Quran-i Kərim qəbirdə həyatın olduğundan bəhs edir...

İndi Mümtəhinə surəsinin 13-cü ayəsindən danışacağıq. Ayənin təhlilinə keçmədən öncə bir şeyi qeyd edək. Bu ayə iki cür tərcümə oluna bilər. 

Bu ayənin bir cür tərcüməsi belədir: "Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən ümidlərini üzdükləri kimi, onlar da axirətdən ümidlərini üzmüşlər!"

Bir ayə bir neçə şəkildə tərcümə oluna bilirsə, hansının doğru olduğu soruşulmaz. Çünki Quran ayələri dəniz kimidir. Allah bir ayə ilə bir neçə müxtəlif fikri çatdırmağı murad etmişdir və ayənin bir neçə şəkildə başa düşülməsini təmin etmişdir.

Deməli, bizim paylaşacağımız tərcümə yanlış deyildir. Üstəlik nəql edəcəyimiz tərcümə İbnu Abbas, Təbəri, İmam Mukatil, İmam Mücahid, İnbu Zeyd, İmam Mansur kimi böyük alimlərin də qəbul etdiyi bir tərcümədir.

Təfsir elmindən nəsibsiz birinin çıxıb: "Bu ayə ancaq yuxarıdakı kimi başa düşülə bilər", - deyə bilməməsi üçün ayəni sözbəsöz tərcümə edək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا Ey iman edənlər! لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ Allahın qəzəb etdiyi qövmü dost görməyin قَدْ يَئِسُوا مِنَ الْآخِرَةِ Onlar ki axirətdən ümidlərini üzmüşdürlər Bəs ümidlərini kim kimi axirətdən üzmüşdürlər? كَمَا يَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُورِ Qəbir əhli kafirlərin ümidlərini üzdükləri kimi

Ayəni bütöv ələ alaq: "Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Onlar qəbir əhli kafirlərin ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər!"

Deməli, ayənin قَدْ يَئِسُوا مِنَ الْآخِرَةِ كَمَا يَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُورِ hissəsində qəbirdəki kafirlərin axirətdən ümidlərini üzdükləri bildirilir.

Bildiyimiz kimi, ümidsizlik bir duyğudur. Duyğular da ancaq həyat sahibi varlıqlara məxsus olur. Məsələn, daşın ümidsiz olduğunu demək, kitabın ümidsiz olduğunu demək gülüncdür.

Əgər qəbir əhli kafirlər axirətdən ümidlərini üzə bilirlərsə, deməli, onlar canlıdırlar, həyat sahibidirlər və qəbirlərdə də həyat var. Əks halda, ayədə qəbir əhli kafirlərin ümidsizliyindən bəhs edilməzdi.

Demək, Mümtəhinə surəsinin 13-cü ayəsi qəbirlərdə həyatın olduğunu isbat edir.

Qəbirlərdə həyatın olduğunu anladığımıza görə orada qəbir əzabının da var olduğuna dair dəlillərə keçə bilərik...