Ölünün arxasınca Quran oxuyub savabını ona bağışlamağın Qurana zidd olmadığının dəlilləri...

Əvvəlcə bir xeyirli işin başqasına faydalı olub-ola bilməyəcəyini və ya başqası üçün xeyirli iş görmənin digərinə bir fayda verib-verməyəcəyini öyrənək. Əlbəttə ki, İslamın əmr etdiyi bir çox gözəl işlər vardır. Bunlardan biri də duadır.

"Əgər duanız olmasa, Rəbbim sizə nə qiymət verər?" (Furqan, 25/77) ayəsi ilə xeyir işlərin başının dua olduğu bildirilmişdir. Buna görə də başqası üçün görülən bir xeyir işin dua olduğunu fərz edək...

Yusif surəsinin 97-98-ci ayələrində belə buyurulmuşdur: "(Oğlanları ona): “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

Ayədə açıqca görünür ki, oğlanları Hz. Yaqubdan onlar üçün dua etməsini xahiş etmiş, Hz. Yaqub da onlara: "Belə olmaz, heç kimin xeyri başqasının əməl dəftərinə yazıla bilməz, gedin özünüz dua edin!" - deməmiş, onlar üçün Allaha dua etmişdir.

İbrahim surəsinin 41-ci ayəsində belə buyurulmuşdur: "Ey Rəbbim! Haqq-hesab çəkilən gün (Qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!"

Ayədə Hz. İbrahimin etdiyi duanın bir hissəsi çatdırılmışdır. Buradan aydın olur ki, Hz. İbrahim: "Hər kəs öz hesabını ayrıca verər, heç kimin xeyri heç kimə fayda etməz", - şəklində düşünməmiş, digərləri üçün də dua etmişdir.

Həşr surəsinin 10-cu ayəsində belə buyurulmuşdur: "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla..."

Bu ayədə də başqası üçün dua etmənin faydalı olacağından bəhs edilmişdir. Çünki bu davranış yersiz olsa idi, Quranda anılmaz və ya bu davranışdan bəhs edildikdən sonra onun yanlışlığı vurğulanardı. Madam ki vəfat etmiş insanlar haqqında xeyir-dua etmək Quranda anılmışdır və onun yanlış davranış olduğu bildirilməmiş, əksinə yuxarıdakı ayələrlə də dəstəklənmişdir, onda həm diri üçün, həm də vəfat etmiş insanlar üçün dua etmək faydalıdır.

Deməli, ölü üçün dua etmək ona fayda verir. Bəs ölü üçün Quran-i Kərim oxumanın faydası vardırmı?

Burada hədis-i şəriflərə etibar etmənin Qurana zidd olmadığını, əksinə səhih hədislərin bir dini dəyərə sahib olduğunun dəlillərini paylaşdığımızdan bu mövzu haqqındakı hədisləri nəql edirik:
"Yasin surəsi Quranın ürəyidir. Onu kimsə oxuyar və Allahdan axirət səadəti arzulayarsa, Allah onu məğfirət edər. Yasini ölülərinizin üzərinə oxuyun". (Müsnəd, 5/26)
"Kim atasının və ya anasının və ya bunlardan birinin qəbrinə cümə günü baş çəkərək orada Yasin surəsini oxusa, Allah qəbir sahibini bağışlayar". (İbni Macə)
Din xüsusunda şəriət sahibi edilmiş Hz. Muhəmmədin (əsm) hədis-i şəriflərindən aydın olur ki, ölüyə Quran oxumaq onun üçün faydalıdır.

Bütün bu izahlardan sonra ölünün arxasınca xeyir iş görüb savabını ona bağışlamağı Qurana zidd görənlərə bəzi suallarımız var:
  1. Siz heç Yusif surəsinin 97-98-ci ayələrini, İbrahim surəsinin 41-ci ayəsini, Həşr surəsinin 10-cu ayəsini və bənzərlərini oxumamısınızmı?
  2. Yoxsa, oxuduğunuz halda anlamamısınızmı?
  3. Olmaya, anladığınız halda camaatı aldatmağa çalışırsınızmı?
  4. Bəlkə, "Ölünün arxasınca dua etmək olar, lakin Quran oxumaq olmaz", - deyirsiniz? Bu sözünüzlə həm məntiq xətasına düşdüyünüzün, həm də dini baxımdan səhv etdiyinizin fərqində deyilsinizmi? 
  5. Allah Quran haqqında ən gözəl söz (Zümər, 39/23) demişdir. Bu o deməkdir ki, Kitabullah istənilən duadan daha ucadır. Siz isə dəyəri Qurandan daha az olan duanın ölüyə fayda verəcəyini deyir, ən gözəl söz olan - dəyəri istənilən duadan qatbəqat artıq olan Quranın isə ölüyə fayda verməyəcəyini deyirsiniz. Bu sözlərinizlə Qurana iftira atdığınızın və ilahi kəlamı bəşər sözlərindən daha aşağı səviyyədə tutduğunuzun fərqindəsinizmi?
Gəlin ölünün arxasınca Quran oxuyub savabını ona bağışlamağın Qurana zidd olmadığının dəlillərini burada yekunlaşdıraq və qarşı tərəfin iddialarına verdiyimiz cavablara keçək...