İslamda Hz. Mehdinin (əs) Zühur Etməsinə İnam Vardırmı?

Mehdinin (əs) varlığı, Qiyamətə yaxın zühur edəcəyi qeybə dair bir məlumatdır. Bu halda Peyğəmbərin İmam Mehdinin gələcəyini bildirməsi üçün bu məlumat ona Allah tərəfindən bildirilmiş olmalıdır.

İmam Mehdinin zühur edəcəyini inkar edənlər: "Peyğəmbərimizə qeybə dair məlumatların bildirildiyi ayələrdə İmam Mehdidən bəhs edilmir, Allah bildirməsə, Peyğəmbər qeybi bilə bilməz, o halda Mehdi gəlməyəcək", - deyirlər.

Gəlin Təhrim surəsinin 3-cü ayəsi üzərində bir təhlil aparaq:
"Bir zaman Peyğəmbər öz zövcələrindən birinə gizli bir söz demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” -deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” - deyə cavab vermişdi". (Təhrim, 66/3)
Ayədə bəyan edilir ki, Peyğəmbərimizin bir xanımına söylədiyi gizli bir sözü o xanımının başqa bir xanımına deməsi Allah tərəfindən Peyğəmbərimizə bildirilmişdi. Məlumdur ki, Allahın peyğəmbərlərinə verdiyi məlumatlar, göndərdiyi əmrlərə vəhylər deyilir. O halda Peyğəmbərimizə Allah tərəfndən: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir vəhy gəlmişdir.

Qurana baxdığımız zaman: "Ey Peyğəmbər! Xanımına dediyin gizli sözü o, başqa bir xanımına açıqlamışdır", - məzmunlu bir ayəyə rast gəlmirik. Belə bir vəhyin gəldiyi də Təhrim, 66/3 ayəsi ilə sabitdir. O halda bu məlumat Peyğəmbərimizə Quran xaricində bir vəhylə bildirilmişdir.

Deməli, Allah Peyğəmbərimizə bir sıra qeybə dair olan məlumatları Qurandan əlavə vəhylərlə də bildirib. İstanbulun fəthini xəbər verməsi, Qiyamət əlamətlərini bildirməsi və s. bu qəbildəndir.

Burada bir sual yaranır: Allah Qurandan əlavə göndərdiyi vəhyləri də Quran kimi qorumuşdur?

Bu vəhylərin qorunmadığına dair Quranda bir dəlil olmamaqla birlikdə, əksinə qorunduğuna dair işarələr vardır. Belə ki, "Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 15/9) ayəsində qorunacaq şeyin vəhy edilmiş Quran yox, vəhy edilmiş zikr olduğu bildirilir. O halda Allahın Peyğəmbərimizə bütün vəhy etdiklərinin zikr kateqoriyasına daxil ola biləcəyini desək, yanlış olmaz. Belə olduqda, Qurandan əlavə göndərilmiş vəhylərin də Allah tərəfindən qorunduğu nəticəsi çıxır.

Digər tərəfdən, burada nəql etdiyimiz dəlillər hədislərin də dinin bir parçası olduğunu sübut edir. Quranda İslamın qorunacağı, Allahın nurunun söndürülə bilinməyəcəyi bildirilmişdir. O halda İslamın bir parçası olan hədislər də digər parçalar kimi qorunmuşdur.

Həmin hədislərdə İmam Mehdinin gələcəyi də xəbər verilmişdir.
1. "Mehdi mənim Əhl-i beytimdən, Fatimənin övladındandır". (Əbu Davud) 


2. "Mənim ümmətimdə Mehdi vardır. Çıxıb beş, yeddi və ya doqquz (il) yaşayacaqdır". (Tirmizi)
Bunu başa düşə bilmirik ki, niyə Mehdinin gəlişi Qurana zidd olsun? Quranda və sünnətdə İmam Mehdinin gəlməyəcəyinə dair heç bir dəlil yoxdur. Əksinə, hədislərdə onun gələcəyinə dair dəlillər var və Quranda Təhrim, 66/3 ayəsi isbat edir ki, Qurandan əlavə vəhylərlə Peyğəmbərimizə qeybə dair məlumatlar bildirilib.

Digər bir tərəfdən ümmətin hamısına yaxını İmam Mehdinin gələcəyi xüsusunda ittifaq etmişdir və burada paylaşdığımız dəlillər də ümmətin yanlış bir məsələdə ittifaq etməyəcəyini sübut edir. Deməli, həm sünnətə, həm də icma-i ümmətə görə Mehdi (əs) gələcəkdir.


İmam Mehdinin Gələcəyini İnkar Edənlərin İddiaları

İddia:
İmam Mehdinin gələcəyinə inanmaq müsəlmanları tənbəlləşdirir.

Cavab:
Bu iddia bütün ümmətə bir iftiradır. İslam tarixinə baxıldığı zaman iddianın nə qədər yanlış olduğu ortaya çıxar. Bir nümunə verməklə kifayətlənəcəyik: Səlahəddin Əyyubi İmam Mehdinin gələcəyinə inanırdı. Lakin Qüdsü azad etmək əvəzinə: "Onsuz da Mehdi (əs) gəlib ümməti xilas edəcək, Qüdsdən mənə nə?" - demədi və oranı düşmən tapdağından azad etdi.

İddia:
İmam Mehdinin gələcəyinə inansaq, çoxlu yalançı Mehdilər çıxa bilər.

Cavab:
Tarix boyu yalançı peyğəmbərlər çıxmışdır və çıxacaqdır. Belələrinə görə əsl peyğəmbərləri inkar etməliyik? Əlbəttə ki, xeyr. Bəs niyə yalançı Mehdilərin çıxacağını düşünərək həqiqi Mehdini inkar edək? Bu gün dünyada yüzlərlə yalançı Mehdi var. Hansı biri bütün ümmət tərəfindən qəbul edilib? Əsl Mehdini tanıma yolları da hədislərdə bildirilmişdir.

İddia:
Peyğəmbər bu qədər çalışmasına rəğmən az sayda adamı müsəlman edə bildi. İmam Mehdi necə bütün insanları hidayətə qovuşduracaq?

Cavab:
Gəlin elə bu iddianın cavabını Mehdinin gələcəyini inkar edənlərdən biri olan ilahiyyatçı Elşad Miridən dinləyək: "Baxın sizə bir misal deyim: Peyğəmbərimiz özü ilk dəfə Məkkədə on üç il ərzində başladır, on üç il ərzində Peyğəmbərin vasitəsilə İslama gələnlərin sayı, bir də bir il ərzində Peyğəmbərimiz öz səhabəsi Musab b. Üməyri Mədinəyə göndərir, indiki Mədinəyə, həmin o Musab b. Üməyrin, onun vasitəsilə İslama gələnlərin sayının çoxluğu Peyğəmbərin vasitəsilə İslama gələnlərdən daha çox idi. Bu, Peyğəmbərin səhv olduğunu, əstəğfirullah, göstərmir. Əksinə, yəni həmin o dəvəti insanlara daha çox çatdırmaq lazımdır". (Bu sözlərin həqiqətən Elşad Miriyə aid olduğunu görmək üçün buraya tıklayın).

Elşad Mirinin bu sözləri də göstərir ki, İmam Mehdinin Peyğəmbərdən daha çox insanın hidayətinə vəsilə olması təəccüb doğurmamalıdır, çünki eynisi daha əvvəl yaşanmışdır: bir il ərzində Musabın (əs) müsəlman etdiyi insanlar on üç il ərzində Peyğəmbərimizin (əsm) müsəlman etdiyi insanlardan daha çox idi.

İddia:
Buxarinin və Müslimin səhihlərində İmam Mehdidən bəhs olunmur. Deməli, o gəlməyəcək.

Cavab:
İmam Buxarinin özü bütün səhih hədislərin onun kitabındakı hədislərdən ibarət olmadığını bildirmişdir. Eyni şey İmam Müslim üçün də keçərlidir. Digər hədis kitablarında İmam Mehdidən bəhs olunması, bu hədislərin mütəvatir səhih olması onun gələcəyini isbat etmək üçün kifayətdir.