləzi..." şəklində başlayan bütün ayələrdə Allahın əzəmətinə aid edilən şeylərdən danışılır. Madam ki bu ayə də "sübhanəlləzi..." şəklində başlamışdır, onda bu ayədə də Allahın əzəmətinə aid edilən şeylərdən birindən danışılmalıdır. İsranın ruh ilə və ya yuxuda baş verməsi isə, Allahın əzəmətini yetəri qədər göstərmir və ayənin "sübhanəlləzi..." şəklində başlaması üçün tutarlı səbəb deyildir. Onda İsra hadisəsi həm ruh, həm də bədənlə baş vermişdir. Və bu hadisə Allahın əzəmətinə dəlalət edən çox böyük möcüzələrdəndir.

İsranın bədənlə olduğunun digər dəlilləri üçün buraya tıklayın.

İddia:
İsra hadisəsini möcüzə saymaq olmaz. Əgər həqiqətən İsra hadisəsi Məkkə ilə Qüds arasında baş versəydi,onu möcüzə adlandıra bilərdik. Halbuki Peyğəmbərimizin sağlığında Qüdsdə Məscid-i Əqsa olmayıb. İsra hadisəsi Məscid-i Həram ilə Ciranə vadisindəki məscid arasında gerçəkləşib. Bu iki məscid arasındakı məsafə də çox böyük olmadığından İsra hadisəsi təəccüb doğurmur və möcüzə sayılmır.

Cavab:
İslam alimlərinin böyük qismi ayədəki Məscid-i Əqsanın Beytülmüqəddəsi ifadə etdiyi barəsində həmfikirdirlər. Yəni Peyğəmbərimizin sağlığında Məscid-i Əqsa olmasa da, o bölgədə Beytülmüqəddəs var idi və Peyğəmbərimizin Qüdsdəki həmin yerə getmişdir. Məsələn, Qazı Beyzavinin təfsirində bu ayədəki Məscid-i Əqsa sözünün açıqlamasında bunlar qeyd edilib: "Burada nəzərdə tutulan Beyt-i Məqdisdir. Çünki Peyğəmbərimizin zamanında orada bir məscid olmamışdır".

İndi bir sual yarana bilər ki, o dövrdə orada məscid yox idisə, niyə ayədə Məscid-i Əqsa sözü işlənilib? Bunun da izahı çox bəsitdir. Məsələn, Bəqərə surəsinin ikinci ayəsində belə buyurulub: "Bu, heç bir şəkk-şübhə olmayan ... kitabdır". 

İndi sual verək: Quran Peyğəmbərimiz zamanında kitab halına salınmışdı? Cavab: Xeyr, kitab halında deyildi. Yenə sual verək: Bəs niyə ayədə "kitab" sözü keçir? Cavab: Çünki Quran Peyğəmbərimizin sağlığı dövrünə yox, Qiyamətə qədər gələcək bütün dövrlərə xitab edir və Allah-u Təala (cc) Peyğəmbərin vəfatından sonra Quranın kitab halına gətiriləcəyini bildiyindən ayədə "kitab" sözü işlətmişdir.

İsra surəsinin birinci ayəsində Məscid-i Əqsa kəliməsinin işlənmə səbəbi də bənzər şəkildədir: Hər nə qədər həmin bölgədə Peyğəmbərimizin sağlığında Məscid-i Əqsa olmasa da, Peyğəmbərimizin səyahət etdiyi o bölgə Məscid-i Əqsa adlandırılacağı üçün Quranda da Məscidül-Əqsa şəklində adlandırılmışdır.

Bəs Məscid-i Əqsanın Qüdsdəki məscid olduğu barəsində tək dəlilimiz alimlərin sözləridir? Xeyr, bu barədə ən böyük dəlilimiz yenə Quranın özüdür:

İsra surəsinin yeddinci ayəsində belə buyurulmuşdur: "Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə girmək və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik".

Ayədə bəhs edilənlər İsrailoğullarıdır. Bu ayədə keçən "məscidə girmək" ifadəsindəki məscid sözü ayənin Ərəbcəsində "əl-məscid" şəklində işlənmişdir. Ərəb dilində "əl" artiklı müəyyənlik bildirir və ona hərf-u tarif deyilir. (İngilis dilindəki "the" artiklı kimi). Ərəb dilinin qrammatikasına görə bu sözün əvvəlində "əl" varsa, daha əvvəl haqqında danışılmış bir şeyə işarə edər. Deməli, surədə daha əvvəl bu məscid haqqında danışılmışdır. İsra surəsinin başından yeddinci ayəyə kimi sadəcə iki məsciddən - Məscid-i Həramdan və Məscid-i Əqsadan danışılır. Bu ayədə xitab edilən insanlar İsrailoğulları olduqlarına görə bu məscid Məkkədəki Məscid-i Həram ola bilməz. Deməli, həm bu ayədə bəhs edilən məscid Məscid-i Əqsadır, həm də ayədə İsrailoğullarından danışıldığına görə bu məscid Qüdsdədir. Belə olduqda, İsra surəsinin ilk ayəsindəki Məscid-i Əqsanın Qüdsdə olduğu nəticəsinə gəlirik.

Beləliklə, İsra surəsinin birinci ayəsindəki Məscid-i Əqsanın Qüdsdəki bölgə olduğunu həm alimlərin rəyləri ilə, həm də Quran ayələri ilə isbat etmiş və bu iddianın da tutarsız olduğunu göstərmiş olduq. Daha ətraflı məlumat üçün buraya tıklayın.

İddia:
Möcüzələr Peyğəmbərlərə Allahın elçiləri olmalarını insanlara isbat etmələri üçün verilir. İsra hadisəsini möcüzə adlandıra bilməzsiniz. Çünki İsra hadisəsi gecə, hər kəs yuxuda olarkən baş vermişdir. Bəs bu hadisə ilə Peyğəmbərliyi necə isbat etmək olar? Ya da bu hadisədən sonra iman gətirən oldu mu? Olmadı. Deməli, İsra möcüzə deyil, Peyğəmbərin yaşamış olduğu şəxsi bir təcrübəsidir.

Cavab: 
Uca Allahın bir feilində minlərlə hikmət gizlənmiş ola bilər. Məsələn, Allah odu yaradıb və insanlara bəxş edib. Bunun bir çox faydaları vardır; yemək bişirməyə kömək edir, qaranlıqda ətrafı işıqlandırır, istilik mənbəyidir. İndi birisi çıxıb: "Bu odu Allah sadəcə isinmək üçün bizə bəxş etmişdir", - desə, bu doğru olmaz. Belə ki, od ilə ətrafı işıqlandırmaq da olur və isinmək oddan əldə etdiyimiz faydalardan sadəcə biridir.

Eyni şəkildə Uca Allahın Peyğəmbərlərə möcüzə verməsinin fərqli hikmətləri ola bilər: insanlara Allahın elçisi olduğunu isbat etmək, Qiyamət günü insanların: "Ey Rəbbimiz, sən bizə möcüzə göndərmədin, ona görə də bu şəxsin peyğəmbərliyindən əmin ola bilmədik", - şəklində Allahın əleyhinə şahidlik etməsinin qarşısını almaq üçün və s.

Bir şeyin adı çıkilən əşya olduğunu anlamaq üçün o əşyanın hikmətlərini daşıyıb-daşımadığına yox, o əşyanın tərifinə - xüsusiyyətlərinə uyğun gəlib-gəlmədiyinə baxmaq lazımdır. 

Məsələn, bir şeyin alov olduğunu yoxlamaq üçün: "Bunun üzərində yemək bişirmək olursa, alovdur, əks halda alov deyildir", - demək yanlış olar. Çünki elektrik sobasının da üzərində yemək bişirmək olur, ancaq o alov deyildir. Bir şeyin alov olduğunu yoxlamaq üçün: Bu şey qızılı rəngdə, əşyanın plazmatik adreqat halına uyğun gələn, işıq və istilik yaya bilən, yemək bişirməyə xidmət edən, yanıcı və yandırıcı bir şeydir?" - sualını verməliyik.

Eyni şəkildə, bir hadisənin möcüzə olduğunu yoxlamaq üçün: "Bu, insanlara Peyğəmbərliyi isbat edə bilirsə, möcüzədir, əks halda möcüzə deyildir", - şəklində düşünmək yanlışdır. Çünki insanlara Peyğəmbərliyi isbat edə bilmək möcüzənin bir çox hikmətlərindən sadəcə biridir. Bir şeyin möcüzə olduğunu yoxlamaq üçün möcüzənin tərifinə - açıqlamasına uyğun gəlib-gəlmədiyinə baxmaq lazımdır.

Möcüzənin açıqlaması nədir? Möcüzə insanın öz cəhdi ilə əldə edə bilməyəcəyi, fövqəltəbii, Allahın öz əzəməti ilə yaratdığı və Peyğəmbərinə bəxş etdiyi bir şeydir.

İndi baxaq görək İsra hadisəsi bu xüsusiyyətləri daşıyırmı? Cavab: bəli, daşıyır. İsra da insanın qüdrətini aşan bir şeydir. İnsan bir gecədə öz gücü ilə bir aylıq yolu gedib qayıda bilməz. Deməli, İsra bir möcüzədir.

Bəs bu hadisə ilə Peyğəmbərliyi necə isbat etmək olar? Çox sadə: Peyğəmbər deyərdi ki, mən Qüdsə gedib-gəlmişəm. Müşriklər də sübut istəyərdi. Peyğəmbər də Qüdsü görənlərin onu yoxlamaq üçün verdikləri sualları cavablandırar, Qüds - Məscid-i Əqsa barədə məlumat verər, müşriklər də bu məlumatların doğru olduğunu görüncə, Peyğəmbərin İsrasının həqiqət olduğunu anlayarlardı. Belə də oldu. Amma yenə Peyğəmbərə inanmadılar ki, inanmadılar...

"Ya da bu hadisədən sonra iman gətirən oldu mu? Olmadı. Deməli, İsra möcüzə deyil", - düşüncəsi çox yanlışdır. Bunun yanlışlığını bu nümunədən də görmək olar: Quran nazil olandan sonra müşriklər iman gətirdilər mi? Gətirmədilər. Deməli, Quran (haşa) möcüzə deyildir.

Bəli, gördüyünüz kimi: "Ya da bu hadisədən sonra iman gətirən oldu mu? Olmadı. Deməli, İsra möcüzə deyil", - fikri yanlışdır və müşriklərin iman gətirməmələri İsranı möcüzə olmaqdan çıxarmaz.

Bununla da İsra möcüzəsini inkar edə bilmək üçün ortaya atılmış üç iddianın cavablarını paylaşdıq. Cavablarımızı vicdanla oxuyan və məntiq süzgəcindən keçirən hər müsəlmanın İsra möcüzəsini və Peyğəmbərə Qurandan əlavə möcüzə verildiyini qəbul edəcəyini düşünürük...

Gəlin Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinin ikinci dəlilini burada yekunlaşdıraq və üçüncü dəlilimizə keçək...