Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyənlərin iddialarına cavablar...

Peyğəmbərimizə  Qurandan başqa möcüzənin verilmədiyini deyənlər bəzi dırnaqarası dəlillərlə və iddialarla bizim sözlərimizə etiraz edirlər. İndi onların əsas iddialarını təqdim edəcək və cavablarını sizlərlə paylaşacağıq.

İddia:
Hz. Muhəmmədə (əsm) Qurandan başqa möcüzə verilməmişdir. Bu gün Peyğəmbərin möcüzəsi adlandırılan hər şey az-çox əvvəlki peyğəmbərlərin möcüzələrinə bənzəyir. Məsələn, Hz. Musa (əs) Allah ilə danışır, bizim Peyğəmbərimiz meraca çıxır. Hz. Musa qayadan su çıxardır, bizim Peyğəmbərimizin barmaqlarından sular axır və s. Bütün bu bənzərliklər göstərir ki, Peyğəmbərimizin göstərdiyini iddia etdiyiniz möcüzələr onun digər peyğəmbərlərdən üstün olduğunu sübut etmək üçün uydurulub və peyğəmbərləri bir-biri ilə yarışdırmağınızın nəticəsində yaranıb. Nəticədə, Peyğəmbərə Qurandan başqa möcüzənin verilmədiyi meydana çıxır.

Cavab:
1. Bizə: "Siz peyğəmbərləri bir-biri ilə yarışdırırsınız", - deyənlərə cavabımız budur: “...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik..." (Bəqərə, 2/285)

2. Samsung markasının bəzi telefonları bir-birinə çox bənzədiyi halda, həmin şirkətin formasına görə kəskin fərqlənən telefon modelləri də vardır. Şirkət istəsə eyni forma və xüsusiyyətlərə malik telefonları istehsal edər, istəsə bir-birindən fərqlənən telefonlar buraxar. Burada heç bir qəribəlik yoxdur.

Eyni şəkildə bütün məxluqların xaliqi Allah-u Təaladır. Peyğəmbərlərə verilən möcüzələr də onların yox, Allahın feilləridir. Allah da birdir. Onda istəsə Peyğəmbərimizə öncəki ümmətlərə göstərilmiş möcüzələrin bənzərlərini bəxş edər, istəsə də yeni möcüzələr verərdi. Peyğəmbərimizə verilmiş bir sıra möcüzələrin daha əvvəlki peyğəmbərlərin möcüzələrinə bənzəməsi bunları "peyğəmbər yarışları" səbəbilə bizim uydurduğumuzu yox, həmin möcüzələrin eyni Rəbb tərəfindən verildiyini isbat edər. 

Deməli, Peyğəmbərimizin göstərdiyini dediyimiz möcüzələrin onun digər peyğəmbərlərdən üstün olduğunu sübut etmək üçün uydurduğumuz iddiası həm bir iftiradır, həm bütün ümməti, bu qədər alimi, səhabəni, müfəssiri yalançı hesab etməkdir (bu da Nisa, 4/115 ayəsinə ziddir), həm də çox tutarsız və dəlilsiz bir iddiadır.

Belə yalan-yanlış iddialarla həm Quranda adı çəkilən (ayın yarılması, İsra, Bədr günü baş vermiş möcüzə və s.), həm də adı çəkilməyən bir çox möcüzələri inkar etmək, sadəcə olaraq, ağıla, vicdana və Allaha qarşı edilmiş bir haqsızlıqdır.

İddia:
Quranda açıq şəkildə Peyğəmbərimizə başqa möcüzənin verilmədiyi vurğulanır. Məsələn, İsra surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: "Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir..." Və ya Ənkəbut surəsinin 50 və 51-ci ayələrində belə buyurulmuşdur: “Bəs nə üçün Rəbbindən ona möcüzə endirilmədi?” -dedilər. De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq açıq-aşkar qorxudan bir peyğəmbərəm!” Məgər oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi?..
Deməli, Peyğəmbərimizə Qurandan başqa möcüzə verilməmişdir.

Cavab:
Bu iddianı da cavablandırmadan əvvəl iddia sahiblərinə bir sualımız olacaq.

Sual belədir:  İsra, 17/59 ayəsinə görə Peyğəmbərimizə heç bir möcüzə göndərilməmişdir. Lakin siz deyirsiniz ki, tək möcüzə Quran-i Kərimdir. Bu ayədən çıxan nəticəyə görə, madam ki heç bir möcüzə göndərilməyib, onda Quran da möcüzə deyil. Sırf möcüzələri inkar etmək üçün gətirdiyiniz İsra, 17/59 dəlilindən çıxan bu nəticəni qəbul etməyə vicdanınız icazə verir?

Yoxsa, siz belə deyirsiniz: Ənkəbut, 29/50-51 ayələrində İsra surəsindəki ifadəyə bir istisnalıq - Quran gətirilmişdir. ki: "Məgər oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi?" - hissəsinə görə Quran möcüzədir, ancaq bundan başqa möcüzə yoxdur.

Sizin bu sözləriniz sizə verdiyimiz sualın doğruluğunu ləğv edə bilməz. Belə ki, bu ayələri Quranın möcüzə olmadığını deyərək bu cür də başa düşmək olar: Müşriklər aralarından biri olan Hz. Muhəmmədin peyğəmbərliyinə inanmadılar və niyə ona möcüzənin verilmədiyini soruşdular. Allah da cavab olaraq dedi ki, birinin peyğəmbər olması üçün ona tərəfimdən vəhylər gəlməlidir. Elə vəhy olaraq göndərəcəklərimizi - sizə oxunan kitabı Muhəmmədə (əsm) nazil etməmiz onun peyğəmbərliyini isbat etmək üçün kifayət etməzmi? (Yəni ona vəhylər gəlməsi peyğəmbərliyinə bir dəlil deyil?)

Gördüyünüz kimi, sizin sözləriniz bizim verdiyimiz sualı cavablandırmır. Ona görə də sualımızı təkrarlayaq? İsra, 17/59 ayəsinə görə Peyğəmbərimizə heç bir möcüzə göndərilməmişdir. Lakin siz deyirsiniz ki, tək möcüzə Quran-i Kərimdir. Bu ayədən çıxan nəticəyə görə, madam ki heç bir möcüzə göndərilməyib, onda Quran da möcüzə deyil. Sırf möcüzələri inkar etmək üçün gətirdiyiniz İsra, 17/59 dəlilindən çıxan bu nəticəni qəbul etməyə vicdanınız icazə verir?

Əgər İsra, 17/59 və Ənkəbut, 29/50-51 haqqında aşağıda yazacağımız iki cavab olmasaydı belə, sizə verdiyimiz bu sual təkbaşına sizin iddianızın yanlışlığını isbat etməyə yetərdi. Biz Quranın haşa möcüzə olmadığına iman etmirik, əksinə onun qırx yöndən möcüzə olduğu isbat edilmişdir. Biz sadəcə olaraq deyirik ki, əgər İsra 17/59 və Ənkəbut, 29/50-51 ayələrini dəlil gətirərək Qurandan başqa möcüzənin olmadığını iddia etsəniz, onda məcbur olacaqsınız ki, Quranın da möcüzə olmadığını qəbul edəsiniz. Bunu qəbul etməyə vicdanınız icazə verir?

İndi isə keçək möcüzələri inkar edənlərin gətirdikləri dəlillərə veriləsi cavablara. Bu iddianı üç şəkildə cavablandırmaq mümkündür.

1. Möcüzələr iki kateqoriyaya ayrılır: dünya imtahanının mənasını pozmayan möcüzələr  pozan möcüzələr.

Əgər möcüzəyə sehr demək, onu yalan saymaq və s. növlərlə bunu inkar etmək olursa, belə möcüzələri dünya imtahanının mənasını pozmayan möcüzələr kateqoriyasına aid etmək olar. Məsələn, ayın yarılmasına: "Sən bizim gözümüzü boyadın, əslində ay yarılmayıb, ancaq bizə belə göstərdin", - şəklində etiraz etmək olardı. Bu çeşid möcüzələri inkar edən topluluq həmin an həlak edilməz. 

Əgər möcüzə inkar edilə bilinməyəcək dərəcədə açıq olursa, belə möcüzələri dünya imtahanının mənasını pozan möcüzələr kateqoriyasına aid etmək olar. Belələrini heç cür inkar etmək mümkün olmaz. Məsələn, Musa peyğəmbərin əsasını daşa vurması nəticəsində oradan su çıxması (Bəqərə, 2/60) imtahan sirrini pozacaq dərəcədə açıqdır. Çünki suya əlini vuran, yaxınlaşıb yoxlayan, hətta suyu içib bunun gerçək olduğunu görən biri bunun sehr olmadığını anlayar. Bu çeşid möcüzələri inkar edən topluluq həmin an həlak edilər.
Daha əvvəlki peyğəmbərlərə imtahan sirrini pozan möcüzələr verilmişdir. Çünki həmin möcüzəni inkar edən topluluq həlak edilsə belə, daha sonra göndəriləcək peyğəmbərlər vasitəsilə təbliğ davam etdiriləsi idi. Bizim peyğəmbərimizə (əsm) isə imtahan sirrini pozan möcüzələr verilməmişdir. Belə ki, həmin möcüzələri inkar edən topluluq həmin an həlak edilməli idi və müşriklər həlak edilsə idilər təbliğ edəcək adam qalmayacağından avtomatik olaraq təbliğ vəzifəsi sonlanası idi. Beləcə, son peyğəmbərin göndərilməsinin mənası qalmazdı.

Bu səbəbdən açıq-aşkar insanların önündə göyə çıxmaq (İsra, 17/90-93) tipli möcüzələr daha əvvəlki ümmətlərin onları inkar etmələri səbəbindən hələk olduqları üçün göndərilməmiş (İsra, 17/59), beləcə təbliğ vəzifəsi sonlandırılmamışdır. 
2. Ayələrin (Qamər, 54/1; Ənfal, 8/17; İsra, 17/1 və s.) verdikləri inkar edilə bilinməyəcək dərəcədə açıq xəbərlərə görə Peyğəmbərimizin bir çox möcüzələri vardır. Lakin belə möcüzələrə rəğmən müşriklər dünya imtahanının mənasını pozacaq qədər açıq möcüzələr tələb edirdilər. 

İmtahan sirrini pozmayan möcüzə odur ki, insanın ağlında iman etmək üçün tutarlı bir səbəb yaratsın, ancaq iradəni əldən almasın; istəyən iman etsin, istəyən isə yenə inkar etsin.

Onların bu yersiz tələblərindən Quranda belə bəhs edilir:
"Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” - demişdilər". (Ənfal, 8/32)
Bu ayədə onların yersiz möcüzə istəklərindən biri, növbəti ayədə isə bu istəyin yerinə gətirilməmə səbəbi qeyd edilmişdir. Əlbəttə, başına daş yağan birisi: "Bu bir sehrdir!" - deyə bilməyəcək, məcburən iman edəcəkdi. Bu da imtahan sirrini pozacaq dərəcədə açıq olardı.
"Belə dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud (ağacları) arasından şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə xuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (İsra, 17/90-93)
Göründüyü kimi, müşriklər Allahı görmək istəyirdilər, və ya: "Bu sehrdir", - deyə bilməyəcəkləri dərəcədə açıq olan şeylər istəyirdilər. Əgər belə möcüzələr verilsəydi, könülsüz halda iman etməyə məcbur olan Əbu Cəhil kömürü ilə içi imanla dolu olan Hz. Əbubəkr almazı (ra) eyni tutulacaq, hər birinə səhabə deyiləcəkdi. Bu ədalətsizliyin qarşısını almaq üçün Allah onların bu yersiz tələblərinə bu ayə ilə cavab vermişdir:
"Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir..." (İsra, 17/59)
Deməli, bu ayə heç bir möcüzənin olmadığını yox, imtahan sirrini pozacaq qədər açıq möcüzələrin verilmədiyini göstərir. 

Digər tərəfdən, bu müxtəlifliyi belə aradan qaldırmaq da olar:

Nisa, 4/139 ayəsi belədir: Şübhəsiz ki, qüdrət tamamilə Allaha məxsusdur! Münafiqun, 63/8 ayəsi isə belədir: Halbuki əsl qüdrət yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur.

Ayələr bir-birinə zidd kimi görünsə də, hər ikisi birlikdə qiymətləndirilsə, bu nəticə çıxar ki, əsl qüdrət Allahın, Peyğəmbərinin və möminlərindir, lakin onlar öz güclərini Allahdan aldıqlarından, qüdrət tamamilə Allahındır.

Eyni şəkildə möcüzələrin verilmədiyini deyən ayələrlə, Peyğəmbərimizə verilmiş digər möcüzələrdən bəhs edən ayələri cəm etsək, bu nəticə çıxar: Bütün peyğəmbərlər kimi Muhəmmədə (əsm) də möcüzələr verilmiş, lakin imtahan sirrini pozacaq dərəcədə açıq möcüzələr əta edilməmişdir.

Deməli, Quranı anlayaraq oxuyan birisi, İsra, 17/59 ayəsinin bənzəri ayələri dəlil gətirərək möcüzələri inkar etməz!

3. Gəlin Quranda Hz. Musa haqqında və Rəsulullah haqqında verilmiş bəzi məlumatları bir yerdə təhlil edək:

Hz. Musa (əs)
  1. Şuəra, 26/32-34; İsra, 17/101 kimi ayələrin təsdiqi ilə bir sıra möcüzələr göstərmişdir. 
  2. Mumin, 40/23-24 ayəsinin təsdiqi ilə bu kimi möcüzələri göstərdiyindən kafirlər tərəfindən sehrbaz adlandırılmışdır.
  3. Ondan imtahan sirrini pozacaq dərəcədə açıq bir möcüzəni - Allahı aşkar surətdə göstərməsini tələb edən müşriklər Allah tərəfindən ildırım vurması ilə cəzalandırılmış (Bəqərə, 2/55), kafirlər isə yenə də onun peyğəmbərliyini inkar etmişdilər (Bəqərə, 2/56). Yəni bu möcüzə Hz. Musaya (əs) verilməmişdi. 
Hz. Muhəmməd (əsm):
  1. Qamər, 54/1; İsra, 17/1; Ənfal, 8/17 kimi ayələrin təsdiqi ilə bir sıra möcüzələr göstərmişdir.
  2. Yunus, 10/2 ayəsinin təsdiqi ilə bu kimi möcüzələri göstərdiyindən müşriklər tərəfindən sehrbaz adlandırılmışdır.
  3. Ondan da imtahan sirrini pozacaq dərəcədə açıq bir möcüzəni - Allahı və mələkləri aşkar surətdə göstərməsini istəyən (İsra, 17/92) müşriklərin tələbi əvvəlki ümmətlər onu yalan hesab etdiyindən yerinə yetirilməmişdi (İsra, 17/59). Yəni bu möcüzə Hz. Muhəmmədə (əsm) də verilməmişdi.
Əziz müsəlmanlar! Burada qəribə olan budur ki, yuxarıda qeyd etdiyimiz kimi hər üç maddə həm Hz. Musanın, həm də Rəsul-i Əkrəmin həyatlarında eyni olduğu halda, bəziləri Hz. Musanın möcüzələrini qəbul edir, lakin öz dininin Peyğəmbərinin möcüzələrini qəbul etmir.

Burada Peyğəmbərimizin möcüzələrini inkar edənlərə bir sual vermək istəyirik:

Allahı görmək kimi imtahan sirrini pozan möcüzələr nə Musa peyğəmbərə, nə də Muhəmməd peyğəmbərə verilmişdir. Lakin həm Hz. Musaya (İsra, 17/101), həm də Hz. Muhəmmədə (Qamər, 54/1; İsra, 17/1; Ənfal, 8/17; Maidə, 5/67; Təhrim, 66/3) bir çox möcüzələr əta edilmişdir. Niyə Hz. Musanın möcüzələrinə inandığınız halda, öz dininizin peyğəmbərininkilərə inanmırsınız?

Əsla İsra, 17/59 ayəsi ilə cavab verməyə çalışmayın. Çünki bu ayədə imtahanın mənasını pozacaq dərəcədə açıq (məsələn, Allahı göstər) möcüzələrin verilmədiyindən söhbət gedir. Həmin (Allahı göstərmək) möcüzə Hz. Musaya da verilməmişdir. Lakin siz Musanın (əs) möcüzələrinə inandığınız halda, öz dininizin peyğəmbərininkilərə inanmırsınız.

Gəlin Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyənlərin iddialarına verdiyimiz cavabları burada yekunlaşdıraq. İnşallah bu beş bölümün hamısını ağıl və vicdanla oxuyan bir müsəlman Peyğəmbərimizə Qurandan başqa möcüzələrin də verildiyini qəbul edəcəkdir. İndi isə Qurandan əlavə möcüzələrin varlığına inananlarla inanmayanlar arasında yarınmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi məsləhəti yaxşıca oxuyaq...