Sadəcə kişilərə cinsi istəklərini yerinə gətirmələri üçün hurilərin verilməsi ədalətsizlik olmazmı?

Cənnətdə kişilərə hurilərin veriləcəyini düşünmək Cənnətin sadəcə kişilərə məxsus yer olduğu fikrini yaratmaz. Belə ki, orada qadınlara da kifayət qədər nemətlər lütf ediləcəkdir. 

Hurilərin sadəcə kişilərə verilməsinin ədalətsizlik olduğunu düşünənlər ola bilər. Hər bir insanın nöqteyi-nəzəri və anlayış dərəcəsi fərqlidir. Məsələn, Quranda qadınlara mirasın 1/3-nin, kişilərə isə 2/3-nin verilməsini böyük bir hikmət olaraq anlamaq mümkündür. Lakin bunun səbəbini bilməyənlər mirasın belə bölüşdürülməsinin qadınlara edilmiş haqsızlıq olduğunu düşünə bilərlər.

Bir məclisə gedərkən qadınlar zinət əşyalarından istifadə etmək ehtiyacı duyarlar. Bəs kişilər qızıl taxmaq istəyir? Əlbəttə ki, yox.

Deməli, canlılardakı ehtiyaclar fərqli-fərqlidir. Cənnətdə kişilərə hurilər verilir deyə mütləq qadınlara da kişilər verilməlidir, əks halda ədalətsizlik olar? Xeyr, heç bir ədalətsizlik yaranmış olmaz. Çünki bərabərlik ilə ədalət fərqli şeylərdir. Bu barədə aşağıdakı rəsmə diqqət yetirək:


Gördüyünüz kimi bir şeyi hamıya eyni qədər vermək bərabərlik yaratsa da, həmişə ədaləti yaratmır. Ədalət hər kəsə ehtiyacını ödəyəcək qədər nemətin bəxş edilməsidir.

Eyni şəkildə, Cənnətdə kişilərə hurilər veriləcək deyə qadınlara da hurilərlə eyni funksiyanı yerinə yetirən kişilərin verilməsi bərabərlik yarada bilər, lakin bunun ədalət olduğunu demək nə dərəcədə düzgündür? Cənnətdə qadınların da cinsi məqsədlər üçün başqa kişilərə ehtiyac duyacağını haradan bilirik?

Kişilərin makyaj etmə, qızıl taxma istəyinin olmadığı kimi, qadınların da Cənnətdə çoxlu kişilərə qarşı cinsi istəkləri olmaya bilər...