Təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən ikinci dəlil...

Nisa surəsinin 64-cü ayəsində belə buyurulmuşdur: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər".

Ayədə: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlsə idilər..." - buyurulmuşdur. Bunun mənası nədir? Bunun mənası"Onlar özlərinə zülm etdikləri zaman dərhal sənə təvəssül etsə idilər..." - deyilmi? Bəli, Peyğəmbərə təvəssül etməyəcəklərsə, niyə günah etdikləri zaman onun yanına getsinlər? Çay içib söhbət etmək üçün? Ayənin bu hissəsi açıq bir şəkildə təvəssülün caiz olduğunu göstərməkdədir. Təvəssül - insanın Allah ilə arasına öz arzusuna nail olması üçün saleh bir bəndəni qoymasıdır. Onlar da tövbələrinin qəbul olması üçün Peyğəmbəri Allah ilə aralarında vəsilə edirdilər.

Üstəlik, onların tövbələrinin qəbul olması üçün ayədə üç şərt qoyulur:
  • Birincisi, Peyğəmbərin yayına getmələri, yəni ona təvəssül etmələri (Yusif, 12/97 ayəsində olduğu kimi)
  • İkincisi, Allahdan əfv istəmələri
  • Üçüncüsü, Peyğəmbərin onların təvəssül istəklərini qəbul etməsi və onlar üçün Allahdan əfv istəməsi (Yusif, 12/98 ayəsində olduğu kimi)
Bütün bu izahlardan sonra təvəssülün şirk olduğunu deyənlərə bəzi suallarımız var:

  1. Təvəssül caiz olmasa idi, ayədə günah edən müsəlmanların Peyğəmbərimizə təvəssül etmələri əmr olunardımı?
  2. Yoxsa, sizə görə: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlsə idilər..." - sözünün mənası təvəssül deyilmi? Əgər bu təvəssül deyilsə, "Peyğəmbər də onlar üçün əfv istəsəydi..." - hissəsi nə üçündür?
  3. Təvəssül şirkdirsə, bunun cəzası Cəhənnəm olmalıdır. Lakin bu təvəssülün sonunun Allahın əfvi və məğfirəti olacağı bildirilir. Allah şirkə mükafatmı verir?
  4. Təvəssülün şirk olduğunu deyirsiniz, bəs Allah: "Peyğəmbər də onlar üçün əfv istəsəydi", - buyuraraq Peyğəmbərdən şirkə razılıq göstərməsini istəyib? Sizin Allah haqqındakı təsəvvürünüz budur?
Gəlin təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz ikinci dəlili burada yekunlaşdıraq və üçüncü dəlilimizə keçək...