Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən digər dəlillər...

Şəfaət saleh bir qulun günahkar bir qulu Allahın bağışlaması üçün ona dua etməsidir. Əgər duası qəbul edilsə: "Filan bəndə filan bəndəyə şəfaət etdi", - deyilər. Əgər qəbul edilməsə: "Filan qul şəfaət etmək istədi, lakin duası qəbul edilmədi", - deyilər. Hər şəfaətin qəbul edilməsi mütləq deyildir: Allah istədiyini qəbul edər, istədiyini rədd edər.

Sözün özü, şəfaət başqasının günahlarını bağışlatmaq üçün Allaha dua etməkdir. Bunun başqa mənası yoxdur. Gəlin görək Quranda başqasının günahlarını bağışlatmaq üçün Allaha dua etmək barədə nə buyurulur?

Mumin surəsinin 7-ci ayəsində belə buyurulmuşdur: "Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər..."

Ayəyə diqqət edək: mələklər nə edirlərmiş? Möminlərin bağışlanmaları üçün dua edirlərmiş. Necə dua etdikləri ayənin davamında bildirilir: "... Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!"

Mələklər nəfsə sahib olmadıqlarından öz başlarına qərar verə bilməzlər. Deməli, onlara belə dua etməyi Rəbbimiz öyrətmişdir. Bəs möminlərin bağışlanmasında bu şəfaətin rolu olmayası idisə, Rəbbimiz bu duanı niyə onlara ilham etsin və niyə eyni duanı axirətdə də etmələrinə mane olsun?

İndi şəfaəti inkar edənlərdən soruşuruq: Quran bu dünyada mələklərin möminlərin əfvi üçün dua etdiklərini bildirmişdir. Niyə onların axirətdə də möminlərə dua edə biləcəyini inkar edirsiniz? Biz: "Mələklər axirətdə şəfaət edəcək", - deyərək onların axirətdə də möminlərin bağışlanmaları üçün dua edəcəyini nəzərdə tuturuq. Bunun harası şirkdir və nəyi Qurana ziddir? Mələklərin bu dünyada şəfaət etməsi ilə axirətdə şəfaət etməsi arasında nə fərq var? 

Muhəmməd surəsinin 19-cu ayəsində belə buyurulmuşdur: "... Həm öz günahlarının, həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə..."

Ayədə Peyğəmbərimizə mömin kişilər və qadınların bağışlanmaları üçün du etməsi - yəni şəfaət etməsi əmr edilmişdir. Bu duanın heç bir faydası olmayacaqdısa, niyə bunu Allah əmr edib? Yoxsa, Allah boş şeyləri də mi (haşa) əmr edir?

Şəfaət birinin bağışlanması üçün Allaha dua etməkdir. Baxın, hətta şəfaət dünyada belə var. Əgər şəfaəti qəbul etməsək, bu ayəni də inkar etməliyik. Üstəlik bu ayə tək deyildir. Quranın bir çox yerində (Ali İmran, 3/159: Mümtəhinə, 60/12; Nisa, 4/64) də bizə Peyğəmbərimizin şəfaət etməsini əmr etmişdir.

İndi də digər peyğəmbərlərin Allahdan əfv tələb etmələrini, yəni şəfaət etmələrini görək:

Məryəm surəsinin 47-ci ayəsində belə buyurulmuşdur: "(İbrahim atasına) belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm..."

Bu ayədə də İbrahimin (əs) öz atası Azər üçün şəfaət etdiyi bəyan edilmişdir. Lakin atası kafir olduğundan, Allah onun şəfaətini qəbul etməmişdir.

Yusif surəsinin 98-ci ayəsində belə buyurulmuşdur: "(Yaqub öz oğullarına) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm..."

Bu ayədə də Hz. Yaqubun öz övladlarının bağışlanması üçün Allaha dua etməsi, yəni şəfaət etməsindan xəbər verilmişdir.

Çox maraqlıdır, şəfaəti inkar edənlər bu ayələri heç görmürlərmi? Xeyr, görürlər. Lakin şəfaətə yanlış mənalar (məsələn, şəfaətin Cənnətdə dərəcələri artırma olduğunu deyirlər) yükləyərək bu ayələri şəfaətə dəlil saymırlar. Onların bu yanlış iddialarının cavablarını sonrakı səhifədə görəcəyik.

Bütün bu ayələrdə başqasının əfv edilməsi üçün dua etmənin, yəni şəfaət etmənin dünyada caiz olduğundan, mümkün olduğundan bəhs edilir. Hələ bu dünyada belə mümkün olan bir şey axirətdə niyə mümkün olmasın?

Şəfaətin haqq olduğuna dair daha bir çox ayələr var. Hamısını burada nəql etmə ehtiyacı hiss etmədik. Daha ətraflı məlumat üçün buraya tıklayın...

Gəlin şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz digər dəlilləri burada yekunlaşdıraq və qarşı tərəfin iddialarının cavablarına keçək...