Təbərrükün yanlış olmadığına dair Quran-i Kərimdən birinci dəlil...

Bəqərə surəsinin 246-251-ci ayələrində İsrailoğullarının bir qissəsindən bəhs olunur. Bu qissənin qısa məzmununu nəql edək:

Hz. Musadan sonra yaxşıca korlanmış olan İsrailoğulları onlara göndərilmiş peyğəmbərin yanına gələrək belə dedilər: "Allah bizim başımıza bir hökmdar göndərsin, Allah yolunda cihad edək". Onların bu istəklərindən sonra Allah hökmdar olaraq Talutu İsrailoğullarına göndərir. Lakin Talut kasıb olduğundan İsrailoğulları onu hökmdar olaraq görmək istəmirlər və peyğəmbərlərinin yanına gəlirlər. Peyğəmbərləri onlara: "Talutun hökmdarlığının dəlili sizə bir sandığın gəlməsidir", - deyir.

Gəlin bu sandıq haqqındakı ayə üzərində bir təhlil aparaq. Bəqərə, 2/248 ayəsində belə buyurulmuşdur: ف۪يهِ سَك۪ينَةٌ مِنْ رَبِّكُمْ Onda Rəbbinizdən bir səkinə vardır.

Səkinə - salamatçılıq, feyz, bərəkət kimi mənalara gəlir. Yəni o sandıqda Rəbbimizdən gəlmiş bir sakitlik, bərəkət vardır.

Bütün bu izahlardan sonra təbərrükün (əşyadan bərəkət ummanın) caiz olmadığını deyənlərə bəzi suallarımız var:
  1. Sizlər əşyalarda bərəkət ola biləcəyini inkar edirsiniz. Bəs Bəqərə surəsinin 248-ci ayəsini oxumamısınızmı?
  2. Yoxsa, əşyada bərəkətin ola biləcəyini ağlınıza sığışdırmırsınız? Onda gözünüzü açıb ətrafa baxın: buludlar yağış üçün bir vasitə deyilmi, qoyunlar süd üçün bir vasitə deyilmi, torpaq məhsul üçün bir vasitə deyilmi? Niyə əşyalar da eynilə İsrailoğullarının sandığı kimi bərəkətə vasitə olmasın? Allah əşyalara bərəkət qoymaqdan (haşa) acizdirmi?
  3. Peyğəmbərimizin mübarək saqqalını ziyarət edənləri tənqid edir, bunun Qurana zidd olduğunu deyirsiniz. Görəsən, aləmlərə rəhmət olaraq göndərilmiş bir peyğəmbərin vücudunun bir hissəsinin - saqqalının Allah qatında bir odun parçası olan sandıq qədər dəyəri yoxdurmu? Sandığa səkinə verən Rəbbimiz saqqal-i şərifə niyə bərəkət verməsin?
Bunu bilin ki, bizim üçün Peyğəmbərimizin saqqalı o sandıq kimidir: bərəkəti saqqaldan yox, saqqal-i şərif vasitəsilə Allahdan istəyirik...

Gəlin təbərrükün yanlış olmadığına dair Quran-i Kərimdən birinci dəlilimizi yekunlaşdıraq və ikinci dəlilimizə keçək...