Hurilərin söhbət yoldaşı olacağını iddia edənlərə cavab və Cənnətdə kişilərə hurilərin veriləcəyinin dəlilləri...

Hurilərin söhbət yoldaşı, dost kimi veriləcəyini iddia edənlər bu sözün kökü ilə, "havari" (İsa peyğəmbərin dostları) sözünün kökünün eyni olduğunu, havarilərin qadın olmadıqlarını, beləliklə də, hurilərin həm kişilərə, həm də qadınlara söhbət yoldaşı olaraq veriləcəyini iddia edirlər.

Məsələyə bu cür yanaşma heç də doğru deyildir. "Huri" sözünün də, "havari" sözünün də "havər" kökündən əmələ gəlməsi onların eyni şey olduğunu göstərir? Ya da bir şeyin nə olduğunu aydınlaşdırmaq üçün onun lüğəvi mənasına baxmaq lazımdır?

Bildiyimiz kimi, sözlər həm lüğəvi mənaya, həm də istilahi (termin) mənasına sahib ola bilər. Dini mətnləri, xüsusən də Quranı doğru anlamaq üçün sözlərin əksər hissəsinin terminoloji mənasına baxmaq lazımdır. Əks halda ilahi əmrləri doğru başa düşmək mümkün olmaz. Məsələn, "salat" sözünün dəstək, dua mənaları var. Sadəcə lüğətə baxsaq, bu sözün dua mənasına gəldiyini düşünə bilərik. Halbuki "salat" sözünün termin olaraq mənası namazdır. Deməli, Allahın namazı əmr etdiyini başa düşmək üçün lüğətə baxmaq yox, bu sözün terminoloji mənasına baxmaq lazımdır. 

Havari sözünün termin olaraq mənası İsa peyğəmbərə dəstək olan, onun seçdiyi on iki nəfərdir. Huri sözünün isə terminoloji mənası isə Cənnətdə kişilərə veriləcək olan qadınlardır.

Göründüyü kimi, iki sözün də eyni kökdən gəlməsi onların termin kimi fərqli məna verməsinə mane deyildir. Bunu daha yaxşı başa düşməyimiz üçün (əksər oxucularımızın ərəbcə bilmədiyini nəzərə alaraq) Azərbaycan türkcəsində bir nümunə verək:

Kök sözünün bir mənası dolu bədənli, şişman adamdır. Eyni zamanda kök sözünün sarı, sarı-qırmızı rəngli tərəvəz mənası da vardır. Bunlar kök sözünün lüğəvi mənalarıdır. Kök sözü dilçilikdə termin kimi istifadə olunur: sözün kökü. Sözün kökü həmin sözün ayrılıqda məna verən hissəsinə deyilir. Məsələn, kitablar sözünün kökü "kitab"dır. Kök sözündən riyaziyyatda da termin olaraq istifadə edilir: ədədin kvadrat, kub, dördüncü dərəcədən və s. kökü. Məsələn, 25 ədədinin kvadrat kökü 5-dir. Çünki 5 x 5 = 25. 36 ədədinin kvadrat kökü 6-dır. Çünki 6 x 6 = 36 və s. Əlavə məlumat üçün buraya baxa bilərsiniz.

Yuxarıdakı izahlardan sonra bu nəticəyə gəlmək olar:

Kök sözü bir dənədir. Mənaları isə birdən çoxdur. Bu sözün lüğəvi mənaları:
  1. Dolu bədənli, şişman adam
  2. Sarı, sarı-qırmızı rəngli tərəvəz
Kök sözünün termin olaraq mənaları:
  1. Dilçilikdə: Sözün müstəqil məna daşıyan hissəsinə sözün kökü deyilir.
  2. Riyaziyyatda: n vahiddən fərqli natural ədəd olduqda , n-ci qüvvəti a-ya bərabər olan ədədə a ədədinin n-ci dərəcədən kökü deyilir.
Havər sözü bir dənədir. Bu sözün lüğəvi mənaları:
  1. Ağ rəngdə olmaq
  2. Yaxşıca bəyazlatmaq
Havər sözünün formalarının termin olaraq mənaları:
  1. Huri şəklində: Cənnətdə kişilərə veriləcək olan qadınlardır.
  2. Havari şəklində: İsa peyğəmbərə inanan və İsa (əs) tərəfindən seçilmiş on iki şəxs.
Deməli, kök sözü bir dənədir. Bu sözün özünün bir sıra mənaları vardır. Termin olaraq da bir neçə fərqli mənası vardır. Kök sözünün lüğəvi mənaları onun terminoloji mənalarına təsir etmir, yəni, sözün kökü deyildiyi zaman sözün şişman olanı yox, sözün müstəqil məna daşıyan hissəsi nəzərdə tutulur.

Eyni şəkildə havər sözü bir dənədir. Bu kökdən törəmiş sözlərin isə bir neçə lüğəvi mənası vardır. Bu sözün müxtəlif formalarının termin kimi də bir neçə fərqli mənası vardır. Havər sözünün lüğəvi mənaları onun terminoloji mənalarına təsir etmir. Bir termin kimi daşıdığı məzmun (havari) digər terminoloji mənasına (huri) da təsir etmir.

İnanırıq ki, anlaşılan üslubla nümunələr göstərərək hurilərin söhbət yoldaşı olduqlarını və havarilərə bənzədiklərini deyənlərin iddialarına cavab vermiş olduq. 

İndi isə hurilərin sadəcə kişilərə və şəhəvi hislərinə görə veriləcəyinin dəlillərini paylaşaq:

Dəlil 1:
Duxan surəsinin 54-cü ayəsində belə buyurulmuşdur: "Onları iri gözlü hurilərlə evləndirəcəyik".

Ayədəki onları evləndirəcəyik (زَوَّجْنَاهُم) ifadəsindən anlaşılır ki, hurilər söhbət yoldaşı olaraq verilməyəcəkdir. Onları şəklində tərcümə olunan (هُم) sözü Ərəb dilində kişilər üçün istifadə olunur. Ayrıca, hurilərin iri gözlü (عِينٍ) olduğu bildirilir. Allah niyə söhbət yoldaşının və ya dostun iri göslü olmasındah bəhs etsin? Deməli, iri gözlü və onları evləndirəcəyik ifadələri birlikdə təhlil etsək, bu nəticəyə gələrik ki, Cənnətdə kişilərə hurilər veriləcəkdir. Hər halda evləndikdən sonra bacı-qardaş həyatı yaşamayacaqlar...

Dəlil 2:
Hurilərdən çox incəliklə bəhs edilməsi də onların sıravi söhbət ortaqları olmadıqlarını isbat edər. Belə ki, Vaqiə surəsinin 22-23-cü ayələrində belə buyurulmuşdur: "İri gözlü, qəşəng hurilər də vardır. Sanki sədəf içində gizlənmiş incidirlər". Hurilərin sədəf içindəki incilərə bənzədilməsi, əlbəttə ki, onlara olan marağı artırmaq üçündür. Onda, onlar sıravi dostlar deyildirlər.

Saffat surəsinin 48-49-cu ayələrində belə buyurulmuşdur: "Onların yanında gözəl, baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (heç bir əl dəyməmiş) yumurtadırlar". Bu ayədə də Cənnətdəki hurilərdən incəliklə söz açılmışdır. Deməli, onlar elə-belə dostlar deyildirlər.

Bunlarla bərabər hurilərin bakirə olduqlarından (Vaqiə, 56/36), Cənnətdəki ərlərindən daha əvvəl heç bir varlığın onlara toxunmadığından (Rəhman, 55/56, 74) bəhs edilərək onların xüsusi olduqları bildirilmişdir.

Nəbə surəsinin 33-cü ayəsində belə buyuruluşdur: "Sinələri yenicə qabarmış həmyaşıd qızlar..." Ayədəki kəvaib (كَاعِبَ) sözü kaib (كَاعِبَ) sözünün cəm formasıdır. Bir çox reformist ilahiyyatçı tərəfindən bu sözün mənası təhrif edilsə də, bütün alimlər bu sözün döşləri yenicə formalaşmış qızlar mənasına gəldiyi xüsusunda ittifaq etmişdirlər. Buraya  tıklayaraq internetdəki ən əhatəli lüğtdə də bu sözün həmin mənaya gəldiyinin şahidi ola bilərsiniz. 

Bu barədə belə bir iddia da var: Nəbə, 78/31 ayəsində Cənnət nemətlərinin müttəqilər üçün olduğundan bəhs edilir. Müttəqilərə qadınlar da daxildir. Nəbə, 78/33 ayəsinə "sinələri yenicə qabarmış qızlar" mənasını versək, qadınlara da qızların veriləcəyini anlamalıyıq?

Buna cavabımız belədir: Bir supermarket sahibinin belə dediyini düşünün: "Bu gün müştərilərimizə çoxlu şalvarlar, telefonlar, sırğalar satdıq və onlar sırğaları burada taxıb yoxladılar..." Müştərilərə həm kişilər, həm də qadınlar daxildir. Şalvarlar həm kişilərə, həm də qadınlara satıla bilər. Telefonlar da. Ancaq sırğalar yalnız qadınlara satıla bilər. (Söhbət normal qadın sırğalarından gedir). İndi siz belə düşünə bilərsinizmi ki, "müştərilərə kişilər də daxildir, onda sırğa sözünün başqa mənalarını axtaraq"? Əlbəttə, yox. Çünki məntiqi olan hər kəs sırğa sözünün müştəri adlandırılan insanların qadın olanlarına aid olduğunu anlayar. Eyni şəkildə müttəqilərə həm kişilər, həm də qadınlar daxildir. Lakin Nəbə, 78/33 ayəsi kişilərlə əlaqədardır. Buradakı yazı faydalı ola bilər.

Bütün bu izahlardan sonra - hurilərin xarici görkəmlərinin, gözəlliklərinin belə incə şəkildə təsvir olunduğunun şahidi olduqdan sonra bu nəticəyə gəlirik ki, Cənnətdəki hurilər kişilərə bu dünyada təmiz həyat sürmələri səbəbindən Allah tərəfindən veriləcək olan təmiz və gözəl zövcələrdir.

Dəlil 3:
Burada nəql etdiyimiz dəlillərlə hədislərin də dini bir önəmə sahib olduğu açıqca isbat edilmişdi. Hədislərdə hurilərin varlığından, sadəcə kişilərə veriləcəyindən və söhbət yoldaşı kimi verilməyəcəyindən bəhs edilmişdir. 

Deməli, hurilər kişilərə söhbət yoldaşı kimi yox, şəhvətlərini tətmin üçün veriləcək.

Dəlil 4:
Nisa surəsinin 115-ci ayəsində belə buyurulmuşdur: "Kim ki doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola uyarsa, onu üz tutduğu yolda qoyar və Cəhənnəmə soxarıq. Ora nə pis dönüş yeridir!"

Bu ayənin bəyanı ilə möminlərin yolundan başqa bir yola uymaq haramdır. Haram olan bir şeyi tərk etmək də vacib olduğundan, möminlərin yoluna uymaq vacibdir. Bundan əlavə ayədə müsəlmanlara Cəhənnəmə getmə səbəblərindən ikisi göstərilmişdir. 

  1. Peyğəmbərə qarşı çıxmaq
  2. Möminlərin yolundan başqa yola uymaq
Bildiyimiz kimi Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaq (Nisa, 4/80) sayılacağından, bunun özü Cəhənnəmə getmək üçün yetərli olardı. Əgər möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbi olmasaydı, Peyğəmbərə qarşı çıxmanın yanında yer almazdı. Çünki təkbaşına Cəhənnəmə girməklə təhdid edən bir səbəbin (Peyğəmbərə qarşı çıxmanın) yanında təhdid edəcək dərəcədə ciddi olmayan bir şeyin (möminlərin yolundan başqa yola uymanın) yer alması bəlağət qaydalarına zidd olar və Quranda yersiz fikirin olduğunu göstərərdi. Halbuki Quran bəlağətin bir incisidir və onda yersiz bir hərf belə yoxdur.

Deməli, həm Peyğəmbərə qarşı çıxmaq, həm də möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbidir, möminlərin yolundan başqa yola uymaq - haqqında yekdil bir fikir olan, ümmətin əksər hissəsinin ittifaq etdiyi bir məsələyə müxalifət etmək haramdır.

Ümmət-i Muhəmmədin, demək olar ki, hamısı Cənnətdə kişilərə şəhvətlərini tətmin etmələri üçün hurilərin veriləcəyi xüsusunda ittifaq etmişdir. Onda ümmətin ittifaqı isbat edər ki, Cənnətdə kişilərə hurilər veriləcəkdir.

Gəlin hurilərin söhbət yoldaşı olacağını iddia edənlərə verdiyimiz cavabları və Cənnətdə kişilərə hurilərin veriləcəyinin dəlillərini burada yekunlaşdıraq və aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəyə keçək...