Qəbir əzabının olduğuna dair ikinci dəlil...

Mumin surəsinin 45-46-cı ayələrində belə buyurulmuşdur: "Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı. Onlar səhər-axşam oda ərz edilərlər. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!"

Ayənin əvvəlində: "Firon əhlini isə şiddətli əzab sardı", - buyurularaq Firon və adamlarının suda boğulmasına işarə edilmişdir. Daha sonra isə: "Onlar səhər-axşam oda ərz edilərlər", - buyurularaq onların dənizdə boğulmasının ardınca əzaba düçar olduqlarından bəhs olunur. Bəs bu əzab hansı əzabdır?

Onların oda ərz olunmaları ölümlərindən, dənizdə boğulmalarından (Firon əhlini isə şiddətli əzab sardı) sonra baş vermişdir. İkincisi, Tövbə surəsinin 101-ci ayəsində üç əzabdan - dünya əzabı, qəbir əzabı və Cəhənnəm əzabından bəhs edilirdi. Firon və adamlarının dünyada dənizdə ikən boğulmaları onların dünya əzablarını bildirir. Deməli, burada bəhs edilən əzab dünyada sıxıntı çəkmələri ola bilməz. 

Ayənin Qiyamət qopduğu gün isə: “Firon əhlini ən şiddətli əzaba salın!", - deyiləcəkdir hissəsində onları gözləyən bir Cəhənnəm əzabının olduğundan bəhs edilir. Bu halda Firon və onun əhlinin Cəhənnəm əzabı çəkmələri Qiyamətdən sonra olacaq. Deməli, onların səhər-axşam çəkdikləri əzab Cəhənnəm əzabı da ola bilməz.

Ayənin: "Onlar səhər-axşam oda ərz edilərlər", - hissəsindəki əzab dünya əzabı deyilsə və axirət əzabı deyilsə, bəs nədir? Buradan çıxan nəticəyə görə qəbir əzabıdır.

Ayənin açıq bəyanına görə İmam Mücahid, Hz. İkrimə və Muhəmməd b. Qab bu ayənin qəbir əzabının olduğuna dəlil təşkil etdiyini bildirmişdirlər. Həm də bu fikir bütün İslam alimlərinin fikridir.

Bir çox reformist ilahiyyatçılar burada"Onlar səhər-axşam oda ərz edilərlər", - hissəsindəki əzab dünya əzabı olduğunu bildirirlər. Onların bu sözlərinə qarşı cavabımız budur:

Daha əvvəlki səhifədə Tövbə surəsinin 101-ci ayəsinin üç ayrı əzabdan bəhs etdiyini bildirmişdik: dünya əzabı, qəbir əzabı, axirət əzabı
  • Dünya əzabı: Firon və adamlarının dənizdə boğulmaları onların dünya əzablarıdır.
  • Qəbir əzabı: Onların səhər-axşam oda soxulmaları qəbir əzablarıdır.
  • Axirət əzabı: Qiyamətdən sonra əzabın ən şiddətlisinə soxulmaları da onların Cəhənnəm əzablarıdır.
Deməli, onların səhər-axşam oda ərz edilmələrini bildirən hissəni məcaz olaraq qəbul edib bu əzabın dünya əzabı olduğunu demək Tövbə, 9/101 ayəsinə zidd olar.

Burada belə bir sual ağıla gələ bilər: Qəbirdə günəş doğmadığı və səhər, axşam sözlərinin dünyaya aid olduğu halda niyə onların əzabları üçün səhər-axşam ifadəsi işlənmişdir? 

Cavabımız belədir: Buradakı sabah-axşam ifadəsi əzablarının dayanmadan, davamlı olaraq baş verdiyinə işarə edir. Sabah sözü ilə bütün gün, axşam sözü ilə də gecə nəzərdə tutulub və bütün gün əzab çəkdikləri bildirilib.

Gəlin qəbir əzabının olduğuna dair ikinci dəlilimizi burada yekunlaşdıraq və üçüncü dəlilimizə keçək...