Qəbir əzabının olduğuna dair beşinci dəlil...

Nuh surəsinin 25-ci ayəsində belə buyurulmuşdur: "Onlar öz günahlarından dolayı suda boğuldular və alova daxil edildilər, özlərinə onları Allah(ın əzabın)dan qurtaracaq köməkçilər də tapa bilmədilər!"

Ayədə Nuh peyğəmbərin qövmünün tufandan sonra başına gələnlərdən bəhs edilir. Belə ki, onlar tufanda boğular-boğulmaz oda daxil edilmiş və əzabları başlanmışdır. 

Ərəb dilində sonra mənasına gələn iki söz vardır. فَ və ثُمَّ ədatları. فَ (fə) ədatı yaxınlıq məzmunu bildirir və bir şeyin başqa şeydən həmən sonra, tez baş verməsini bildirir. Məsələn, جَاءَ أَحْمَدُ فَعُمَرُ cümləsinin mənası Əhməd və Ömər gəldi şəklində olacaqdır. Buradakı فَ ədatı göstərir ki, Əhməd ilə Ömər çox yaxın bir zamanda, bəlkə, bir birindən bir neçə dəqiqə fərqlə gəlmişdirlər. Yəni iş yaxın zamanda baş vermişdir. Lakin فَ ədatının işlənməsi Əhmədin Ömərdən əvvəl gəlmiş olduğunu göstərir.

ثُمَّ (sümmə) ədatı isə uzaqlıq ifadə edir. İki şey arasında uzun müddətin olduğunu bildirir. Məsələn, جَاءَ أَحْمَدُ ثُمَّ عُمَرُcümləsinin mənası Əhməd gəldi, sonra Ömər gəldi şəklindədir. ثُمَّ sözünün istifadə olunması göstərir ki, Ömərin gəlişi Əhməddən uzun müddət sonra olmuşdur, bəlkə də, Ömər Əhməddən günlər sonra gəlmişdir.

Ayənin orjinalı belədir: مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا, yəni günahları səbəbindən suda boğuldular oda daxil edildilər. Göründüyü kimi burada da yaxınlıq məzmunu ifadə edən فَ ədatından istifadə olunmuşdur. Buradan çıxan nəticəyə görə Nuh peyğəmbərin qövmü boğulan kimi alova soxulmuşdur.

Bu alov Cəhənnəm alovu ola bilməz, çünki Cəhənnəm alovuna Qiyamət qopduqdan sonra daxil ediləcəklər. Deməli, onların ölümdən sonra, Qiyamətdən əvvəl soxulduqları əzab atəşi qəbir əzabının alovundan başqa bir şey ola bilməz.

Qəbir əzabının həqiqət olduğunu təsdiq edən daha çox ayələr var. Lakin hamısını burada nəql etmə ehtiyacı hiss etmədik. Kabir Hayatı əsərinə müraciət edərək bu barədə digər dəlilləri oxuya bilərsiniz.

Gəlin qəbir əzabının olduğuna dair beşinci dəlilimizi burada yekunlaşdıraq və qarşı tərəfin iddialarının cavablarına keçək...