Peyğəmbərlərin də günah edə biləcəyini deyənlərin iddialarına cavablar...

Əvvəlcə Rəsulullahdan öncə göndərilmiş bütün peyğəmbərlərin, daha sonra isə Rəsul-i Əkrəmin günahkar ola biləcəklərini iddia edənlərin dəlillərinə verdiyimiz cavabları paylaşacağıq.

Hz. Muhəmmədə qədər göndərilmiş bütün peyğəmbərlərin günah edə biləcəyini deyənlərin iddialarına cavablar:

İddia:
Bütün peyğəmbərlər məsumdurlar. Bəs məsumluq, ismət nə deməkdir? Bu o deməkdir ki, onlar təbliğ vəzifəsini yerinə yetirərkən heç xəta etməzlər. Buradan peyğəmbərlərin günahsız olduğu fikri anlaşılmamalıdır. Hər peyğəmbər günah işləyə bilər.

Cavab:
1. İsmət sözü ərəb sözüdür və bütün mənaları bu şəkildədir:
  1. Əxlaq qaydalarına bağlı qalmaq
  2. Dürüstlük, təmizlik
  3. Məsumluq, günahsızlıq
  4. Haramlardan çəkinmə
Göründüyü kimi bu sözün təbliğ vəzifəsini yerinə yetirərkən xəta etməmək mənası lüğəvi cəhətdən yoxdur. Termin olaraq isə, bunun mənası peyğəmbərlərin günahsızlıq özəlliyidir. 

2. Bu iddianı ortaya atanlar eyni zamanda: "Hz. Yunus təbliğ vəzifəsini yerinə gətirmədən sahibindən qaçan kölə kimi öz qövmündan uzaqlaşdı, günah iş gördü", - şəklində fikirlər də ifadə edirlər. Bir tərəfdən peyğəmbərlərin təbliğ vəzifəsini yerinə yetirərkən heç xəta etmədiklərini demək, eyni zamanda da Hz. Yunusun etdiyi xətanı gündəmə gətirmək bu iddiaları ilə özlərinin belə razılaşmadıqlarına dəlildir.

Qısacası, bu iddianın doğruluğuna nə Ərəb dili, nə Quran-i Kərim ayələri, nə də ki peyğəmbərlər tarixi dəlalət edir. 

İddia:
Taha surəsinin 121-ci ayəsində: "Adəm Rəbbinə asi oldu...", - buyurulmuşdur. Bundan başqa Bəqərə, 2/37 ayəsinə görə Adəm (əs) tövbə etmişdir. Tövbə də edilən günaha görə olur. Bütün bunlara görə də Adəm peyğəmbər günah işləmişdir və peyğəmbərlər məsum deyildirlər.

Cavab:
1. Adəm peyğəmbər qadağan olunmuş meyvəni unudaraq yemişdir. Bunun unutma səbəbilə olduğunun dəlili Taha surəsinin 115-ci ayəsidir: "... Lakin o unutdu..."

Bəs unudularaq edilən xəta günah sayılırmı?

Ənam surəsinin 38-ci ayəsində belə buyurulmuşdur: "Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma!"

Ayədə Şeytanın unutdurması halında: "Günahından tövbə et", - şəklində əmr edilməmişdir. Bu da isbat edər ki, unutma halında günah qazanılmaz. 

Bənzər ifadələr Bəqərə surəsinin son ayəsində də vardır: “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma!"

Madam ki, Hz. Adəmin Allahın əmrini unutduğu Taha surəsinin 115-ci ayəsində bildirilmişdir və madam ki unudaraq xəta etmək günah deyildir, o halda Hz. Adəm günahkar olmamışdır.

Bunu (unutma səbəbindən kiçik günah sayılması doğru olmasa da) xəta olaraq yox, kiçik günah sayanlar olsa belə, yenə də bu əqidəmizə zidd deyildir. Çünki biz demişdik, peyğəmbərlər nübüvvətdən öncə kiçik günahlar işləyə bilərlər. Adəm (əs) də bu xətanı peyğəmbərlikdən öncə etmişdir.

Dəlili isə bu hadisələrdən danışıldıqdan sonra gələn Taha surəsinin 122-ci ayəsidir. Ayədə:  
"Sonra Rəbbi onu seçdi", - buyurulmuşdur. Buradakı sonra sözü uzun zaman keçdiyini göstərən ثُمَّ ilə ifadə olunmuşdur. Deməli, Hz. Adəm bu zəlləni nübüvvətdən əvvəl etmişdir.

Burada belə bir sual yarana bilər ki, bəs niyə ayədə onun asi olduğundan bəhs olunur?

Buna da cavabımız budur: Uca Allah möminlərə incə bir üslub ilə xəbərdarlıq etmiş, kiçik bir xətanın belə üsyan sayıla biləcəyini diqqətlərinə çatdıraraq onlara həm kiçik, həm də böyük günahlardan uzaq olmalarını tənbeh etmişdir.

2. Adəm peyğəmbərin tövbə etməsi onun günahkar olduğu mənasına gəlməz. O, öz kiçik xətasını belə böyük günah hesab etmiş və təqvası səbəbilə tövbə etmişdir.

Bizlər: "Allahımız, bizi çox tövbə edənlərdən qərar ver!" - deyərkən Rəbbimizdən bizi çoxlu günahlara salmağını istəmirik.

"Bizi sənə çoxlu yalvaranlardan elə!" - deyərkən bizi min bir iztiraba salıb yalvartmasını istəmirik. Deməli, hər tövbə edənin günahkar olduğu düşüncəsi məntiqsizlikdir.

Hz. Davudun və s. tövbəsi də bənzər şəkildə izah edilə bilər. Vaxt itkisi olmaması səbəbilə bunu ayrı olaraq izah etmirik.

İddia:
Hz. Musa (əs) Qasas surəsinin 15-ci ayəsinə görə birisini öldürmüşdür. Sonra da bunun Şeytan əməli olduğunu demişdir. Bu da göstərir bu iş yanlış işdir və Hz. Musa günahkar olmuşdur.

Cavab:
1. Göründüyü kimi Musa (əs) adamı xəta ilə öldürmüş, öldürmək kimi bir niyyəti olmamışdır. Daha əvvəl nəql etdiyimiz ayələrdən öyrəndiyimizə görə xəta ilə edilən yanlışlar günah sayılmaz. Sayılsa belə, bunlar kiçik günah sayılar. Bu zəlləni kiçik günah hesab edənlər hadisənin nübüvvətdən əvvəl baş verdiyini bildirmişdilər.

Ayədəki hadisə baş verərkən Hz. Musanın peyğəmbər olub-olmadığı məsələsi qaranlıqdır. Böyük müfəssir Raziyə görə bu hadisə baş verərkən Hz. Musaya nübüvvət verilməmişdi. Raziyə görə əvvəlki ayədə ona elm və hikmətin verildiyindən bəhs edilsə də, bu ayənin əvvəlindəki atıf hərfi olan vav tərtib ifadə etmədiyindən, Hz. Musa bu hadisə zamanı hələ peyğəmbər olmamışdır. (Bununla bağlı başqa dəlillər də göstərmişdir. Əlavə məlumat üçün həmin ayənin təfsirinə baxıla bilər).

Bu əhvalatın peyğəmbərliyin verilməsindən sonra baş verdiyini düşünən Qazı Beyzavi kimi alimlər isə bunun xəta olması səbəbindən ismət xüsusiyyətinə mane olmadığını bildirmişdirlər.

2. Hz. Musanın: "Bu, Şeytan əməlidir", - sözünü qətl hadisəsi haqqında dediyi dəqiq deyildir. Belə ki, öldürülən adam kafir olmuşdur. Bu sözün kafirlik haqqında deyilə biləcəyi açıqdır. Və ya təsadüf nəticəsində ölən adamı onun istəyərək öldürmədiyini bildirmək üçün: "Bunu istəyərək eləmədim, bu, Şeytanın işidir", - demiş ola bilər.

Hər bir halda Ənam, 6/68; Bəqərə, 2/286 kimi ayələrin ifadəsinə görə də bu növ xəta səbəbindən baş vermiş hadisələr günah sayıla bilməz və məsumluğa xələl gətirməz.

İddia:
Hz. İbrahim bütləri qırmış, ondan bütlərin kim tərəfindən qırıldığını soruşanlara: "Bu böyük büt qırmışdır", - cavabını vermişdir. Bundan başqa Hz. İbrahim aya, günəşə: "Bu mənim Rəbbimdir", - demişdir. Bunlar yalandır. Yalan da günahdır. Deməli, Hz. İbrahim günah işlər görmüşdür.

Cavab:
1. Quran-i Kərimi bir az da olsa anlayan birisi -ən azından- Hz. İbrahim haqqında belə danışmaz, Hz. İbrahimin günahkar ola biləcəyini deməz, utanar.

Sad surəsinin 82-83-cü ayələrində belə buyurulmuşdur: "(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını azdıracağam. Sənin ixlaslı bəndələrindən başqa!"

Şeytanın insanı azdırması günaha soxmasıdır. Ayədə muxlis (ixlaslı) bəndələrin günaha girməyəcəyindən bəhs edilir. Bəs İbrahim peyğəmbər ixlaslı olmayıb? Eyni surənin 46-cı ayəsində onun da ixlas sahibi olduğundan danışılırdı. 

Deməli, Şeytan Hz. İbrahimi də (digər nəbilər kimi) yoldan çıxarıb günaha sala bilməzdi. Bu halda yuxarıdakı iddialar Quran ayələrinə ziddir!

2. Çox məharətli bir aşpaz var və yaşadığı məhəllədə onun kimi yaxşı yemək bişirən insan yoxdur. Onun evinə gedib sizin üçün özəl olaraq hazırladığı bir yeməkdən yediniz. Yeməyi çox xoşladınız və ondan soruşursunuz: "Bu yeməyi sənmi bişirmisən?" Aşpaz cavab verir: "Yox, nənəm bişirib!"

Sizcə, aşpaz bu cavabı ilə yalan demiş oldu? Olmadı. Çünki onun niyyəti kinayə ilə sualınıza cavab vermək idi. Əlbəttə ki, yaşadığı bölgədə ondan daha məharətli yemək bişirən yoxdursa, həmin yemək də o aşpazın evində bişibsə, demək, o yeməyi bu aşpaz bişirib.

Bənzər şəkildə Hz. İbrahim bütləri qırdıqdan sonra baltanı böyük bütün boynuna asır. Ondan bütləri kimin qırdığını soruşan kəs bilirdi ki, bunu İbrahimdən (əs) başqası etmiş ola bilməz. Buna görə də İbrahim peyğəmbərə: "Bütləri sən qırmısan?" - sualını verdiyi zaman, İbrahim (əs) ona nümunəmizdəki: "Yox, nənəm bişirib", - mənasına gələn cavabı vermişdir. Mənası: "Təbii ki, mən qırmışam", - şəklində olacaqdır. Burada yalan və ya günah yoxdur. Əksinə, kinayə ilə Haqqı isbatlamaq vardır.

3. Quran-i Kərimdəki icaza görə bəzi sözlər cümlələrdə bəzən buraxılır, bəzən də gizlədilir. Bunun çoxlu örnəkləri vardır. Məsələn, "Sizə analarınız haram edildi..." şəklindəki ayədə bir hazf edilmiş (buraxılmış) məlumat var. Analarımızla yemək yemək, yoxa çay içmək, ya da söhbətləşmək haram edilib? 

"Sizə analarınız haram edildi..." demək odur ki, "sizə analarınızla evlənməniz haram edildi..."

Eyni şəkildə Hz. İbrahimin ay ilə bağlı sözündə "fi zamikum" ifadəsi, yəni "sizin düşüncənizə görə" ifadəsi və ya "tutaq ki" ifadəsi buraxılmış ola bilər. Sad surəsində xəbər verilən Hz. İbrahimin məsumluğuna zidd olmaması üçün bu ayəni bu şəkildə anlamalıyıq.

Deməli, bu ayə də peyğəmbərlərin məsumluğuna zidd deyildir.

İddia:
Hz. Yunus (əs) öz vəzifəsini qoyub əsəbiliklə oradan uzaqlaşmışdır. Sahibindən kölə kimi qaçmaq günah deyildir?

Cavab:
Burada da ən yaxşı olanı (öz qövmünə təbliğ etmək) tərk edib yaxşılıq səviyyəsi daha az olanı (öz qövmündən uzaqlaşmaq, başqalarına təbliğ etməyə çalışmaq) seçmək vardır ki, buna zəllə deyilir. Hz. Yunus yaxşını qoyub pisi seçməmişdir ki, günah etmiş olsun. 

Hz. Yunus bu hərəkəti edərkən həm də əsəbi olmuş və öz vəzifəsini unudaraq oradan uzaqlaşmışdır. Yenə də unutmaqdan bir günah yaranmış olmaz.

Bu növ xətalar ismət xüsusiyyətinə zərər yetirməz.

Digər peyğəmbərlər haqqında göstərilə bilinəcək iddiaları da yenə yuxarıdakılarla bənzər şəkildə cavablandırmaq mümkündür. Mahiyyət eyni olduğundan sözü çox uzatmır, Rəsulullah haqqındakı iddialara keçirik.

Hz. Muhəmmədin günah edə biləcəyini deyənlərin iddialarına cavablar:

İddia:
Kəhf surəsinin 110-cu ayəsində və Fussilət surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: "De: “Mən də sizin kimi ancaq bir insanam..." Bu ayələrdən açıq-aydın görünür ki, Peyğəmbərimiz də bir bəşərdir. Hər bəşər də xəta edir. Onda Peyğəmbərimiz də günah edib. Əks halda, ondan nümunə götürmək mümkün olmaz!

Cavab:
Əlbəttə, Peyğəmbərimiz də bir bəşər olmuşdur. Bizim Peyğəmbərin bəşər olmaması kimi bir iddiamız yoxdur. Sadəcə olaraq: "Peyğəmbərimiz də bir bəşər olub, deməli, günah etmişdir", - sözünün yanlış olduğunu əsaslandırmağa çalışırıq. Bunun yanlış olduğunu aşağıdakı nümunədən də görmək olar:

- Kömür də karbon elementinin allotropik şəkildəyişməsidir, almaz da. Hər ikisi karbondur. Onda kömürləri də almaz qiymətinə satmaq olar.

Peyğəmbərimizin də bəşər olması səbəbilə günahkar olduğunu iddia etmək kömür-almaz nümunəsi qədər gülüncdür.

Digər bir tərəfdən, əlifbanmızda 23 samit, 9 sait hərf vardır. Sait hərfləri samitlərdən bir sıra xüsusiyyətlər fərqləndirir. Məsələn, saitlər vurğu qəbul etdiyi halda, heç bir samit vurğu qəbul etmir.

Gəlin bu hərflərin öz aralarında söhbətləşdiklərini fərz edək: Sait hərf olan A hərfi samit hərflərə belə deyir: "Mən də sizin kimi əlifbanın bir hərfiyəm". Samitlər də ona cavab verirlər ki: "Madam ki sən də bizim kimi bir hərfsən, onda biz də sənin kimi vurğu qəbul edə bilərik".

Gördüyünüz kimi bu düşüncə çox məntiqsiz düşüncə tərzidir. Eyni növə aid olan bütün məxluqlar eyni xüsusiyyətləri daşımaq məcburiyyətində deyil.

Deməli, Peyğəmbərimiz də bir bəşərdir. Hər bəşər kimi onun da günah edə bilmə xüsusiyyəti vardır. Lakin Peyğəmbər olması səbəbilə, Allah onu günahlardan qorumuşdur.

Ondan nümunə götürmə məsələsinə gəlincə, elə ondan götürəcəyimiz nümunələrdən biri maksimal dərəcədə günahlardan uzaq qalmaqdır.

Daha əvvəl nəql etdiyimiz dəlillərə görə Allah peyğəmbərlərin hamısının günahsız olduqlarını bildirmiş, eyni zamanda da Əhzab surəsinin 21-ci ayəsində: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" - buyurubsa, deməli, günahsız bir peyğəmbərdən nümunə götürmək olduqca mümkündür.

İddia:
Fəth surəsinin 2-ci ayəsində belə buyurulmuşdur: "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq..." Bu ayədən belə nəticə çıxır ki, Peyğəmbərimizin günahları olmuşdur. Çünki Allah onun günahlarının bağışlanacağından bəhs etmişdir. 

Cavab:
Peyğəmbərlərin məsum olma özəlliklərinə "ismət" deyilir. İsmət peyğəmbərlərin öz hesablarına həm böyük, həm kiçik günahlardan uzaqlaşmaları və ya günah edə bilmə duyğusunu itirmələri deyildir. İsmət Allahın onları günahlardan qorumasıdır. Belə ki, peyğəmbərlər onlara nübüvvət verilmədən əvvəl unutmaq və xəta səbəbindən kiçik günahlar etmiş ola bilərlər. Lakin həm peyğəmbərlikdən öncə böyük, həm də peyğəmbərlik verildikdən sonra kiçik və böyük günah etməzlər.

Buradan aydın olur ki, Peyğəmbərimizin də günah etmə duyğusu olmuşdur, ancaq peyğəmbər olması səbəbilə Allah tərəfindən günahlardan mühafizə edilmişdir.

Bəs ayədəki "günahlarını bağışlayacaq" hissəsini necə anlamalıyıq? Bu barədə bir neçə fikir vardır:

1. Bu ayədə bəhs edilən günahların bağışlanma hadisəsi edilmiş və ya ediləsi günahların bağışlanması deyil, günah işləmə duyğusunun Allahın nəzarəti altına alınacağı və günahlardan qorunacağı - yəni ona da ismətin veriləcəyi haqqındadır.

2. Peyğəmbərimiz risalət verilməmişdən əvvəl kiçik günahlar etmiş ola bilər. Peyğəmbərimiz risalətdən sonra da vəhy nazil olmamış mövzularda ictihad etmiş, bəzən də xəta etdiyindən dərhal xətası vəhy ilə (məsələn, Tövbə, 9/43) düzəldilmişdir. Bu ayədə də Allahın öz Peyğəmbərinin risalətdən əvvəl edilmiş kiçik günahlarını və risalətdən sonrakı belə ictihad xətalarını bağışlayacağını bildirmişdir.

3. Zümər surəsinin 65-ci ayəsində belə buyurulmuşdurş: "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!"

Yunus surəsinin 94-cü ayəsində Rəbbimiz belə buyurmuşdur: "... Şübhə edənlərdən olma!"

Bilirik ki, Allahdan bilavasitə vəhy alan Peyğəmbər heç vaxt Allaha şərik qoşmaz, şübhə edənlərdən də olmaz. Bəs niyə yuxarıdakı iki ayədə Peyğəmbərimizə xitab edilmişdir? Buradan o nəticə çıxır ki, xitab Peyğəmbərimizə olsa da, əsl müraciət olunanlar müsəlmanlardır.

Deməli, Fəth surəsindəki "günahlarını bağışlayacaq" hissəsi ümmətin tövbə edən fərdlərinə aiddir.

Bu fikir Muhyiddin-i Ərabi kimilərin görüşüdür. Bu ayə haqqında müxtəlif rəylər də vardır. Lakin hər bir halda bu ayədən: "Peyğəmbər günah işlər görmüşdür", - nəticəsinin çıxmayacağı açıq-aydındır. Çünki bu ayədən "Peyğəmbər günah işlər görmüşdür" nəticəsini çıxaranlar, Fəth, 48/2 ayəsi ilə peyğəmbərlərin günahsızlığını isbat edən digər ayələrin (məsələn, Hucurat, 49/6) bir-birinə zidd olduğunu düşünməlidirlər ki, bu da Quranda yanlış olduğunu demək olar və insanı dindən çıxardar.

Bu iddiaya bənzər digər iddialar da Muhəmməd, 47/19 ayəsi ilə bağlıdır. Lakin hər ikisinin də mahiyyəti eyni olduğundan Muhəmməd, 47/19 ayəsi haqqındakı iddiaya ayrılıqda cavab vermə ehtiyacı hiss etmədik.

İddia:
Peyğəmbərimizə Əbəsə surəsində, Təhrim surəsində və daha bir neçə yerdə Allah tərəfindən xəbərdarlıqlar edilmişdir. Onun etdiyi bu yanlışlıqlar günah deyildirsə, bəs nədir?

Cavab:
Haqqında vəhy nazil olmamış bəzi məsələlərdə Rəsulullahın ictihad etdiyini bilirik. Hətta ona ictihad edə bilmə səlahiyyətini də Allah vermişdir: "Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə verdiyin hökmlərə bir sıxıntı duymadan tam boyun əyməyincə, iman gətirmiş olmazlar." (Nisa, 4/65)

Deməli, Rəsulullahın ictihad etməsi zəruridir. Rəsulun bəzi ictihadlarında xəta edəcəyini bilən Allah buna baxmayaraq ona ictihad etmə səlahiyyəti vermişdirsə bu xətalar günah sayıla bilməz. Çünki xəta etdiyi zamanlarda da xəbərdarlıq etmişdir. 

Əbəsə surəsində bəhs edilən ictihad xətası:

Peyğəmbərimiz bir qrup varlı müşrikə İslamdan danışarkən gözləri görməyən bir nəfər (səhabə Abdullah ibnu Ümmü Məktum) ona doğru gəldi. Peyğəmbərimiz bilirdi ki, müşriklər gözləri görməyən bir nəfərlə birlikdə oturmağı özlərinə sığışdırmayıb gedəcəklər. Fikirləşdi ki, bu müşrikləri müsəlman edə bilsə, onların tabeliyində olan bütün əhali müsəlman ola bilər, ona tərəf gələn gözləri görməyən insan ilə sonra da məşğul ola bilər. Bu səbəbdən də üzünü turşutdu, ona arxasını çevirdi. Bu xətası da daha yaxşı olanı (gözləri görməyənə təbliğ etmək) tərk edib yaxşı olanı (minlərlə insanı müsəlman edə biləcək varlı müşriklərə təbliğ etmək) seçməsi nəticəsində yarandı və bu, günah deyildir, zəllədir.

Digər ayələrdə bəhs edilən ictihad xətaları da daha yaxşı olanı tərk edib yaxşı olanı seçməsi nəticəsində yaranmışdır və bənzər şəkildə izah oluna bilər.

Gəlin peyğəmbərlərin günah edə biləcəyini iddia edənlərin sözlərinə verdiyimiz cavabları burada yekunlaşdıraq və peyğəmbərlərin məsumluğuna inananlarla inanmayanlar arasında yarınmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyəyə keçək...