Qəbir əzabının olduğuna dair birinci dəlil...

Tövbə surəsinin 101-ci ayəsində belə buyurulmuşdur: "Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar".

Göründüyü kimi ayədə üç əzabdan bəhs edilir. Ayədə bildirilən ilk əzab dünya əzabıdır, ikinci əzab isə qəbir əzabıdır. Ayənin sonundakı ən böyük əzab isə Cəhənnəm əzabıdır.

Böyük müfəssir İmam Təbəri həzrətləri bu ayə haqqında belə deyir: "Ayənin sonunda adı çəkilən böyük əzabdan murad Cəhənnəm əzabıdır. Alimlər bu mövzuda ittifaq etmişdirlər. Madam ayənin sonundakı böyük əzab Cəhənnəmdir, o halda daha əvvəl adı çəkilən iki əzabdan biri Cəhənnəm əzabı ola bilməz. Bu durumda iki əzabdan birinin qəbir əzabı olması lazım gələr. O halda əzab dünya əzabı, qəbir əzabı və Cəhənnəm əzabı olmaqla üçə ayrılır".

İmam Təbəri bu mövqeyində yalnız da deyildir: İbni Abbas, İmam Azam, Qazı Beyzavi, Əbu Malik, İbni Cüreyc, İmam Süddi, İmam Mücahid, İmam Qatadə, Həsən-i Bəsri, İbni Zeyd, İmam Fərra, Muhəmməd bin İshaq, İmam Rabi, İmam Dəhhaq, Süfyan-ı Səvri və daha bir çox böyük alim də ayədəki iki əzabdan birinin qəbir əzabı olduğu xüsusunda ittifaq etmişdirlər.

Bir düşünün: İbni Abbas həzrətləri yüz mindən çox səhabə içində Quranı ən yaxşı anlayan altı səhabədən biridir. Bu yüz min səhabə içində ərəb dilinin ustadları, bəlağət elminin alimləri var. Onlar belə başa düşmədiyi ayələrin izahlarını İbni Abbas həzrətlərindən soruşurlar. Elə bu İbni Abbas (ra) buyurur ki, ayədəki ikinci əzab qəbir əzabını bildirir.

Görəsən heç mümkündürmü ki, İbni Abbas olmayan bir həyatın (qəbir həyatının) varlığına inansın, sonra daha da irəli gedərək ayədəki ikinci əzabı o olmayan həyat ilə açıqlasın, sonra da bu qədər səhabə, alim onun yanlış izahı ilə razılaşsın. Görəsən bu heç mümkündürmü?

Deməli, Tövbə surəsinin 101-ci ayəsi qəbir əzabının varlığına dəlildir.

Gəlin qəbir əzabının olduğuna dair birinci dəlilimizi burada yekunlaşdıraq və ikinci dəlilimizə keçək...