Şəfaəti inkar edənlərin iddialarına cavablar...

İddia:
Müddəsir surəsinin 48-ci ayəsində buyurulmuşdur ki, şəfaət edicilərin şəfaəti fayda verməz. Deməli, şəfaət deyilən bir şey yoxdur!

Cavab:
Bir gün namaz qılmayan birindən niyə namaz qılmadığı soruşulur. O da cavab verir ki, Quranda: "Namaza yaxınlaşmayın!" - əmr edildiyinə görə namaz qılmır. Deyirlər ki, o ayənin önünə və arxasına da baxsın: orada içkili olarkən namaza yaxınlaşmamaq əmr edilir. Namaz qılmayan da cavab verir: "Daha o qədərini bilmərəm, hafiz deyiləm ki!"

Eyni şəkildə reformistlər də Müddəsir surəsinin 48-ci ayəsinin əvvəlini gizlədirlər. Gəlin ayəni əvvəlkilərlə birlikdə oxuyaq: "Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtməzdik, batilə dalanlarla birlikdə biz də dalardıq, Ölüm bizi haqlayana qədər haqq-hesab gününü yalan sayardıq”. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!" (Müddəsir, 74/43-48)

Ayədə bəhs edilən onlar - axirəti inkar edən kafirlərdir. Biz kafirlərə şəfaətin edilməyəcəyini onsuz da bilirik. Ayədə şəfaətin varlığı yox, kafirlər üçün şəfaətin faydası rədd edilir. Buna dair bir nümunə verək:

Ağır xərçəng xəstəliyinə tutulmuş birisi üçün: "Həkimlərin cəhdləri buna fayda verməz", - demək həkimlərin varlığını inkar etmək üçün deyil, xəstəliyin ağırlığına işarə etmək üçündür. Bu şəkildə də ayə kafirlərə belə deyir: Ey kafirlər, siz elə vəziyyətdəsiniz ki, hamıya fayda verən şəfaətin belə sizə faydası yoxdur!

Eyni zamanda bu ayə şəfaətin varlığına bir dəlildir. Belə ki, ayədəki "şəfaət edənlərin şəfaəti..." hissəsi ilə şəfaət edicilərin varlığından söz açılmışdır. Bunların şəfaəti kafirlərə fayda verməsə də, onların varlığı bildirilmişdir. Əgər şəfaət heç kəsə fayda verməsə idi, ayədə onların varlığından danışılması boşuna olardı. Quranda isə boşuna işlənmiş bir hərf belə yoxdur. Deməli, şəfaət də, şəfaət edicilər də vardır!

İddia:
Zümər surəsinin 44-cü ayəsində bütün şəfaətin Allaha məxsus olduğu bildirilmişdir. Hal belə olunca, siz necə Allaha ortaq qoşaraq başqalarının da şəfaət edə biləcəyini iddia edirsiniz?

Cavab:
Nisa, 4/139 ayəsində belə buyurulmuşdur: "Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur". (فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا

Zümər, 39/44 ayəsini dəlil gətirərək şəfaəti inkar edənlərdən soruşuruq: Bütün izzətin Allaha aid olması Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəldirmi?

Əgər bütün izzətin Allaha aid olmasının Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəl olduğunu deyirsinizsə, onda bu ayə sizi təkzib edər: 

Münafiqun, 74/8 ayəsində isə belə buyurulmuşdur: "... İzzət Allahın, onun Rəsulunun və möminlərindir..." (وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ)

Bir-birinə zidd kimi görünən bu ayələrin açıqlaması belədir: İzzət tamamilə Allaha məxsusdur. Peyğəmbər və möminlərin izzətə sahib olmaları isə Allahın bunu onlara bəxş etməsi ilədir.

Quranda bir çox yerdə bütün mülkün Allaha aid olmasından danışılır. Bu bizim mülkə sahib olmağımıza əngəldirmi? Xeyr, bizim mülk sahibi olmağımız da Allahın bizə o mülkü bəxş etməsi ilədir.

Eyni şəkildə bütün şəfaət Allaha aiddir, lakin onun icazə verdiyi bəndələri də şəfaət edə biləcəkdirlər.

Yenə də şəfaəti inkar edənlərin dəlillərinin nə qədər zəyif və məntiqsiz olduğunu görmüş olduq.

İddia:
Mumin surəsinin 18-ci ayəsində zalımlar üçün heç bir dostun və sözü keçən şəfaətçinin olmadığı bildirilmişdir. Buradaki zalım ifadəsi nəfsinə zülm edərək günah işləyənlər mənasındadır. Deməli, günahkarlar üçün şəfaət yoxdur, günahsızlar üçün də şəfaətə ehtiyac yoxdur.

Cavab:
Zalımlar üçün şəfaətçi yoxdursa, deməli, zalım olmayanlar üçün şəfaətçilər vardır. Ayədən çıxan nəticə budur. Çünki şəfaətçilər ümumiyyətlə olmasa idi, bu ayədə də olmazdı. Ümumiliyin içinə zalımlar da daxil olduğundan bu ayə yersiz olardı. Quranda isə yersiz bir şey ola bilməz. Deməli, zalım olmayanlar üçün şəfaətçilər var. Bəs ayədəki zalımlar kimlərdir?

Loğman surəsinin 13-cü ayəsində belə buyurulmuşdur: "... Doğrudan da, Allaha şərik qoşmaq çox böyük zülümdür!"

Quranda qeydsiz (mütləq) keçən zalım sözlərinin hamısı yuxarıdakı ayədə bildirilən zülmü - şirki edənləri təmsil edir. Günahkarlar üçün isə Quran fasiq ifadəsindən istifadə edir. Hətta mütləq (qeyd göstərilməmiş) işlənən fasiq ifadələri də, əsasən, kafirləri təmsil edir.

Mumin surəsinin 18-ci ayəsindəki zalımlar sözü də mütləq olaraq gəlmişdir. Deməli, bu söz nəfsinə zülm edənləri - günahkarları yox, çox böyük zülüm olan şirki işləmiş müşrikləri təmsil edir. Ayədə müşriklər üçün şəfaətin olmadığından bəhs edilmişdir. Onda müşrik olmayanlar üçün şəfaət vardır.

Ayədə şəfaətin varlığı yox, kafirlər üçün şəfaətin faydası rədd edilir. Buna dair bir nümunə verək:

Ağır xərçəng xəstəliyinə tutulmuş birisi üçün: "Bunu sağalda biləsi bir dərman yoxdur", - demək dərmanların faydalı olduğunu inkar etmək üçün deyil, xəstəliyin ağırlığına işarə etmək üçündür. Bu şəkildə də ayə müşriklərə belə deyir: Ey kafirlər, siz elə vəziyyətdəsiniz ki, etdiyiniz zülüm səbəbindən hamıya fayda verən şəfaətin belə sizə faydası yoxdur!


İddia: 
Bəqərə surəsinin 48-ci ayəsində buyurulmuşdur ki, o gün heç kimin şəfaəti qəbul edilməz. Bu ayə açıqca heç kimin şəfaətinin qəbul edilməyəcəyini göstərir. 

Cavab: 
Qurandakı bir ayə ilə hökm verərkən digər ayələri, hətta hədis-i şərifləri də nəzərə almaq lazımdır. Əks halda insan xəta edər. Buna bir nümunə verək: 

Bəqərə surəsinin 254-cü ayəsində belə buyurulmuşdur: “Dostluğun alış-verişin olmadığı gün...” Bu ayəyə baxaraq: “Vallah, Qiyamətdə dostluq olmayacaq, dəlilim də bu ayədir”, - deyən birisi Qurana iftira atmış olar. Çünki Zuxruf surəsinin 67-ci ayəsində belə buyurulmuşdur: “Müttəqilər istisna olmaqla o gün dostlar bir-birinə düşmən olacaqlar”. 

Göründüyü kimi, Bəqərə, 2/254 ayəsini bilib Zuxruf, 43/67 ayəsini bilməyən adam yalan danışar və bu yalanına Quranı da alət edər. Bəs yuxarıdakı iki ayənin açıqlaması nədir? 

Dostluğun olmadığını bildirən ayə bütün insanlıq üçün yox, kafirlər, müşriklər... haqqındadır. Bu bəyana bir istisnalıq Zuxruf surəsində göstərilmişdir. Deməli, o gün heç kim dost olmayacaqdır, lakin müttəqilər bir-birinin dostları ola biləcəklər. Hər halda fikrimizi açıqlaya bildik. 

Eyni şəkildə Bəqərə, 2/48 ayəsini göstərərək şəfaətin yoxluğuna dair hökm vermək yanlış olar. Şəfaətin var olduğuna dair onlarla ayə var, şəfaətin olmadığına dair də ayələr var. Bəs bunu necə anlamalıyıq? Bir şey həm var, həm də yox? Belə ola bilməz. Bunun açıqlaması budur: 

Şəfaət vardır, lakin Allahın razı olduğu və icazə verdiyi şəxslərə fayda verər. Şəfaətin yoxluğunu bildirən ayələrdə isə, əsasən, müşriklər, kafirlər kimi Allahın razı olmadığı insanlar nəzərdə tutulmuşdur. 

Bəqərə surəsinin 48-ci ayəsi də Nəsəfi və Ruhul-Bəyan təfsirlərində bildirildiyi kimi, yəhudilərin: “Biz İbrahim və İshaqın nəvələriyik. Bu səbəblə Allah onların bizim haqqımızdakı şəfaətlərini qəbul edər və onlar bizi atəşdən qoruyarlar”, - demələrindən sonra nazil olmuşdur. Ayə yəhudilərdən bəhs edir və onlara şəfaətin fayda verməyəcəyini bildirir. 

Bu ayənin bütün insanlığa aid olduğunu demək də, Bəqərə, 2/254 ayəsinə əsaslanaraq yanlış hökm verib Zuxruf, 43/67 ayəsini unutmağa bənzəyir. Bu ayə bütün insanlığa aid olsa belə, Allahın razı olmadığı və icazə vermədiyi kəslərə şəfaətin fayda verməyəcəyini bildirmiş olar. Çünki digər tərəfdə şəfaətin var olduğuna dair onlarla ayə var və bu ayələri yox sayıb Bəqərə, 2/48 ayəsinə görə şəfaəti inkar etmək həmin ayələri inkar etmək sayılar. 

Qısacası, Bəqərə surəsinin 48-ci ayəsi şəfaətin yoxluğuna dəlil deyildir.

İddia:
Şüəra surəsinin 100-cü ayəsində belə buyurulur: "Bizim üçün şəfaət edicilər yoxdur!" Bu ayədə açıqca şəfaətçilərin olmadığından danışılır. Bəs siz şəfaətin varlığına necə inanırsınız?

Cavab:
"Bizim üçün şəfaət edicilər yoxdur", - ayəsi kimin sözüdür? Yəni ayədəki biz əvəzliyi kimi ifadə edir? Bunu bilmək üçün Şüəra surəsinin 95-ci ayəsindən etibarən 101-ci ayəyə qədər olan hissəyə diqqət yetirək:

"İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar). Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq! Çünki biz sizi (bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var!" (Şüəra, 26/95-101)

Deməli, Şüəra surəsində: "Bizim üçün şəfaət edicilər yoxdur", - sözünü deyənlər bütlərə inanan və inandığı bütləri Cəhənnəmdə görən, beləcə peşmanlıqlarını bildirmək üçün belə ifadələr işlədən müşriklərdir.

Bu ayəni dəlil gətirərək şəfaəti inkar edənlərdən soruşuruq: Bu ayənin müsəlmanlarla nə bağlılığı var? Biz: "Bütlər müşriklərə şəfaət edəcək", - demədik ki, bu ayəni göstərərək bizi təkzib edəsiniz!

Göründüyü kimi bu ayə də müşriklər haqqındadır və müsəlmanlarla bağlılığı yoxdur. Şəfaətin yoxluğu bildirilmir, müşriklərə fayda verməyəcəyi bildirilir.

Əslində, bu ayə şəfaətin varlığını isbat edir:

Bütə sitayiş edən müşriklər: "Bizim üçün şəfaətçilər yoxdur", - deyirlər. Diqqət edin: onlar: "Şəfaətçilər yoxdur", - demirlər, özlərinə şəfaət edəsi insanların olmadığını deyirlər. Onların bu sözlərindən anlaşılır ki, başqaları - günahkar müsəlmanlar üçün Allahın icazə verdiyi şəfaətçilər vardır.

İddia:
Səcdə surəsinin 4-cü ayəsində buyurulub ki, bizim üçün Allahdan başqa dost da yoxdur, şəfaətçi də yoxdur. Deməli, şəfaət Allaha aiddir!

Cavab:
Ayədə bizim üçün Allahdan başqa dostun olmadığı da buyurulmuşdur. Bəs bu ayəyə görə Peyğəmbərimiz və möminlər dostumuz deyil?

Səcdə surəsinin 4-cü ayəsinə əsaslanaraq Peyğəmbərimizin və möminlər dostumuz olmadığını demək Qurana iftiradır. 

Maidə surəsinin 55-ci ayəsində belə buyurulmuşdur: "Sizin dostunuz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir".

Allahdan başqa dostun olmaması Peyğəmbərimizin və möminlərin bizə dost olmalarına əngəl olmadığı kimi, Allahdan başqa şəfaətçinin olmaması da başqalarının onun icazəsi ilə şəfaət etməsinə əngəl deyildir. Buna bir örnək verək:

Nisa, 4/139 ayəsində belə buyurulmuşdur: "Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur". (فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا

Səcdə surəsinin 4-cü ayəsini dəlil gətirərək şəfaəti inkar edənlərdən soruşuruq: Bütün izzətin Allaha aid olması Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəldirmi?

Əgər bütün izzətin Allaha aid olmasının Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəl olduğunu deyirsinizsə, onda bu ayə sizi təkzib edər: 

Münafiqun, 74/8 ayəsində isə belə buyurulmuşdur: "... İzzət Allahın, onun Rəsulunun və möminlərindir..." (وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ)

Bir-birinə zidd kimi görünən bu ayələrin açıqlaması belədir: İzzət tamamilə Allaha məxsusdur. Peyğəmbər və möminlərin izzətə sahib olmaları isə Allahın bunu onlara bəxş etməsi ilədir.

Quranda bir çox yerdə bütün mülkün Allaha aid olmasından danışılır. Bu bizim mülkə sahib olmağımıza əngəldirmi? Xeyr, bizim mülk sahibi olmağımız da Allahın bizə o mülkü bəxş etməsi ilədir.

Eyni şəkildə bütün şəfaət Allaha aiddir, lakin onun icazə verdiyi bəndələri də şəfaət edə biləcəkdirlər.

İddia:
Ənam surəsinin 94-cü ayəsində belə buyurulub: "... Artıq sizin öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz də sizdən (uzaqlaşıb) qeyb olmuşdur". Bu ayə şəfaətin yoxluğuna dəlildir.

Cavab:
Bu ayədə kimlərdən bəhs edilir? Bunu anlamaq üçün ayənin əvvəlinə baxmaq lazımdır:

"Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” -dediklərini görəydin!" (Ənam, 6/93)

Bu ayədən sonra 94-cü ayədə belə buyurulmuşdur: "Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz də sizdən (uzaqlaşıb) qeyb olmuşdur".

Quranda zalım sözü mütləq işləndiyi zaman müşrik və kafir insanları ifadə edər. Göründüyü kimi, bu ayədə bəhs edilənlər müşriklərdir.

Eyni zamanda, ayədəki Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi ifadəsindən anlaşılır ki, burada Allaha şərik qoşanlardan - müşriklərdən bəhs edilir.

Ayədə şəfaətin varlığı yox, kafirlər üçün şəfaətin faydası rədd edilir. Biz də bununla razıyıq və şəfaətin müşriklərə fayda verməyəcəyini bilirik...

İddia:
Ənam surəsinin 51-ci ayəsində belə buyurulmuşdur: "Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən qorxub çəkinələr!" Bu ayədə Allahdan başqa şəfaətçinin olmadığı bəyan edilmişdir. Deməli, şəfaətçilər olmayacaq!

Cavab:
Bu ayədə bildirilən Allahın hüzuruna toplanmaqdan qorxan insanlar haqqında iki şey deyilə bilər:

1. Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanlar haqqındakı ilk ehtimal onların kafirlər olmalarıdır. Əgər bu ayə kafirlər haqqındadırsa, bu ayə şəfaətin yoxluğuna dəlil ola bilməz! Çünki, biz kafirlərə şəfaətin olacağını demədik ki bu ayə ilə bizi təkzib edəsiniz. Biz şəfaətin möminlər üçün olacağını demişdik...

2. Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanlar haqqındakı ikinci ehtimal onların möminlər olmalarıdır. Bu ayə möminlər haqqında olsa belə, yenə də şəfaətin yoxluğuna dəlil ola bilməz!

Ayədə Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanlar üçün Allahdan başqa dostun olmadığı da buyurulmuşdur. Bəs bu ayəyə görə Peyğəmbərimiz və möminlər dostumuz deyil?

Ənam surəsinin 51-ci ayəsinə əsaslanaraq Peyğəmbərimizin və möminlər dostumuz olmadığını demək Qurana iftiradır. 

Maidə surəsinin 55-ci ayəsində belə buyurulmuşdur: "Sizin dostunuz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir".

Allahdan başqa dostun olmaması Peyğəmbərimizin və möminlərin bizə dost olmalarına əngəl olmadığı kimi, Allahdan başqa şəfaətçinin olmaması da başqalarının onun icazəsi ilə şəfaət etməsinə əngəl deyildir. Buna bir örnək verək:

Nisa, 4/139 ayəsində belə buyurulmuşdur: "Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur". (فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا

Ənam surəsinin 51-ci ayəsini dəlil gətirərək şəfaəti inkar edənlərdən soruşuruq: Bütün izzətin Allaha aid olması Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəldirmi? Əgər bütün izzətin Allaha aid olmasının Peyğəmbərin və möminlərin izzət sahibi olmalarına əngəl olduğunu deyirsinizsə, onda bu ayə sizi təkzib edər: 

Münafiqun, 74/8 ayəsində isə belə buyurulmuşdur: "... İzzət Allahın, onun Rəsulunun və möminlərindir..." (وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ)

Bir-birinə zidd kimi görünən bu ayələrin açıqlaması belədir: İzzət tamamilə Allaha məxsusdur. Peyğəmbər və möminlərin izzətə sahib olmaları isə Allahın bunu onlara bəxş etməsi ilədir.

Quranda bir çox yerdə bütün mülkün Allaha aid olmasından danışılır. Bu bizim mülkə sahib olmağımıza əngəldirmi? Xeyr, bizim mülk sahibi olmağımız da Allahın bizə o mülkü bəxş etməsi ilədir.

Eyni şəkildə bütün şəfaət Allaha aiddir, lakin onun icazə verdiyi bəndələri də şəfaət edə biləcəkdirlər. Ayədə şəfaətin olmadığına dair dəlil yoxdur.

İddia:
Bəqərə surəsinin 254-cü ayəsində belə buyurulmuşdur: "Ey iman gətirənlər! Alışverişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın!" Bu ayədə açıqca axirətdə şəfaətin olmayacağından bəhs edilir. Məsələ çox açıq deyilmi?

Cavab:
Ayədə belə buyurulmuşdur: “Dostluğun alış-verişin olmadığı gün...” Bu ayəyə baxaraq: “Vallah, Qiyamətdə dostluq olmayacaq, dəlilim də bu ayədir”, - deyən birisi Qurana iftira atmış olar. Çünki Zuxruf surəsinin 67-ci ayəsində belə buyurulmuşdur: “Müttəqilər istisna olmaqla o gün dostlar bir-birinə düşmən olacaqlar”. 

Göründüyü kimi, Bəqərə, 2/254 ayəsini bilib Zuxruf, 43/67 ayəsini bilməyən adam yalan danışar və bu yalanına Quranı da alət edər. Bəs yuxarıdakı iki ayənin açıqlaması nədir? 

Dostluğun olmadığını bildirən ayə bütün insanlıq üçün yox, kafirlər, müşriklər... haqqındadır. Bu bəyana bir istisnalıq Zuxruf surəsində göstərilmişdir. Deməli, o gün heç kim dost olmayacaqdır, lakin müttəqilər bir-birinin dostları ola biləcəklər.

Eyni şəkildə şəfaətçilər də kafirlər üçün olmayacaqdır, lakin Allahın icazə verdiyi və razı olduğu insanlara şəfaət ediləcəkdir.

İddia:
Ənbiya surəsinin 28-ci ayəsində şəfaətin ancaq Allahın razı olduğu insanlara edilə biləcəyi bildirilmişdir. Günahkar olan insanlar isə Allahın razı olmadığı insanlardır. Deməli, onlar üçün şəfaət yoxdur.

Cavab:
Ənbiya surəsinin 28-ci ayəsi ilə bağlı: "Günahkar olan insanlar Allahın razı olmadığı insanlardır və onlar üçün şəfaət yoxdur", - fikri mötəzilə məzhəbinə aiddir. Bu fikrin necə yarandığına baxaq:

Bizim etiqadımıza görə böyük günah edən insanlar həmin haramların halal olduqlarını iddia etmədikləri müddətcə müsəlman sayılırlar. Yəni günah iş görmələri onları kafir etmir.

Lakin mötəzilə məzhəbinə görə böyük günahlar insanı kafir edir. Şəfaətin varlığına dair Quran və sünnətdə onlarla dəlillər olduğundan mötəzilə alimləri şəfaətin varlığını inkar edə bilməmişdirlər. Lakin böyük günahın insanı dindən çıxardığını demələri səbəbindən bunun varlığını da doğru-düzgün qəbul edə bilməmişlər.

Belə ki, şəfaət günahkar və ya Cəhənnəmə düşmüş müsəlmanları Allahın bağışlaması üçün ona dua etməkdir. Mötəzilə isə günahkarları kafir hesab edir. Kafirlər də Cəhənnəmdən çıxa bilməzlər. Bu səbəbdən mötəzilə şəfaəti inkar edə bilmədiyindən ona fərqli məzmun isnad edir və şəfaətin Cənnətdəki dərəcələrin artırılması olduğunu iddia edir.

Çünki mötəzilə alimləri şəfaətin Cəhənnəmə düşmüş müsəlmanları Allahın bağışlaması üçün ona dua etmək olduğunu qəbul eləsələr, bu səfər böyük günahların insanı kafir etdiyi iddialarından imtina etmələri lazım olacaq. Bunu edə bilmədiklərindən şəfaətin Cənnətdəki dərəcələrin artırılması olduğunu bildirirlər və fasiqlərdən (onlara görə, günah iş görüb dindən çıxanlardan) Allahın razı olmayacağını deyirlər.

Halbuki Allahın fasiqlərdən razı olmayacağında dair bir dəlil yoxdur. Belə ki, insan çox böyük gühahlar etmiş ola bilər. Lakin zalım hökmdarın önündə haqqı danışmaq, ana-ataya çox xidmət etmək, ac-susuz bir heyvanı doyurmaq kimi yaxşı işləri səbəbindən Allah ondan razı ola və günahlarını bağışlaya bilər. Burada dinə zidd heç bir şey yoxdur, əksinə bu barədə bir çox ayələr var və bu, Allahın rəhmətinə ən uyğun olandır.

Qısacası, Ənbiya surəsinin 28-ci ayəsindən şəfaətin yoxluğuna dair bir dəlil çıxmaz.

İddia:
Şəfaət sözü "cüt" mənasına gələn شفع sözündən əmələ gəlmişdir. Fəcr surəsinin 3-cü ayəsində də وَالشَّفْعِ وَالْوَتْرِ , yəni: "Cütə və təkə and olsun!" - buyurulmuş, burada da شفع sözündən istifadə edilmişdir. Buna görə də, şəfaət insanı Cəhənnəmdən xilas etmə deyildir, Cənnətdə insanların dərəcələrinin iki dəfə artmasıdır. Bilinən mənada şəfaət yoxdur...

Cavab:
Yuxarıdakı cavabda bildirildiyi kimi bu iddia mötəzilə məzhəbinə aiddir. Mötəzilə məzhəbinə görə böyük günahlar insanı kafir edir. Şəfaətin varlığına dair Quran və sünnətdə onlarla dəlillər olduğundan mötəzilə alimləri şəfaətin varlığını inkar edə bilməmişdirlər. Lakin böyük günahın insanı dindən çıxardığını demələri səbəbindən bunun varlığını da doğru-düzgün qəbul edə bilməmişlər.

Belə ki, şəfaət günahkar müsəlmanları Allahın bağışlaması üçün ona dua etməkdir. Mötəzilə isə günahkarları kafir hesab edir. Kafirlər də Cəhənnəmdən çıxa bilməzlər. Bu səbəbdən mötəzilə şəfaətə fərqli məzmun isnad edir və şəfaətin Cənnətdəki dərəcələrin iki dəfə artırılması olduğunu iddia edir. Dəlil olaraq da شفع sözünün cüt mənasına gəlməsini göstərirlər.

Çünki mötəzilə alimləri şəfaətin Cəhənnəmə düşmüş müsəlmanları Allahın bağışlaması üçün ona dua etmək olduğunu qəbul eləsələr, bu səfər böyük günahların insanı kafir etdiyi iddialarından imtina etmələri lazım olacaq. Bunu edə bilmədiklərindən şəfaətin Cənnətdəki dərəcələrin artırılması olduğunu bildirirlər. Onların bu iddialarına qarşı cavablarımız budur:

شفع sözünün cüt mənasına gəldiyi doğrudur. Şəfaətin də ikiləmə olduğu düzdür. Lakin bu ikiləmə savabları iki dəfə artırmaq deyildir. Çünki Allah (cc) Bəqərə, 2/261 ayəsində birə-yeddi yüz savab verəcəyini bildirmişdir. Yenə Bəqərə, 2/245 ayəsində yaxşılığın əvəzini dəfələrlə çoxaldacağını bildirmiş, ən az birə-on verəcəyini də Ənam, 6/160 ayəsində bildirmişdir.

Deməli, ikiləmə savabları iki dəfə artırmaq deyildir. Bəs nədir?

Şəfaət - axirətdə günahları ilə baş-başa olan, Allahın hüzurunda da tək qalan və ona təkbaşına yalvaran müsəlmanın bağışlanması üçün Allaha dua etmək və onu tək qoymayıb sayını ikiləməkdir. Mütləq شفع sözünə görə məna veriləcəksə, şəfaətin tərifi budur!

Şəfaətin Cənnətdə dərəcəni iki dəfə artırmaq olmadığına dair bir neçə dəlilimizi nəql edək:

1. Böyük alim Razi həzrətləri bu mövzuda aşağıdakı məzmunda bir dəlil gətirərək bunun məntiqən səhv olduğunu bildirir:

Qurandakı bir çox ayələrdə Allah öz qullarını təhdid etmiş və: "İcazə verdiyim istisna olmaqla, şəfaətin olmadığı gündən qorxun!" - buyurmuşdur. Əgər şəfaətə Cənnətdə dərəcəni iki dəfə artırmaq mənasını versək, bu təhdid mənasız olar.

Yəni belə bir təhdid ola bilərmi: "İcazə verdiklərim istisna olmaqla Cənnətdə dərəcələrin iki dəfə artırılmadığı gündən qorxun!" Belə bir təhdid ola bilməz, çünki bu təhdidi eşidən insanlar: "Təki Cənnətə girim, o mənə bəsdir, dərəcələrim artmasa da olar", - deyərlər. Şəfaətin əsl mənasını yerinə qoyduqda isə təhdid tam mənası ilə alınır: "Qorxun o gündən ki, icazə verdiklərim müstəsna heç kim heç kimin Cəhənnəmdən çıxarılmasına səbəb ola bilməz!"

Əgər şəfaətə Cənnətdə dərəcəni iki dəfə artırmaq mənasını versək, Uca Allahın bu təhdidini izah edə bilmərik.

Deməli, şəfaət Cənnətdə dərəcənin iki dəfə artması deyil, Cəhənnəmə girmiş müsəlmanların bağışlanmaları üçün Allaha dua etməkdir.

2. Şəfaət sözünə həm bir şeyi iki dəfə artırma mənasını, həm də bir şeyə (məsələn, Cəhənnəmdən çıxarılmağa, qulun əfv edilməsinə...) vəsilə olmaq mənasını qoyaq və hansının gözəl alındığına baxaq:

Nisa surəsinin 85-ci ayəsinin orjinalı belədir: مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا

Ayənin mənası belədir: Kim yaxşı bir şəfaət eləsə, onun üçün ondan bir pay vardır. Kim də pis bir şəfaət eləsə, onun üçün də ondan bir pay vardır.

Şəfaət sözünə bir şeyi iki dəfə artırma mənası verdikdə ayə belə tərcümə olunur: Kim birinin yaxşılığını iki dəfə artırsa, onun üçün ondan bir pay vardır. Kim birinin pisliyini iki dəfə artırsa, onun üçün də ondan bir pay vardır.

Şəfaət sözünə bir şeyə (məsələn, qulun əfv edilməsinə...) vəsilə olmaq mənasını verdikdə isə ayə belə tərcümə olunur: Kim bir yaxşılığa vəsilə olarsa, onun üçün ondan bir pay vardır. Kim bir pisliyə vəsilə olarsa, onun üçün də ondan bir pay vardır.

Hansı tərcümə daha dolğun alındı? Əlbəttə ki, ikincisi. Deməli şəfaət Cənnətdə məqamı, dərəcəni iki dəfə artırmaq deyildir.

Eyni zamanda şəfaətin Cənnətdə dərəcəni iki dəfə artırmaq mənasına gəldiyini bildirən heç bir ayə və hədis yoxdur! Bu, mötəzilənin və onun fikirlərini xalqa satan reformist ilahiyyatçıların uydurmasıdır.

İddia:
Hətta hədislərdə belə şəfaətin yoxluğundan bəhs olunur. Məsələn, Peyğəmbərimiz öz qızına belə fayda verə bilməyəcəyini bildirir və s. Bütün bu hədislərə rəğmən şəfaəti necə qəbul etmək olar?!

Cavab:
Quran və sünnətdə həm şəfaətin olduğuna dair, həm də olmadığına dair onlarla ayə və hədis var. Əgər şəfaətin olmadığına dair ayələrə əsaslanaraq: "Şəfaət yoxdur", - desək, onda şəfaətin olduğunu bildirən ayələrə zidd olar. Yox əgər şəfaətin olduğunu bildirən ayələrə əsaslanıb: "Hamı üçün şəfaət vardır", - desək, onda da şəfaətin olduğunu bildirən ayə və hədislərə zidd olar. Bəs nə etməli? Bir şey həm ola, həm də olmaya bilərmi? Bu ayələri necə cəm etmək olar?

Bu ayələri cəm etmənin tək yolu bəzi qruplara şəfaətin olacağını, bəzi qruplara isə olmayacağını deməklə olar. Əks halda bu ixtilafdan qurtulmaq mümkün olmaz. Şəfaətin olmadığını bildirən ayələr kimlər haqqındadır?

1. Kafirlər və müşriklər haqqındadır. Məsələn, Hz. Nuh ölən oğluna, Hz. Lut xanımına, Hz. İbrahim atasına şəfaət edə bilməyəcəkdir.

2. Allahın razı olmadığı və icazə vermədiyi insanlar haqqındadır. Deməli, insan müsəlman olsa belə, Allah ona şəfaət edilməsinə icazə verməsə, onun üçün şəfaət edilə bilməz.

3. Şəfaətin edilə bilinməyəcəyi yerlər haqqındadır. Məsələn, bir hədisin mətni belədir:

Bir gün Peyğəmbərimiz Hz. Aişə (ra) anamızın yanına girdi və onun ağladığını gördü. Bunun üzərinə: "Nə olub, ey Aişə?" - deyə soruşduqda, Hz. Aişə validəmiz belə dedi:

ذكرت النار فبكيت Alovu xatırladım və ağladım. فهل تذكرون أهليكم يوم القيامة Qiyamət günü ev əhlinizi xatırlayarsınız?

Bunun ardınca Rəsulullah (əsm) belə buyurdu:

أما في ثلاثة مواطن فلا يذكر أحد أحدا Üç yerdə heç kim heç kimin yadına düşməz. عند الميزان Mizanın yanında (savablarının ağır yoxsa, yüngül olduğunu bilənə qədər), وعند تطاير الصحف səhifələr uçuşduğunda (yəni əməl dəftərləri verilərkən) və وعند الصراط Sirat körpüsünün yanında.

Deməli, şəfaətin olmadığını bildirən ayə və hədislərdə bu yerlər də nəzərdə tutulmuş ola bilər.

Bu izahlardan sonra şəfaətin olmadığını bildirən hədisin açıqlamalarına keçək...

"Ey Qüreyş topluluğu! Nəfslərinizi Allahın əzabına qarşı qoruyun. Ey Abdi Mənaf oğulları! Mən sizi Allahın əzabına qarşı qoruya bilmərəm. Ey Abbas b. Abdulmüttəlib! Səni Allahdan gələcək əzabdan qoruya bilmərəm. Ey Rəsulullahın xalası Safiyə! Səni Allahın əzabına qarşı qoruya bilmərəm. Ey Fatimə b. Muhəmməd! Malımdan arzuladığını istə, ancaq sənə Allahdan gələcək əzabı dəf edə bilmərəm". (Müslim, İman, 348-351)

Bu hədis şəfaətin olmadığına dəlil ola bilməz. Belə ki, hədis bu mənalara gələ bilər:

a) Peyğəmbərimiz onlara: "Əgər siz İslamı qoyub şirkə geri qayıtsanız, mən sizi qurtara bilmərəm", - demək istəmişdir. Şərt cümləsi həzf edilmişdir (gizlənmişdir).

b) Peyğəmbərimiz bu hədisində: "Allahın izni olmadan sizdən əzabı dəf edə bilmərəm", - demək istəmişdir. Çünki şəfaət Allahın izni ilədir. Peyğəmbərimiz günahkarların əfv edilməsi üçün dua edə bilər, qəbul edib-etməmək isə Allaha qalmışdır.

Hədisi belə başa düşməliyik. Çünki şəfaətin olduğuna dair də bir çox hədislər var. Məsələn, "شَفَاعَتِى لِأَهْلِ الْكَبَائِرِ مِنْ أُمَّتِى Mənim şəfaətim ümmətimdən böyük günah sahibləri üçündür". (Tirmizi, Qiyamə, 11; İbnu Macə, Zühd, 26; İbn Hənbəl, III, 113)

Başda belə demişdik: Əgər şəfaətin olmadığına dair hədislərə əsaslanaraq: "Şəfaət yoxdur", - desək, onda şəfaətin olduğunu bildirən ayə və hədislərə zidd olar. Yox əgər şəfaətin olduğunu bildirən hədislərə əsaslanıb: "Hamı üçün şəfaət vardır", - desək, onda da şəfaətin olduğunu bildirən ayə və hədislərə zidd olar. Bu ayələri cəm etmənin tək yolu bəzi qruplara şəfaətin olacağını, bəzi qruplara isə olmayacağını deməklə olar. 

Deməli, şəfaətin olmayacağını bildirən hədislər də ya Allahın icazə vermədiyi durumları ifadə edir, ya da kafir və müşriklərə aid edilir.

Bu hədisləri göstərərək şəfaəti inkar edənlərdən bir şey soruşmaq istəyirik: Peyğəmbərimiz: "Mənə arxayın olmayın, mən sizi Allahın əzabından qoruya bilmərəm", - deyib. Görəsən, belə deməsi daha uyğundur, yoxsa: "Qorxmayın, hər günahı rahatca edin, mən sizə şəfaət edərəm", - deməsi daha doğrudur.

İddia:
Şəfaətin böyük günah sahibləri üçün olduğunu demək insanları günah iş görməyə təşviq edər. Bu da doğru deyildir.

Cavab:
Allah Zümər surəsinin 53-cü ayəsində belə buyurmuşdur: "De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə edildikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!

Allah bütün günahların bağışlana biləcəyini deyir və qullarını Allahın rəhmətindən ümid kəsməməyə çağırır. "Şəfaətin böyük günah sahibləri üçün olduğunu demək insanları günah iş görməyə təşviq edər", - deyənlərə bir sualımız var: Bu ayə xoşunuza gəlir? Bizcə, xoşunuza gəlməməlidir. Çünki bu ayədə ümidsiz olmamaq tövsiyə edilmiş və sizin məntiqinizə görə (haşa) günaha təşviq edilmişdir.

Yenə Furqan surəsinin 69-cu və 70-ci ayələrində belə buyurulub: "Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!"

Hər halda bu ayə də sizin xoşunuza gəlmir. Çünki ayədə nəinki günahların bağışlanmasından, hətta savablara çevrilməsindən bəhs edilir. Sizin məntiqinizə görə bu ayə də günah iş görməyə (haşa) təşviq edir, belə ki, bu ayəni oxuyan biri: "Onsuz da bağışlanacağam, onda günah işlər görüm", - deyə düşünər.

Əlbəttə ki, yuxarıdakı ayələr günaha təşviq etmir. Şəfaət də bu şəkildədir.

Bizlər şəfaətin mütləq olacağını demədik ki, günaha təşviq olsun! Əksinə, bütün alimlər: "Şəfaətə arxayın olmayın, Allah icazə verməsə, şəfaət edilə bilinməz!" - demişdirlər.

Yuxarıdakı hədisdə də şəfaətə arxayın olmamaq tövsiyə edilmişdir:

"Ey Qüreyş topluluğu! Nəfslərinizi Allahın əzabına qarşı qoruyun. Ey Abdi Mənaf oğulları! Mən sizi Allahın əzabına qarşı qoruya bilmərəm. Ey Abbas b. Abdulmüttəlib! Səni Allahdan gələcək əzabdan qoruya bilmərəm. Ey Rəsulullahın xalası Safiyə! Səni Allahın əzabına qarşı qoruya bilmərəm. Ey Fatimə b. Muhəmməd! Malımdan arzuladığını istə, ancaq sənə Allahdan gələcək əzabı dəf edə bilmərəm". (Müslim, İman, 348-351)

Deməli, Şəfaətin böyük günah sahibləri üçün olduğunu demənin insanları günah iş görməyə təşviq etdiyini söyləmək ağılsızlıqdır, şəfaəti inkar etmək üçün deyilmiş boş bir sözdür.

İddia:
Səhabələr Peyğəmbərimizdən şəfaət tələb etməmişdirlər. Əgər şəfaət haqq olsa idi, səhabələr şəfaət tələb edərdilər.

Cavab:
Səhabələrin Peyğəmbərimizdən şəfaət tələb etmədiyini deyənlər bir çox hədis-i şəriflərə gözlərini yummuşdurlar. Çünki səhabələrin Peyğəmbərimizdən şəfaət tələb etdiyini bildirən çoxlu hədislər var. Bu hədisləri qəbul etməyən iki qrup ola bilər:

- Birinci qrup hədislərə etibar etməyənlər: Hədisləri qəbul etməyənlər səhabələrin Peyğəmbərimizdən şəfaət tələb etməsini bildirən hədisləri rədd edərək: "Səhabələrin Peyğəmbərimizdən şəfaət tələb etməyib, şəfaət olsaydı, tələb edərdilər", - demiş ola bilərlər. Bu zaman belə bir sual yaranır: Hədislərə etibar etmirsinizsə, səhabələrin Peyğəmbərdən onlara şəfaət etməsini istəmədiklərini haradan bilirsiniz?

Deməli, hədislərə etibar etməyənlər bu iddia ilə şəfaəti inkar edə bilməzlər...

- İkinci qrup sadəcə səhih hədisləri qəbul edənlər: Ancaq səhih hədisləri qəbul edənlər səhabələrin şəfaət tələb etmələrini bildirən hədisləri səhih saymayaraq bu iddianı ortaya atmış ola bilərlər. Onların bu sözlərinə cavab aşağıdakı səhih hədislərdir:

Peyğəmbərin vəfat xəbərini eşidən Hz. Əbu Bəkir (ra) həmin an oraya gəldi, Rəsulullahın alnından öpdü və belə dedi: "Anam-atam sənə fəda olsun, ya Rəsulullah! Ölümündə də yaşamın qədər gözəlsən. Sənin ölümünlə peyğəmbərlik sonlanmışdır. Şanın və şərəfin o qədər böyükdür ki, üstündə ağlanmaqdan uzaqsan. Ey Muhəmməd! Rəbbimizin qatında bizi unutma, xatirində olaq!" Sonra çölə çıxdı və Hz. Öməri sakitləşdirdi... (Müslim, Salat; İbni Hişam, əs-Sirə, IV/335; Təbəri, Tarix, III/197, 198)

Göründüyü kimi Hz. Əbu Bəkir (ra) Rəsulullahdan şəfaət tələb etmişdir.

Peyğəmbərimiz (əsm) Cənnətə hesabsız-əzabsız olaraq girəcək yetmiş min adamdan bəhs edər. Səhabələr: "Onlar kimlərdir, ya Rəsulullah", - deyə sual verərlər. Peyğəmbərimiz onları təsvir etdikdən sonra Ukkaşə b. Mihsan əl-Əsədi ayağa qalxaraq: "Ey Allahın Rəsulu! Allaha dua et, məni onlardan etsin", - dedi. Peyğəmbərimiz də: "Sən onlardansan", - buyurdu... (Buxari, 5705; Müslim, 220/375) 

Göründüyü kimi Ukkaşə b. Mihsan (ra) onun hesabsız-əzabsız Cənnətə girməsi üçün dua etməsini, yəni ona şəfaət etməsini Rəsulullahdan tələb etmişdir.

Yuxarıdakı iki hədis də səhihdir. Bu barədə bir çox hədislər vardır. Lakin hamısını nəql etməyə ehtiyac görmədik...

Deməli, səhabələrin Peyğəmbərimizdən şəfaət tələb etmədiklərini demək çox böyük yalan və o şərəfli insanlara çox böyük iftiradır.

İddia:
Şəfaət vardır, ancaq: "Şəfaət, ya Rəsulullah!" - demək şirkdir. Çünki şəfaət Rəsulullahdan istənilməz, "Ey Rəbbimiz, Peyğəmbərini bizə şəfaətçi et", - deyərək Allahdan istənilər.

Cavab:
"Şəfaət, ya Rəsulullah!" - deyən birisi: "Ey Peyğəmbərimiz, Allahın bizi bağışlaması üçün bizə dua et", - demək istəmişdir. Təbii ki, "Şəfaət, ya Rəsulullah!" - demənin mənası: "Ey Allahın Elçisi, Allah bizi Cəhənnəmə atdı, gəl ondan icazəsiz bizi xilas et", - deyildir.

Təəssüf ki, şəfaəti inkar edənlər bizə iftira atır və bizim"Ey Allahın Elçisi, Allah bizi Cəhənnəmə atdı, gəl ondan icazəsiz bizi xilas et", - dediyimizi söyləyirlər.

Bu girişdən sonra məsələni üç başlıq halında incələyək:

1. Peyğəmbərimizdən şəfaət istəmək olar?

Buna cavabımız odur ki, səhabələr Peyğəmbərimizdən şəfaət tələb etmişdirlər. Əgər şəfaəti Peyğəmbərdən istəmək günah olsa idi, səhabələr bunu etməzdilər. Fərz edək ki, günah olduğu halda səhabələr bunu etdilər. Onda Peyğəmbərimiz onlara xəbərdarlıq edərdi. Peyğəmbərimiz də onların şəfaət istəklərinə qarşı çıxmamışdır. Deməli, Peyğəmbərimizdən şəfaət istəmək olar.

Hədisləri qəbul etməyənlər və səhabələrin Peyğəmbərimizdən şəfaət istədiklərinə inanmayanlar üçün Qurandan bir örnək verək.

Yusif surəsinin 97-98-ci ayələrində belə buyurulmuşdur: "(Oğlanları Yaquba): “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” - dedilər. (Yaqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

Şəfaət birinin günahının bağışlanması üçün Allaha dua etməkdir. Göründüyü kimi Hz. Yaqubun (əs) oğulları atalarının onlara şəfaət etməsini istəmiş, Hz. Yaqub da: "Olmaz, gedin şəfaəti Allahdan istəyin, məndən şəfaət istəmək şirkdir", - deməmiş, onlara şəfaət edəcəyini bildirmişdir.

Qısacası, Peyğəmbərdən şəfaət istəmək şirk (Allaha ortaq qoşmaq) deyildir.

2. Peyğəmbərimiz vəfat etdiyi halda onu "Ya Rəsulullah!" şəklində çağırmaq doğrudurmu?

Bəli, doğrudur. Rəsul-i Əkrəm (əsm) vəfat etmiş olsa da, onu "ya Rəsulullah!" şəklində çağırmanın heç bir yanlış tərəfi yoxdur.

Dəlilimiz isə hər gün qıldığımız namazlardır. Belə ki, hər namazda oxuduğumuz "ət-Təhiyyatü..." duasında belə bir hissə var: اَلسَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ. Yəni, ey Nəbi! Salam sənin üzərinə olsun!

Göründüyü kimi, vəfat etmiş olsa belə hər namazda, Peyğəmbərimizi "ey Nəbi!" (أَيُّهَا النَّبِيُّ) şəklində çağırırıq. Əgər bu yanlış olsa idi, namazda belə salam verməyimiz əmr edilməzdi.

Deməli, "Ya Rəsulullah!" - deyib çağırmaq da doğrudur.

3. Bizim: "Şəfaət, ya Rəsulullah!" - deməmizi Peyğəmbərimiz eşidə bilərmi?

Niyə eşitməsin? Əlbəttə ki, Allahın buna - bizim sözlərimizi ona çatdırmağa qüdrəti yetər. Dəlilimiz də bu hədisdir: "Qəbrimi bayram yerinə çevirməyin. Mənə salat və salam edin. Çünki harada olsanız, salat və salamınız mənə çatar". (Əbu Davud, Mənasiq, 97)

Bu barədə digər hədis-i şərif də belədir: "Yer üzündə Allahın səyyar mələkləri vardır. Ümmətimin salamlarını mənə çatdırırlar". (Müstədrək, II, 456; № 3576)

Bəqərə surəsinin 143-cü ayəsində belə buyurulmuşdur: "Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun..."

Bu ayə də digər Quran ayələri kimi bütün dövrlərə aiddir və VII əsrə məhkum edilə bilməz. Əgər Peyğəmbərimizin bizim əməllərimizdən xəbəri olmayacaqsa, sözlərimiz ona çatdırılmayacaqsa və o da adi insanlar kimi vəfat etmişdirsə, onda ayədəki: "Peyğəmbər də sizə şahid olsun..." - ifadəsi necə başa düşülməlidir.

Deməli, bizim: "Şəfaət, ya Rəsulullah!" - sözlərimiz Ona (əsm) çatdırılır.

İddia:
Həqiqətdə günahkarları bağışlayan Allahdır. Şəfaət də Allahın icazəsinə bağlıdır. Bağışlayan Allahdırsa, qullarını istədiyi an bağışlaya bilər. Onda şəfaətə nə ehtiyac var?

Cavab:
Şəfaət saleh bir qulun günahkar bir qulun bağışlanması üçün Allaha (cc) dua etməsidir. Əgər duası qəbul olunsa, onun digərinə şəfaət etdiyi deyilər. Əgər duası qəbul olunmasa, "Filankəs filankəsə şəfaət etdi, amma duası qəbul olunmadı", - deyilər.

Onsuz da Cənab-ı Haqq bir qisim qullarını şəfaətə ehtiyac olmadan bağışlayacaqdır. Başqalarının bağışlanmasına şəfaəti vəsilə etməsinin bəzi hikmətləri aşağıdakılardır:

- Peyğəmbərlər, şəhidlər, saleh bəndələr onlara başqaları üçün şəfaət etmə icazəsi verilsin deyə dünyada çox çalışmış, ibadət etmiş və yaxşı işlər görmüşlər. Onlara şəfaət etmə icazəsinin verilməsi də bu xeyir əməllərinin qarşılığı olaraq veriləcəkdir. Necə ki bəzi əməllərin qarşılığı Cənnətdir, eləcə də bir sıra işlərin mükafatı şəfaət etmə səlahiyyətinin verilməsidir.

- Hədislərdə Quranı əzbərləyənlərin və şəhidlərin şəfaət etmə səlahiyyətinə malik olacaqları xəbər verilmişdir. Bu xəbəri eşidən hər kəs bu səlahiyyəti qazanmaq üçün Cənab-ı Haqqın kəlamını əzbərləməyə, onunla yaşamağa, şəhidlik dərəcəsinə yüksəlməyə, dini və vətəni uğrunda canından keçməyə tələsər. Şəfaət etmə dərəcəsinin varlığı müsəlmanları belə xeyirli işlərə təşviq etməkdədir.

- Şəfaət etmə dərəcəsinin olması insanlar arasında bir-birinə və Allah dostlarına, alimlərə qarşı məhəbbəti artırır. Şəfaətə inanan bir müsəlman: "Filan alim mənə şəfaət edər", - düşüncəsi ilə ona tabe olar, onu Allah üçün sevər. Şəfaətə inanan bir müsəlman başqalarının da ona şəfaət etməsi üçün yaxşı biri olmağa çalışar. Beləcə, ümmət içində mehribanlıq və məhəbbət artar... 

Şəfaətin varlığının bu kimi bir çox hikmətləri ola bilər.

Şəfaəti inkar edənlərin on altı iddiasının cavablarını paylaşdıq. Daha ətraflı məlumat almaq üçün bu cavabları hazırlayarkən Sinan Yılmazın həddindən çox yararlandığımız Şefaat əsərinin 11-36-cı bölümlərinə baxıla bilər.

Gəlin şəfaəti inkar edənlərin iddialarının cavablarını burada yekunlaşdıraq və aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəyə keçək...