Quranda Meracın haqq olduğuna dair birinci dəlil...

İsra surəsinin 60-cı ayəsində belə buyurulmuşdur: "... Sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir fitnə etdik. Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!"

Bu ayədə Peyğəmbərimizə göstərilmiş bir mənzərədən danışılır. Ayədə xəbər verilmiş tamaşa Merac möcüzəsi zamanı Peyğəmbərimizə nümayiş etdirilən şeylərdir. Bu mənzərənin Məkkənin fəthi haqqındakı yuxu və ya Bədr döyüşü haqqındakı yuxular olduğunu deyənlər olsa da, bu rəy tam doğru deyil. Əvvəla, bu ayə Məkkədə nazil olmuşdur və Mədinədə görülmüş yuxularla açıqlamaq yanlış olar. İkincisi, Müfəssirlərin çoxu bu mənzərənin Merac zamanı göstərilən şeylər olduğu xüsusunda həmfikirdirlər. 

Mənzərə şəklində tərcümə olunmuş söz ayənin orjinalında الرُّؤيَا الَّتِي (ru'yalləti) sözü ilə ifadə edilmişdir. Bəzilərinə görə bu söz yuxu mənasına gəlir və Merac yuxuda baş vermişdir. Onların bu sözlərinə cavabımız belədir:

1. Ru'ya sözü məsdərdir və yuxuda görülmüş şeylər haqqında istifadə edilsə də, bu sözün mənası görmək şəklindədir. Ayədə də əsl halına uyğun olaraq işlənmişdir və mənzərə mənalarına gəlir.

2. Ərəb dilində qurba ilə qurbət, ru'ya ilə ru'yət sözləri eyni mənaya gəlir. Bununla da, ru'ya sözü ilə tamaşa, mənzərə mənaları nəzərdə tutulmuşdur. Bu, səhabənin ən böyük müfəssirlərindən olan İbni Abbasın (ra) sözüdür.

3. Əgər bu sözün yuxu mənasına gəldiyini qəbul etsək belə, yenə də mənzərə, tamaşa şəklində tərcümə etməyimizə mane olmaz. Belə ki, Allah Qasas sursəsinin 74-cü ayəsində belə buyurmuşdur: "O gün (Allah müşriklərə) müraciət edib belə buyuracaqdır: “Bir şey hesab etdiyiniz şəriklərim (bütlər, tanrılar) haradadırlar?"

Əlbəttə ki, Allahın ortağı yoxdur. Sadəcə olaraq müşriklər bütləri Allahın ortaqları zənn etdiklərindən, ilahlaşdırdıqlarından ayədə kinayə ilə ortaqlarım sözü işlənmişdir. Eyni şəkildə müşriklər (və bu gün bəzi müsəlmanlar) Meracı yuxu olaraq görürdülər. Buna görə də ayədə onların sözü olan ru'ya işlənmişdir, halbuki nəzərdə tutulan məna mənzərə, görüntü mənasıdır.

Ayənin Meracdan bəhs etdiyinə və bunun yuxuda olmadığına ən böyük dəlilimiz ayənin davamındakı فِتْنَةً لِّلنَّاسِ (insanlar üçün bir fitnə) ifadəsidir. Bir şeyin fitnə səbəbi, yəni imtahan ola bilməsi üçün o şey ağıl ilə izah edilə bilinməyəcək dərəcədə fövqəltəbii olmalıdır. Ayədə fitnə səbəbi edilmiş ikinci şey olaraq Quranda lənətlənən ağac göstərilmişdir. Bu, Zəqqum ağacıdır. Belə ki, müşriklər: "Muhəmməd həm Cəhənnəmin daşları belə yandıra biləcəyini, həm də orada ağacın bitəcəyini deyir", - söyləmişdirlər. Onlar bunu öz ağılları ilə izah edə bilmirdilər.

Eyni şəkildə fitnə səbəbi olan birinci şeyin də bu dərəcədə fövqəltəbii olması lazım gələr. 

Bu şey

- Peyğəmbərimizə göstərilən mənzərədir
- İnsanlar üçün fitnə səbəbi ediləcək dərəcədə ağlasığmazdır.

Deməli bu, Meracdan başqa bir şey ola bilməz. Həqiqətən də Merac insanlara fitnə səbəbi edildiyindən bu gün də bəzilərimiz bunu ağlımıza sığışdırmayıb inkar edirik. Bu situasiya da ayədəki imtahan səbəbinin Merac olduğuna dəlildir.

Gəlin Qurandan Meracın haqq olduğuna dair göstərdiyimiz birinci dəlili burada yekunlaşdıraq və ikinci dəlilimizə keçək...